Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1049/2022 01.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 300 (üç yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 330.40 (üç yüz otuz manat, qırx qəpik) manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə hərəkət edən zaman yolhərəkəti qaydalarını pozmuş, nəticədə, “X10” markalı 99 SK283 dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “X10” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə 300 (üç yüz) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221130 saylı xx.xx.2022-ci il tarixli, Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 300 (beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri sadalanır və sürücünün hansı sənədləri özündə saxlamalı olduğu göstərilir. Həmin qanunun 37-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, sürücü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini) və.s. sənədləri özündə saxlamalıdır. Qanunun tələbindən aydın olur ki, əgər ər-arvad birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət hesab olunmasına razıdırlarsa, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmamışdırsa, nikah dövründə əldə edilmiş əmlakın ümumi mülkiyyət olmasını təsdiq edən, notariat orqanı tərəfindən verilmiş nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” adlanan 332-ci maddəsinin birinci bəndindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cəmiyyətdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai İX-35” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus sənədlərin surətindən görünür ki, avtomobilin mülkiyyətçisi yəni, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” X3r. Cavabdeh isə avtomobili idarə etmək üçün mülkiyyətçi tərəfindən heç bir etibarnamə verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsinin qeyd hissəsində xüsusilə vurğulanır ki,Bu Məcəllənin 96.1.1- ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Cavabdeh hadisə vaxtı “Hyundai İX-35” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Eyvazov X8 MR, Naxçıvan şəhəri, Əlincə, ev 1 A, mənzil 18 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 07 oktyabr 2022-ci il tarixli, e-2(078)-1049/2022 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbinə qarşı hər hansı etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İAS221130 nömrəli sığorta ödənişi aktından görünür ki, X6 məxsus 99SK283 dövlət qeydiyyat nişanlı "X10" markalı avtomobilə vurulmuş ziyana görə "xxxx" ASC tərəfindən 300 (üç yüz) manat sığorta ödənişi edilməlidir. İş materiallarına əlavə olunmuş 18 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Rabitə Bank ASC vasitəsilə X7 məxsus hesaba 300 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X5 arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5000 (beş min) manat məbləğində sığortalanmış, 75 manat məbləğində sığorta haqqı ödənilmişdir. İş materiallarında olan 12 may 2022-ci il tarixli qüsur aktından görünür ki, “X10” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 300 (üç yüz) manatdır. İddia ərizəsinə əlavə olunan və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli, AZ-İ seriyalı, 773522 nömrəli nikah haqqında şəhadətnamədən Cavabdeh ilə X1 arasında 27 iyun 2012-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 505 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı arvadın özünə ərin soyadını, yəni “Eyvazova” soyadını seçməsi; İş materiallarında olan 05 may 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 may 2022-ci il tarixdə “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini nikah haqqında şəhadətnamə əsasında idarə edən Cavabdeh araməsafəsi qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta nəticəsində X6 maddi ziyan vurulmuşdur. İş materiallarında olan 988442 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir, həmin şəhadətnamə 26 sentyabr 2017-ci il tarixdə verilmişdir və qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi olmuşdur. İş materiallarında olan 05 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilən maddənin tələbindən də göründüyü kimi subroqasiya hüququ şəxsə qarşı o halda yaranır ki, həmin şəxsin sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmasın. Lakin iş materiallarında olan nikah haqqında şəhadətnamədən də görünür ki, Cavabdeh “Hyundai İX- 35” markalı ** UH *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X2 əridir. İş materiallarında olan 988442 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin nəqliyyat vasitəsi onlar birgə nikahda olduqları müddətdə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi “Hyundai İX- 35” markalı ** UH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh və onun arvadı X2 ümumi birgə mülkiyyətidir. Cavabdeh onunla arvadının birgə mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək və istifadə etmək hüququ vardır və bunun üçün etibarnamə mövcud olmalı deyildir. İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” adlanan 332-ci maddəsinin birinci bəndindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi 05 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi ilə təqsirli bilinməsi və onun barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Belə olan halda həmin maddənin tələbinin ona istinad edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə vaxtı iddiaçı tərəfin iddia etdiyi kimi avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması hazırki iddia tələbinin təmin edilməsinə əsas vermir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh “Hyundai İX-35” markalı ** UH *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadan idarə etməmişdir. Onun həmin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmuşdur. Ona görə də ona qarşı subroqasiya tələbi irəli sürülə bilməz. Yekunda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1049/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1049/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver