Məhkəmə qərarları › İş №e-2(078)-1100/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1100/2025

22.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1100/2025 22.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçılar İddiaçı1, X1, X2, İddiaçı5, İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və X3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi:

1. İddiaçılar İddiaçı1, X1, X2, İddiaçı5, İddiaçı4 cavabdeh cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir.

4. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə 100 manat dövlət rüsumu ödənilməsi barədə ********** nömrəli qəbz əlavə olunsa da, ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(108)-90/2025 sayılı qərardadından görünür ki, iddia ərizəsi verilərkən İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (təyinatı: Naxçıvan Şəhər Məhkəməsi, büdcə təsnifat kodu: 14221301, qəbz nömrəsi: **********) onun özünə geri qaytarılmışdır.

7. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(108)-90/2025 sayılı qərardadının surəti iddiaçının yazılı müraciəti əsasında ödənilmiş dövlət rüsumunun qaytarılması üçün Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli məktubu ilə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan şəhər Vergilər İdarəsinə müraciət olunmuşdur.

8. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə müraciət edərkən, əvvəlki iddianı qaldıran zaman ödədiyi və məhkəmənin ona geri qaytarıması barədə qərar qəbul etdiyi dövlət rüsumunu deyil, yeni dövlət rüsumu ödəməklə məhkəməyə müraciət etməli idi.

9. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə müraciət olunarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinin tələbinə də riayət edilməmişdir.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) İddia ərizəsinə əlavə edilir.

11. İddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilmiş sənədlərdən görünür, iddia ərizəsi digər iddiaçıların adından İddiaçı1 tərəfindən imzalansa da, İddiaçı5 iddiaçıya belə bir səlahiyyət verməsi təqdim edilmiş sənədlərdən görünmür.

12. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1 və 69.1-1-ci maddəsinə əsasən, Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir(69.1); Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1).

13. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (73.1); Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir (73.2).

14. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

15. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, X1, X2, İddiaçı5, İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və X3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. (Qeyd: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə elektron qaydada təqdim edildiyindən, onların poçt vasitəsilə qaytarılmasına ehtiyac yoxdur.

17. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçılar İddiaçı1, X1, X2, İddiaçı5, İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və X3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hаkim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar