Məhkəmə qərarları › İş №e-2(078)-1276/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1276/2023

23.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1276/2023 23.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın-mənzilin (9/10 hissə ilə İddiaçı və 1/10 hissə ilə Cavabdeh məxsus olan) naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, ünvan 1 ünvanındakı daşınmaz əmlakın (mənzilin) iddiaçının mərhum həyat yoldaşı X2 miras olaraq qaldığını, X3 vərəsələrinin- 1. İddiaçı; 2. X5; 3. X4;

4. X6 və 5. Cavabdeh olduğunu, vərəsələrdən Cəfər Qasımovun, Cəmilə Qasımovanın və Cavid Qasımovun iddiaçının xeyrinə paylarından imtina etdiklərini, ünvan 1 ünvanındakı daşınmaz əmlak (mənzil) mərhum Sücayət Qasımovun adına sənədləşdirilsə də, həmin mənzil iddiaçı ilə birgə nikahda olduqları zaman alındığından (əldə edildiyindən) onların birgə mülkiyyəti sayıldığını, bu səbəbdən də, həmin daşınmaz əmlakın (mənzilin) 9/10 hissəsinin iddiaçının adına qeydiyyata alındığını, 1/10 hissəsinin isə miras qoyan mərhum X3 adında qaldığını, digər vərəsə Cavabdeh faktiki olaraq həmin miras əmlak olan mənzildə yaşamaqla, həmin əmlakı qəbul etdiyini, lakin notariusda vərəsəlik işi açılarkən iddiaçı tərəfdən notariusa dəvət edilsə də, gəlməkdən imtina etdiyini, bu səbəbdən də, miras əmlakın 1/10 hissəsinin miras qoyan mərhum X3 adında qaldığını, hal-hazırda mübahisə predmeti olan ünvan 1 ünvanınındakı daşınmaz əmlakın məhkəmə qərarı ilə naturada (yerində) ayrılması zərurətinin yarandığını, çünki iddiaçının həmin daşınmaz əmlakdakı 9/10 payı ilə bağlı heç bir hüquqlarını həyata keçirə bilmədiyini, miras əmlakı faktiki qəbul edən digər vərəsə Cavabdeh isə məqsədli şəkildə mirası notariat orqanında adına qeydiyyata aldırmayaraq, iddiaçının hüquqlarını pozmağa çalışdığını, cavabdehlə iddiaçı arasında həmin əmlakla bağlı mübahisə mövcud olduğunu, həmin əmlaklar naturada ayrılandan sonra artıq iddiaçının cavabdehlə istər hüquqi, istərsə də faktiki olaraq bütün mübahisələrinə son qoyulacağını, buna görə də, iddiaçının məcbur qalaraq mübahisə predmeti olan daşınmaz əmlakla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, ekspert rəyinə əsasən naturada bölgünün mümkün olmadığının qeyd olunduğunu, bunları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, ekspert rəyinə etirazının olmadığını, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın və 25 iyul 2023-cü il tarixli, 6889 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.19 kv.m olan mənzil mülkiyyət hüququ üzrə 1/10 hissədə X3, 9/10 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********89-05101-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). AZ-İİ seriyalı, 318194 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X7 27 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 942 nömrəli, 24 iyul 2023-cü il tarixli arayışa əsasən, X3 aşağıdakı vərəsələri vardır:

1. İddiaçı yoldaşı 1969-cu il təvəllüdlü;

2. X5 oğlu 1991-ci il təvəllüdlü;

3. X4 qızı 1992-ci il təvəllüdlü;

4. X6 oğlu 1997-ci il təvəllüdlü;

5. Cavabdeh qızı 1999-cu il təvəllüdlü. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 19 oktyabr 2023-cü il tarixli, 1015 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.19 kv.m olan mənzildən payların naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitdə bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, tərəflər razılıq əldə edə bilmədikdə, əşyanın mülkiyyətçisi evin naturada məhkəmə qaydasında bölünməsini tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı tərəflər öz aralarında razılığa gəlməmişlər. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 19 oktyabr 2023-cü il tarixli, 1015 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.19 kv.m olan mənzildən payların naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitdə bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmini əsasları olmadığından iddia rədd edilməlidir. İddia rədd edildiyinə görə, iddia verilərkən ödənilmiş dövlət rüsumu iş üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar