Məhkəmə qərarları › İş №e-2(078)-1358/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1358/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1358/2025 23.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********32795 “Samsung Galaxy S23”, “X4 XXXL xidməti, X6 2 il xidməti üçün 1176.60 (min yüz yetmiş altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 117.66 (yüz on yeddi manat, altmış altı qəpik) manat cərimə olmaqla ümumilikdə, 1317.86 manat borc və 33.18 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********32795 “Samsung Galaxy S23”, “Samsung Charger”, paket XXXL xidməti, X6 2 il xidməti cavabdeh tərəfindən alınmış və nəticədə 1317.86 (min üç yüz on yeddi manat, səksən altı qəpik) manat borc yaranmışdır.

3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2391.04 (iki min üç yüz doxsan bir manat, dörd qəpik) manat (yəni 18 ay x 127.28 manat + 100 manat ilkin ödəniş) olan İmei kodu **********32795 “Samsung Galaxy S23”, “X4 XXXL xidməti, X6 2 il xidməti üçün ümumilikdə 1317.86 (min üç yüz on yeddi manat, səksən altı qəpik) manat olmaqla ondan 1176.60 (min yüz yetmiş altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 117.66 (yüz on yeddi manat, altmış altı qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1214.44 manat təşkil edir.

4. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

5. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

6. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

8. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli, 03457320 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İmei kodu **********32795 “Samsung Galaxy S23”, “X4 XXXL xidməti, X6 2 il xidməti barədə müqavilə bağlanmışdır.

9. İş materiallarında olan Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hər ayın 29-u olmaqla, hər ay 127.28 manat olmaqla 18 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.

10. İş materiallarında olan 15 aprel 2024-cü il tarixində 03457320 nömrəli təhvil-təslim aktından görünür ki, iş üzrə Cavabdeh İmei kodu **********32795 “Samsung Galaxy S23”, “X4 XXXL xidməti, X6 2 il xidmətini tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.

11. İş materiallarında olan 05 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03457320 nömrəli 15 aprel 2024-cü il malın satın alması müqaviləsinə əsasən Əlavə cədvəlində razılaşdırılmış qaydada aylıq ödənişlər şəklində malın qiyməti tam ödənilməli idi. Buna baxmayaraq, borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericliyi və müqavilənin şərtlərinə əsasən, Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 1176.60 AZN əsas borc, 117.66 AZN dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum ümumilikdə 1317.86 AZN ödənilməmiş borcu mövcuddur.

12. İş materiallarında olan 05 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında İmei kodu **********32795 “Samsung Galaxy S23” telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pulu ödənilmişdir.

13. İş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 17.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 18.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 19.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 20.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 21.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 22.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 23.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 25.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

27. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

28. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

29. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

30. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

31. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

34. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

35. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 15 aprel 2024-cü il tarixli 03457320 nömrəli X2 Müqaviləsi üzrə 1176.60 (min yüz yetmiş altı manat, altmış qəpik) manat əsas borc, 58.83 (əlli səkkiz manat, səksən üç qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 1235.43 (min iki yüz otuz beş manat, qırx üç qəpik) manat borc İddiaçı MMCnin xeyrinə tutulmalıdır.

36. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “Samsung Charger” paketi və “Samsung Galaxy S23” markalı telefonun nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malları cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.

37. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 1176.60 manat əsas borcu tələb etməkdə haqlı olmuşdur.

38. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 117.66 manat tutulmasını xahiş etmişdir.

39. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 58.83 (əlli səkkiz manat, səksən üç qəpik) manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.

40. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat,altmış qəpik) manat rüsumun cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir və iddiaçının sözügedən işlə bağlı əlavə xərci çəkməsi müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir.

41. Belə ki, işə əlavə olunmuş İnnovativ Layihələr Mərkəzi tərəfindən verilmiş təhviltəslim aktında alıcıya verilən malın istifadəsinin mümkünsüz edilməsi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edilməsi, məhdudiyyətin aradan qaldırılması hallarını müəyyən etmək mümkün olmur. Təhvil-təslim aktında sadəcə İnnovativ Layihələr Mərkəzi tərəfindən aparılan əməliyyatların sayı göstərilmişdir.

42. Məhkəmə həmçinin hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 33.18 (otuz üç manat, on səkkiz qəpik) manat dövlət rüsumunun 31.10 (otuz bir manat, on qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 15 aprel 2024-cü il tarixli 03457320 nömrəli müqaviləyə əsasən 1176.60 (min yüz yetmiş altı manat, altmış qəpik) manat əsas borc, 58.83 (əlli səkkiz manat, səksən üç qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 1235.43 (min iki yüz otuz beş manat, qırx üç qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. ABC-Telecom” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 33.18 (otuz üç manat, on səkkiz qəpik) manat dövlət rüsumunun 31.10 (otuz bir manat, on qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar