Məhkəmə qərarları › İş №e-2(078)-1368/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1368/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1368/2025 28.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 510 manat əsas borc, gecikdirilmiş dəbbə pulu olan 30 manat olmaqla ümumilikdə 540 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 16 oktyabr 2024-cü il tarixində 187 nömrəli “Mal satınalması müqaviləsi” müqaviləsi bağlanmışdır.

3. Həmin müqaviləyə əsasən Cavabdeh “İphone 13 PRO MAX” markalı telefonu 12 aylıq kreditlə 2100 manat dəyərində almışdır. Hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə 1590 manatı ödənilmiş, qalan 510 manat borcunu ödəməkdən imtina edir.

4. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. O, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı o, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. O, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi.

5. Cavabdehin yuxarıda qeyd olunan 16 oktyabr 2024-cü il tarixində 187 nömrəli “Mal satınalması müqaviləsi”dən yaranan 510 manat əsas borcunun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə dəbbə pulu olaraq yaranan 30 manat dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir.

6. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2 və 442-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

8. 16 oktyabr 2024-cü il tarixli 187 nömrəli Nisyə Malın satın alması müqaviləsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən cavabdeh kreditlə “İphone 13PRO MAX” markalı telefonu 12 aylıq kreditlə 2100 manat dəyərində almışdır.

9. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-dən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2024-cü ildən başlayaraq, hər ay 125.00 manat olmaqla 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.

10. 16 oktyabr 2024-cü il tarixində 187 nömrəli təhvil-təslim aktından məlum olur ki, iş üzrə Cavabdeh “İphone 13PRO MAX” markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.

11. 15 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 187 nömrəli 16 oktyabr 2024-cü il malın satın alması müqaviləsinə əsasən Əlavə 1 cədvəlində razılaşdırılmış qaydada aylıq ödənişlər şəklində malın qiyməti tam ödənilməli idi. Buna baxmayaraq, borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericliyi və müqavilənin şərtlərinə əsasən, Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 510 AZN əsas borc, 30 AZN dəbbə pulu, ümumilikdə 540 AZN ödənilməmiş borcu mövcuddur.

12. 23 avqust 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 19.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 20.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 21.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

23. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

24. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

25. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

26. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

27. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

31. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 16 oktyabr 2024-cü il tarixində 187 nömrəli X1 Müqaviləsi üzrə 510 (beş yüz on) manat əsas, 25.50 (iyirmi beş manat, əlli qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 535.50 (beş yüz otuz beş manat əlli qəpik) manat borc İddiaçı xeyrinə tutulmalıdır.

32. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “İphone 13PRO MAX” markalı telefonun nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavə1-də nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.

33. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 510 AZN əsas borc tələb etməkdə haqlı olmuşdur.

34. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 510 manat əsas borcunu tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 30 manat tutulmasını xahiş etmişdir.

36. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, əsas borcun 5% miqdarında 25.5 manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.

37. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29.75 (iyirmi doqquz manat, yetmiş beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

39. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 16 oktyabr 2024-cü il tarixində 187 nömrəli Malın satın alması müqaviləsi üzrə 510 (beş yüz on) manat əsas, 25.50 (iyirmi beş manat, əlli qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 535.50 (beş yüz otuz beş manat əlli qəpik) manat borc İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29.75( iyirmi doqquz manat, yetmiş beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar