Məhkəmə qərarları › İş №e-2(078)-1380/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1380/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1380/2025 30.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Süleymanova (İkramzadə) Röya Faiq qızından 645 manat əsas borc, 63 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği olmaqla cəmi 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, Süleymanova (İkramzadə) Röya Faiq qızı ilə xx.xx.2021-ci il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, Süleymanova (İkramzadə) Röya Faiq qızı ümumi dəyəri 951 manat olan 1 ədəd mal almışdır və alınan malın dəyəri hissə-hissə ödəmək şərti ilə 12 ay ərzində tam ödənilməlidir. Eyni zamanda, müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün şirkət qarşısında gecikmiş borcu yaranmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 645 manat, cərimə (dəbbə pulu) borcu isə 63 manat təşkil edir.

3. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir.

4. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 567, 448.1, 442-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

6. İş materiallarında olan 15 iyun 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Süleymanova (İkramzadə) Röya Faiq qızı arasında “Samsung A715 Black” markalı telefon cihazın hissə-hissə ödənilməsi şərtilə alqı-satqısı üçün müqavilə bağlanmışdır.

7. İş materiallarında olan Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hər ay 72.00 manat olmaqla 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.

8. İş materiallarında olan 15 iyun 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, iş üzrə cavabdeh Süleymanova (İkramzadə) Röya Faiq qızı “Samsung A715 Black” markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.

9. İş materiallarında olan 05 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə Süleymanova (İkramzadə) Röya Faiq qızı arasında bağlanmış 15 iyun 2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 645 manat əsas borc, 63 manat dəbbə borcu olmaqla cəmi 708 manat ödənilməmiş borc mövcuddur.

10. İş materiallarında 07 avqust 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Süleymanova (İkramzadə) Röya Faiq qızına pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

14. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

18. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

19. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

23. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

24. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

25. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

26. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

27. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

28. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

31. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

32. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 15 iyun 2021-ci il tarixli ******* nömrəli X1 Müqaviləsi üzrə 645 (altı yüz qırx beş) manat əsas borc, 63 (altmış üç) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 708 (yeddi yüz səkkiz) manat borc iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır.

33. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “Samsung A715 Black” markalı telefon üçün nisyə alqısatqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.

34. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 645 manat əsas borcu tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, iddiaçı "xxxx" MMC alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 63 manat tutulmasını xahiş etmişdir.

36. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 63 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.

37. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

39. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 15 iyun 2021-ci il tarixli ******* nömrəli X1 Müqaviləsi üzrə 645 (altı yüz qırx beş) manat əsas borc, 63 (altmış üç) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 708 (yeddi yüz səkkiz) manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar