Məhkəmə qərarları › İş №e-2(078)-1511/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1511/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1511/2023 01.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 245.8 (iki yüz qırx beş manat səksən qəpik) manat əsas, 36.8 (otuz altı manat səksən qəpik) manat cərimə cəmi 282.6 (iki yüz səksən iki manat altmış qəpik) manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 153.9 (yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 23 (iyirmi üç) manat cərimə cəmi 176.9 (yüz yetmiş doqquz manat doxsan qəpik) manat borc ümumilikdə iki müqavilə üzrə 399.7 (üç yüz doxsan doqquz manat yetmiş qəpik) manat əsas, 59.8 (əlli doqquz manat səksən qəpik) manat cərimə, 459.5 (dörd yüz əlli doqquz manat əlli qəpik) manat cəmi borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı mobil telefon və aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 82 manat olmaqla cəmi 983.80 manat və xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 791.90 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 1775.7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 82 manat və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 53 manat ödəniş etmiş və qalıq qalmış 459.5 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu iki müqavilə üzrə 598 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 598 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 59.80 manat İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 23 oktyabr 2023-cü il tarixli, e-2(078)-1511/2023 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 3.1.2 və 3.2.5-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nisyə satılan malı yoxlayıb təhvil verir, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən verilmiş təhvil-təslim aktlarından görünür ki, müqavilələrdə qeyd olunan əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin 21 iyun 2022-ci il tarixdən başlayaraq 21 aprel 2023-cü ilədək iddiaçıya hər ay 82 (səksən iki) manat, sonuncu ay, yəni 21 may 2023-cü il tarixdə isə 81.88 (səksən bir manat səksən səkkiz qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlindən görünür ki, alğı-satqı müqaviləsi üzrə ödənişin son müddəti 21 may 2023-cü il tarixidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin 14 mart 2022-ci il tarixdən başlayaraq 14 aprel 2023-cü ilədək iddiaçıya hər ay 53 (əlli üç) manat, sonuncu ay, yəni 14 may 2023-cü il tarixdə isə 49.99 (qırx doqquz manat doxsan doqquz qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlindən görünür ki, alğı-satqı müqaviləsi üzrə ödənişin son müddəti 14 may 2023-cü il tarixidir. Ərizəyə əlavə edilmiş 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 245.8 (iki yüz qırx beş manat səksən qəpik) manat əsas, 368.00 (üç yüz altmış səkkiz manat sıfır qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 613.8 (altı yüz on üç manat səksən qəpik) manat borcu mövcuddur. Ərizəyə əlavə edilmiş 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 153.9 (yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 230.00 (iki yüz otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 383.9 (üç yüz səksən üç manat doxsan qəpik) manat borcu mövcuddur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alğı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cavabdehdən cərimə tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələr üzrə 1 nömrəli əlavəyə əsasən gecikdirilən aylıq borc məbləğində cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimənin miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış 36.8 (otuz altı manat səksən qəpik) manat və xx.xx.2022ci il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış 23 (iyirmi üç) manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə tələb olunan cərimə (dəbbə pulu) 12.29 (on iki manat iyirmi doqquz qəpik) manat məbləğədək, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə tələb olunan cərimə (dəbbə pulu) isə 7.70 (yeddi manat yetmiş qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.40 (iyirmi yeddi manat qırx qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 245.8 (iki yüz qırx beş manat səksən qəpik) manat əsas borc, 12.29 (on iki manat iyirmi doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 153.9 (yüz əlli doqquz manat doxsan qəpik) manat əsas borc, 7.70 (yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, ümumilikdə 419.69 (dörd yüz on doqquz manat altmış doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilməli; -İddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; - iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.40 (iyirmi yeddi manat qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 245.8 (iki yüz qırx beş manat səksən qəpik) manat əsas borc, 12.29 (on iki manat iyirmi doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 153.9 (yüz əlli doqquz manat doxsan qəpik) manat əsas borc, 7.70 (yeddi manat yetmiş qəpik) manat cərimə olmaqla, ümumilikdə 419.69 (dörd yüz on doqquz manat altmış doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.40 (iyirmi yeddi manat qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar