Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1664/2025 06.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 01 aprel 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “XİAOMİ REDMİ NOTE 14 6/128” markalı cihazın qalıq borcu olan 586,69 (beş yüz səksən altı manat, altmış doqquz qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan 01 aprel 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 586,69 (beş yüz səksən altı manat, altmış doqquz qəpik) manat təşkil edən “XİAOMİ REDMİ NOTE 14 6/128” markalı cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 32,59 (otuz iki manat, əlli doqquz qəpik) manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda heç bir ödəniş etməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.
3. Hal-hazırda Cavabdeh borcu 586,69 (beş yüz səksən altı manat, altmış doqquz qəpik) manat təşkil edir.
4. Müqavilənin 4.1-ci bəndinə görə Abonent mobil nömrəsi Operator tərəfindən ikitərəfli blok statusuna keçirildikdən sonra 15 (on beş) gün ərzində ödəniş həyata keçirilməzsə, qalıq borc məbləği bütövlükdə Abonentin mobil telefon nömrəsinin balansına borc kimi yüklənir. Borc ödənilmədikdə isə Operator Abonentin mobil telefon nömrəsini yenidən satışa çıxara və üçüncü şəxslərə təqdim edilə bilər.
5. Müqavilənin 5.5.2-ci maddəsinə görə Abonent müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, Operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər.
6. Müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsi və ya müqavilənin qüvvədən düşməsi Tərəfləri icra edilməmiş öhdəliklərdən azad etmir.
7. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 448, 567, 600.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
9. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli, BKC/2025/1421050/012 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında “XİAOMİ REDMİ NOTE 14 6/128” markalı cihazı alınması üçün müqavilə bağlanmışdır.
10. İş materiallarında olan Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hər ay 32,59 manat olmaqla 18 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
11. İş materiallarında olan 21 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2025-ci il müqaviləyə əsasən sonuncuya dəyəri 586,69 manat təşkil edən “XİAOMİ REDMİ NOTE 14 6/128” markalı cihazı verilmişdir. Cavabdeh aylıq 32,59 manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda heç bir ödəniş etməmişdir. Borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericliyi və müqavilənin şərtlərinə əsasən, Cavabdeh 586,69 manat ödənilməmiş borcu mövcuddur.
12. İş materiallarında olan 20 noyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 19.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 20.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 21.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
23. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
24. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
25. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
26. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
27. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
31. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 01 aprel 2025-ci il tarixli BKC/2025/1421050/012 nömrəli Müqavilə üzrə 586,69 (beş yüz səksən altı manat, altmış doqquz qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
32. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “XİAOMİ REDMİ NOTE 14 6/128” markalı cihazın nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malları cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
33. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 586,69 manat borcu tələb etməkdə haqlı olmuşdur.
34. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə **********74 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 01 aprel 2025-ci il tarixli BKC/2025/1421050/012 nömrəli Müqavilə üzrə 586,69 (beş yüz səksən altı manat, altmış doqquz qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə **********74 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.