Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1707/2025 15.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3285 manat əsas borc, gecikdirilmiş dəbbə pulu olan 350 manat olmaqla ümumilikdə 3985 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 59,85 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 28 dekabr 2022-ci il tarixində 295 nömrəli “Mal satınalması müqaviləsi” müqaviləsi bağlanmışdır.
3. Həmin müqaviləyə əsasən Cavabdeh “İphone 14 PRO MAX” markalı telefonu 12 aylıq kreditlə 4515 manat dəyərində almışdır. Hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə 900 manatı ödənilmiş, qalan 3615 manat borcunu ödəməkdən imtina edir.
4. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. O, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı o, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır.
5. O, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi.
6. Cavabdehin yuxarıda qeyd olunan 28 dekabr 2022-ci il tarixində 295 nömrəli “Mal satınalması müqaviləsi”dən yaranan 615 manat əsas borcunun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə dəbbə pulu olaraq yaranan 370 manat dəbbə pulunun, həmçinin 59,85 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir.
7. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2 və 442-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
9. 28 dekabr 2022-ci il tarixli 295 nömrəli Nisyə Malın satın alması müqaviləsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən cavabdeh kreditlə “İphone 14 PRO MAX” markalı telefonu 12 aylıq kreditlə 4515 manat dəyərində almışdır.
10. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-dən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2023-cü ildən başlayaraq, hər ay 376,25 manat olmaqla 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
11. 28 dekabr 2022-ci il tarixində 295 nömrəli təhvil-təslim aktından məlum olur ki, iş üzrə Cavabdeh “İphone 14 PRO MAX” markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
12. 03 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 295 nömrəli 28 dekabr 2022-ci il malın satın alması müqaviləsinə əsasən Əlavə 1 cədvəlində razılaşdırılmış qaydada aylıq ödənişlər şəklində malın qiyməti tam ödənilməli idi. Buna baxmayaraq, borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericliyi və müqavilənin şərtlərinə əsasən, Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 3615 AZN əsas borc, 370 AZN dəbbə pulu, ümumilikdə 3985 AZN ödənilməmiş borcu mövcuddur.
13. 12 dekabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 17.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 18.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 19.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 20.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 21.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 22.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 23.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 24.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 25.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
27. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
28. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
29. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
30. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
31. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
34. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
35. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 28 dekabr 2022-ci il tarixində 295 nömrəli X1 Müqaviləsi üzrə 3285 (üç min iki yüz səksən beş) manat əsas, 164,25 (yüz altmış dörd manat, iyirmi beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 3449,25 (üç min dörd yüz qırx doqquz manat, iyirmi beş qəpik) manat borc İddiaçı xeyrinə tutulmalıdır.
36. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “İphone 14 PRO MAX” markalı telefonun nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavə1-də nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
37. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 28 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 3285 manat əsas borcunu tələb etməkdə haqlı olmuşdur.
38. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı 28 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 350 manat tutulmasını xahiş etmişdir.
39. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, 28 dekabr 2022-ci il müqaviləyə əsasən, əsas borcun 5% miqdarında 164,25 manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.
40. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 58,85 (əlli səkkiz manat, səksən beş qəpik) manat dövlət rüsumunun 50,93 (əlli manat, doxsan üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
42. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh 28 dekabr 2022-ci il tarixində 295 nömrəli X1 Müqaviləsi üzrə 3285 (üç min iki yüz səksən beş) manat əsas, 164,25 (yüz altmış dörd manat, iyirmi beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 3449,25 (üç min dörd yüz qırx doqquz manat, iyirmi beş qəpik) manat borc İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 58,85 (əlli səkkiz manat, səksən beş qəpik) manat dövlət rüsumunun 50,93 (əlli manat, doxsan üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.