Məhkəmə qərarları › İş №e-2(078)-573/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-573/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-573/2023 10.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09839 olan Huawei P30 Pro markalı telefon üçün 183 (yüz səksən üç) manat ödənilməmiş hissənin, 18 (on səkkiz) manat cərimənin, ümumilikdə 201 (iki yüz bir) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 09 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09839 olan Huawei P30 Pro markalı telefon aldığını və nəticədə 201 (iki yüz bir) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 1900 (min doqquz yüz) manat (12 ay x 136 manat + 268 manat ilkin ödəniş) olan İMEİ kodu **********09839 olan Huawei P30 Pro markalı telefon üçün ümumilikdə 201 (iki yüz bir) manat olmaqla, ondan 183 (yüz səksən üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1717 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 09 aprel 2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 20 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 09 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09839 olan Huawei P30 Pro markalı telefon üçün 183 (yüz səksən üç) manat ödənilməmiş hissənin, 18 (on səkkiz) manat cərimənin, ümumilikdə 201 (iki yüz bir) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, 22453991 nömrəli Müqavilənin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 18 mart 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 09 aprel 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1900 manat olan İMEİ kodu **********09839 olan Huawei P30 Pro markalı telefon üçün ilkin ödəniş 268 manat olmaqla, 12 ay müddətinə ayda 136 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 27 mart 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 28 mart 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 183 (yüz səksən üç) manat ödənilməmiş hissə və 18 (on səkkiz) manat cərimə borcu olmaqla, cəmi 201 (iki yüz bir) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, 22453991 nömrəli Müqavilənin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 18 mart 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 09 aprel 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1900 manat olan İMEİ kodu **********09839 olan Huawei P30 Pro markalı telefon üçün ilkin ödəniş 268 manat olmaqla, 12 ay müddətinə ayda 136 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 183 (yüz səksən üç) manat ödənilməmiş hissə və 18 (on səkkiz) manat cərimə borcu olmaqla, cəmi 201 (iki yüz bir) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar