Məhkəmə qərarları › İş №e-2(078)-580/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-580/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-580/2023 01.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində vurulmuş zərərin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, yəni cəmi 480 (dörd yüz səksən) manatın alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, “MERCEDES BENZ 230” markalı, 10–EF–510 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il sentyabrın 30-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ 230” markalı, 10–EF–510 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, R.Rüstəmov küçəsində, “FORD FUSİON” markalı, 99–ZR–338 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYPİ-i tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 22 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində 99–ZR–338 dövlət nömrə nişanlı avtomobilə 450 (dörd yüz əlli) manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 450 (dörd yüz əlli) manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə 26 aprel 2023-cü il tarixdə, 08 may 2023-cü il tarixdə və 24 may 2023-cü il tarixdə eyni məzmunlu ərizələr göndərərək icraatda iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair 2(078)-580/2023 nömrəli mülki işin olduğunu, iddianı müdafiə etdiyini, mülki iş üzrə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin ərizələrini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materillarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “MERCEDES BENZ 230” markalı, 10–EF–510 dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini idarə edərkən Xəzər rayonu ərazisində İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan PXA70058 nömrəli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 məxsus “FORD FUSİON” markalı, 99–ZR–338 dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyana görə "xxxx" ASC tərəfindən 450 (dörd yüz əlli) manat sığorta ödənişi edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “MERCEDES BENZ 230” markalı 10–EF–510 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5000 (beş min) manat məbləğində sığortalanmış, 100 manat məbləğində sığorta haqqı ödənilmişdir. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Ford Fusion” markalı, ** ZR *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 450 (dörd yüz əlli) manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Xalq Bank ASC vasitəsilə X3 məxsus hesaba 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktına əsasən AZ10HAJC******************** İBAN nömrəli plastik kart və ŞEN zərflər X3 təhvil verilmişdir. İddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan zərərin ödənilməsi məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilən maddənin tələbindən də göründüyü kimi subroqasiya hüququ şəxsə qarşı o halda yaranır ki, həmin şəxsin sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmasın. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “MERCEDES BENZ 230” markalı 10–EF– 510 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə vaxtı iddiaçı tərəfin iddia etdiyi kimi avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması hazırki iddia tələbinin təmin edilməsinə əsas verir. Çünki qeyd olunan hal iş materiallarında olan sənədlərlə sübuta yetirilir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh “MERCEDES BENZ 230” markalı 10–EF–510 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadan idarə etmişdir. Onun həmin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmamışdır. Ona görə də ona qarşı subroqasiya tələbi irəli sürülə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 450 (dörd yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-ə ödənilməli; -iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 450 (dörd yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar