Məhkəmə qərarları › İş №e-2(078)-615/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-615/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-615/2022 25.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən e t d i m: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76567 olan Samsung Galaxy A12 markalı telefon üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, 15.01.2021-ci il tarixli müqaviləsinə əsasən, Jakan Charocal qulaqlıq üçün 82.6 (səksən iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 8.4 (səkkiz manat qırx qəpik) manat cərimə, 18.12.2020-ci il tarixli müqaviləsinə əsasən, MYKRONOZ ZEROUND3 saat üçün 166.6 (yüz altmış altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 16.4 (on altı manat qırx qəpik) manat cərimə, ümumilikdə 682 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı məhkəməyə verilmiş iddia ərizəsinə əlavə olunmuş 18.12.2020-ci il tarixli, 22141484 nömrəli müqavilənin və 15.01.2021-ci il tarixli, 22213558 nömrəli müqavilənin iddiaçının nümayəndəsi tərəfindən imzalanmadığı və iddiaçının möhürü ilə təsdiq edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən yazılı müqavilənin bağlanması üçün müqavilə tərəflərinin hər ikisinin həmin müqaviləni imzalaması mütləq şərtdir. Hazırki vəziyyətdə qeyd olunan müqavilələr hər iki şəxs tərəfindən imzalanmadığı üçün həmin müqavilənin tərəflər arasında bağlanıb-bağlanmamasını, müqavilə üzrə hüquq münasibətlərinin yaranıb–yaranmadığını, cavabdehin qeyd olunan müqavilələr üzrə öhdəliyinin yaranmasını müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İş üzrə iddiaçı "xxxx" MMC-yə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" MMC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 284-4-cü maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. "xxxx" MMC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar