Məhkəmə qərarları › İş №e-2(078)-767/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-767/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-767/2023 24.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2023-cü il tarixə 905.57 manat gecikdirilmiş əsas, 723.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 135.99 manat dəbbə pulu olmaqla, ümumilikdə 1764.75 manat borc və ödənilmiş 100.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq alan tərəfindən şirkətə sonuncu ödəniş 10 dekabr 2022-ci il tarixdə 408 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 10 iyun 2022-ci il tarixli MAS-5322saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2023-cü il tarixə 905.57 manat gecikdirilmiş əsas, 723.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 135.99 manat dəbbə pulu, ümumilikdə 1764.75 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın direktoru Nümayəndə məhkəmənin elektron ünvanına sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ərizə göndərərək mülki işə onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 10 dekabr 2022-ci il tarixdə 408 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İş materiallarına əlavə olunmuş 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavənin surətindən məlum olur ki, lizinq ödənişləri qrafikində cavabdeh tərəfindən hər ay 407.6 AZN məbləğində lizinq ödənişi həyata keçirilməli idi. xx.xx.2023-cü il tarixdə verilmiş 1095 nömrəli arayışa əsasən Cavabdeh 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə 905.57 manat gecikdirilmiş əsas, 723.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 135.99 manat dəbbə pulu olmaqla, ümumilikdə 1764.75 manat borcu mövcuddur. Cavabdeh borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə 777 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etməmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsi tələbinə dair iddiası təmin olunmalı, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmalı, Cavabdeh 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2023-cü il tarixə 905.57 manat gecikdirilmiş əsas, 723.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 135.99 manat dəbbə pulu olmaqla, ümumilikdə 1764.75 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı MMC tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 100.4 manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılsın. Cavabdeh 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 905.57 (doqquz yüz beş manat əlli yeddi qəpik) manat gecikdirilmiş əsas, 723.19 (yeddi yüz iyirmi üç manat on doqquz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 135.99 (bir yüz otuz beş qəpik doxsan doqquz qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1764.75 (bir min yeddi yüz altmış dörd manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiaçı MMC tərəfindən tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumunun, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, 48 (qırx səkkiz) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar