Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-967/2023 05.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 qarşı mirasın faktiki qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış ünvan 1 ünvanında 0,0153 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 38.43 kv.m olan daşınmaz əmlakın (fərdi yaşayış evi) onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sözügedən fərdi yaşayış evi bacısı X4 məxsus olmuşdur. Bacısı yoldaşı və atası ilə həmin evdə yaşamışdır. Özü müəllim işləməsinə baxmayaraq bacısının xəstəliyində ona baxıbdır. Bacısı vəfat edəndən sonra X1 və həyat yoldaşı notariat kontruna gedib əmlakı öz adlarına sənədləşdiriblər. Fərdi yaşayış evi bir dam örtüyü altında və torpaq sahəsi bölünmədən mövcud olmuş və həmin əmlaka dair daşınmaz əmlak tərəfindən iki çıxarış verilmişdir. X31 bir otağın qapısını açıq balkona açaraq sənədləşdirmişdir, qalan hissələr isə bacısının ərinin adına sənədləşmişdir. Fərdi yaşayış evinin də, torpaq sahəsinin də ayrıca giriş-çıxışları olmuşdur. Bacısının vəfatından sonra atası orada tək yaşamışdır. Atası xəstə olmuş, ona da özü baxıb qulluq etmişdir. Atasının vəfatından sonra arada evə gəlib getmiş, əşyaları havalandırmış, həyət-bacaya baxmışdır. Lakin orada daim yaşamamışdır. Atasından qalan miras kimi ona sahib çıxmışdır. Bacısının ərinin qızı Bakı şəhərinə aparmış və ona aid olan tərəf həmişə bağlı olmuşdur. Açarı da özündə olmuşdur. Həmin miras əmlak ünvan 1 ünvanında 0,0153 ha torpaq sahəsi üzərində yerləşir, ümumi sahəsi 38.43 kv.metrdir. Bir vaxt eşitmişdir ki, bacısının əri evi satıbdır və yeni sahibi ebi təmir edir. Bunun üçün evə gələndə görmüşdür ki, yeni sahib evin çıxarışına baxmadan evi bütün əmlak hesab edərək tam şəkildə aldığını düşünmüş, onlara aid balkona açılan qapını da söküb yeninə pəncərə qoymuşdur. Bundan sonra əşyalarını həmin evdə götürmüş və məhkəmədə iddia qaldırmışdır. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun 10 vərəsəsi olmuşdur. X18- həyat yoldaşı xx.xx.2001-ci ildə vəfat edib, X10, xx.xx.2007-ci ildə vəfat edib, X16 xx.xx.1996-cı ildə vəfat edib. Digər vərəsələr o, X11, X12, Cavabdeh3, Cavabdeh6, X13, Cavabdeh4dır. Vərəsələrdən üçü miras qoyanın sağlığında vəfat etmişdir. Atası mərhum Ələkbər Məmmədov vəfat etdiyi xx.xx.2020-ci il tarixədək miras əmlakın yerləşdiyi ünvanda yaşamışdır. İstər mərhum Ələkbər Məmmədov və mərhum Səmayə Məmmədovanın sağlığında, istərsə də onların vəfatından sonra da o, həmin miras əmlaka (evə) faktiki sahiblik etməklə miras əmlakı iddiaçı faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən də mərhum Ələkbər Məmmədov sağlığında ünvan 2 ünvanında yerləşən həmin miras əmlakı iddiaçıya vəsiyyət etmişdir. Lakin vəsiyyətnamə ilə mirası 6 ay müddətində qəbul etməli olduğunu bilmədiyindən müddəti buraxmışdır. Buna baxmayaraq hal-hazırda da həmin miras əmlaka sahiblik edir və əmlaka dair bütün sənədlər və açarlar da ondadır. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında işə baxılan zaman cavabdeh X7 izahatında bildirmişdir ki, sözügedən evə faktiki sahibliyi Zenfira bacısı edibdir. Bunu hamısı bilir. Onların həmin evlə bağlı heç bir mübahisələri yoxdur. Atasından sonra evə bacısı Zenfira faktiki sahiblik edib. Evin açarları da Zenfiradadır. Bacı-qardaşının çoxu hazırda Bakı şəhərində yaşayır. Cavabdeh1 məhkəmənin elektron ünvanına ərizə göndərərək bildirmişdir ki, iddia tələbi ilə bağlı heç bir iddiası yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə digər cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X28 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. Çox yaxın qonşuluq münasibəti olub. İddiaçı neçə illər atası Ələkbər əmiyə və bacısı Səmayə xanıma baxıb qulluq edib. Zemfira xanımın ayrı evi olsa da həmişə xəstə bacısı və atasına gəlib həmin evdə qulluq edirdi. Sonra bacısı Səmayənin və atasının ölümündən sonra çox az hallarda həmin həyətə gəlirdi. 3-4 aydan bir gəlib baş çəkirdi. Sonra mərhum Səmayənin əri Qadir kişi həyəti başqa bir şəxsə satdı. Hazırda həmin həyətə ayrı bir şəxs köçüb ailəsi ilə yaşayacaq. Hazırda evdə təmir işləri gedir. Ora keçən yeni qonşu Qarabağlar kəndindən gəlib. Evi də həmin adama Zemfira xanım deyil Qadir kişi satıb. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. Hazırki həyət rəhmətlik Ələkbər əmiyə məxsus olub. İddiaçı neçə illər Ələkbər əmiyə və bacısı Səmayə xanıma qulluq edib, evin bütün yükü Zemfira xanımın çiynində olub. Atasına və bacısına qayğı göstərib, onların bütün ehtiyaclarını qarşılayıb. Səmayədən sonra həyətin bir hissəsində Səmayənin əri Qadir kişi qalırdı. Həmişə Zemfiranın bu həyətə gəlib getməyini görmüşdür. Məhkəmə baxışı iclasında şahid X19 ifadəsində bildirmişdir ki, hazırki evdə yaşayır. Bu evi 1 il bundan qabaq Qadir adlı şəxsdən 18000 manata almışdır. Qadir adlı şəxsi görməmişdir, müqaviləni qızına etibarnamə vemriş və onunla bağlamışdır. Makler onu aldadaraq evin bir çıxarışı olduğunu bildirmiş, o da inanmışdır. Evin 1 hissəsinin Zemfira xanıma aid olduğunu bilmirdi. Çünki evin mülkiyyətçisinin tam olaraq Qadir kişi olduğunu bilirdi. Hazırda orada yaşamaq üçün təmir işləri aparır. Əgər evin 1 hissəsinin Zemfira xanıma aid olduğunu bilsəydi, bu evi almaqdan imtina edərdi. Məhkəmə baxışı iclasında şahid X20 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. Yaxın qonşuluq münasibəti olub. Zemfira xanımı və bacısı Səmayə xanımı yaxşı tanımışdı. Səmayə xanım və Ələkbər əmi öldükdən sonra həmin evdə heç kim qalmayıb. Səmayə xanımın əri Qadir kişi evi başqa şəxsə satıb. Həyətin 2 giriş qapısı olub. Biri evin yerləşdiyi yerin yuxarısından bir də aşağı hissəsindən olub. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun vəkili və nümayəndəsinin, cavabdehin izahatını, şahidlərin ifadəsini, iş materiallarına olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx.xx.1952-ci ildə Babək rayon Şəkərabad kəndində doğulmuş, anası X18, X1dur. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş akt qeydindən çıxarışdan aydın olur ki, X16 ilə X15 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmış, bu barədə 181 nömrəli akt qeydi icra edilmişdir. xx.xx.2023-cü il tarixli çıxarışda qeyd olunmuşdur ki, X16 xx.xx.1996-cı il tarixdə beyinə qan sızma. Kəskin leykoz diaqnozu ilə Babək rayon Şəhərabad kəndində vəfat etmişdir. xx.xx.2023-cü il tarixli çıxarışda qeyd olunmuşdur ki, X18 xx.xx.2001-ci il tarixdə ateroskberotik kardioskleroz diaqnozu ilə Babək rayon Şəhərabad kəndində vəfat etmişdir. xx.xx.2023-cü il tarixli çıxarışda qeyd olunmuşdur ki, X10 xx.xx.2007-ci il tarixdə beyinə qansızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir xx.xx.2022-ci il tarixdə təkrar verilmiş AZ-İ 871924 nömrəli ölüm hüqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.2020-ci il tarixdə qocalıq və durğunluq pnevmaniyası diaqnozu ilə Babək rayon Şəkərabad kəndində vəfat etmiş, bu barədə xx.xx.2020-ci il tarixdə 41 nömrəli akt qeydi icra edilmişdir. Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14 nömrəli arayışda qeyd olunmuşdur ki, Şəkərabad kəndinin 1969-1971-ci illərə dair Təsərrüfatbaşına kitabında X9 ailə başçısı olmaqla aşağıdakı ailə üzvləri vardır: -X9-ailə başçısı-1928; - X18-arvadı-1928; - X11-qızı-1949; - X12-qızı-1951; - X8-qızı-1952; - Cavabdeh3-oğlu-1955; - X10-qızı-1956; - Cavabdeh4-qızı-1961; - Cavabdeh6-qızı-1964; - X16-oğlu-1965; - X13-qızı-1968. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Kalbalıxan küçəsində 0.0153 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 38.43 kv.m olan 26A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/49 nömrəli reyestr kitabının 9542 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 20729 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri Kalbalıxan küçəsi ev 26A X3 adına qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 nömrəli Notariat Ofisinin notariusu tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli məktubuna həmin tarixdə verilmiş 200 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsələr arasında mübahisə olduğundan iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X6 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş üzrə istər tərəflərin izahatları, istərsə də şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı miras əmlakı X1nun vəfatından sonra faktiki olaraq idarə etmişdir. Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 miras qalmış ünvan 1 ünvanında 0,0153 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 38.43 kv.m olan daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023cü il tarixdə 15190 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X2 miras qalmış ünvan 1 ünvanında 0,0153 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 38.43 kv.m olan daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 15190 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-967/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-967/2023
05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver