Məhkəmə qərarları › İş №e-2(078)-997/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-997/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-997/2025 08.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********86325 “XİOMİ REDMİ NOTE 12” Paket L xidməti üçün 87.80 (səksən yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 8.78 (səkkiz manat, yetmiş səkkiz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********16144 “SAMSUNG GALAXY A14” Paket M xidməti üçün 152.86 (yüz əlli iki manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 15.29 ( on beş manat, iyirmi doqquz qəpik) manat cərimə olmaqla ümumilikdə 264.73 (iki yüz altmış dörd manat, yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********86325 “XİAOMİ REDMİ NOTE 12” Paket L xidməti, xx.xx.2023-cü tarixli müqaviləyə əsasən, İmei kod **********16144 SAMSUNG GALAXY A14, Paket xidməti cavabdeh tərəfindən alınmış və nəticədə 264.73 (iki yüz altmış dörd manat, yetmiş üç qəpik) manat borc yaranmışdır.

3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 598.20 (beş yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat (yəni 12 ay x 49.85 manat + 0 manat ilkin ödəniş), olan İmei kod **********86325 “XİOMİ REDMİ NOTE 12” üçün ümumilikdə 96.58 (doxsan altı manat, əlli səkkiz qəpik) manat olmaqla ondan 87.80 (səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.78 (səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır.

4. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 432.18 (dörd yüz otuz iki manat, on səkkiz qəpik) manat (yəni 18 ay x 24.01 manat + 0 manat ilkin ödəniş), olan İmei kod **********16144 “SAMSUNG GALAXY A14, PAKET M” üçün ümumilikdə 168.15 (yüz altmış səkkiz manat on beş qəpik) manat olmaqla ondan 152.86 (yüz əlli iki manat səksən altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.29 (on beş manat iyirmi doqquz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 789.72 manat təşkil edir.

5. . Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

6. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Sübutların tədqiqi:

8. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli, 18711745 nömrəli, xx.xx.2023cü il tarixli, ******* nömrəli müqavilələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında “XİOMİ REDMİ NOTE 12” və “SAMSUNG GALAXY A14” markalı telefonların satılması barədə müqavilələr bağlanmışdır.

9. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2023-cü ildən başlayaraq, hər ay 49.85 manat olmaqla 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.

10. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2023-cü ildən başlayaraq, hər ay 24.01 manat olmaqla 18 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar

11. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixində 18711745 nöməli təhviltəslim aktından görünür ki, iş üzrə Cavabdeh “XİOMİ REDMİ NOTE 12 6GB/128GB-ONYX GRAY”, 06 oktyabr 2023-cü il tarixində ******* nöməli təhvil-təslim aktndan görünür ki, “SAMSUNG GALAXY A14 (SM-A145) 4/64 GB-BLACK” markalı telefonları tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.

12. İş materiallarında olan 25 iyun 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18711745 nömrəli 07 sentyabr 2023-cü il, ******* nömrəli 06 oktyabr 2023-cü il tarixli malın satın alması müqavilələrinə əsasən Əlavə cədvəlində razılaşdırılmış qaydada aylıq ödənişlər şəklində malın qiyməti tam ödənilməli idi. Buna baxmayaraq, borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericliyi və xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə əsasən, Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 87.80 AZN əsas borc, 8.78 AZN dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə əsasən gecikdirilən pul öhdəliyi üzrə 152.86 AZN əsas borc, 15.29 AZN dəbbə pulu, ümumilikdə 264.73 AZN ödənilməmiş borcu mövcuddur.

13. İş materiallarında olan 26 may 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 17.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 18.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 19.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 20.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 21.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 22.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 23.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 25.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

27. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

28. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

29. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

30. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

31. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi:

34. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

35. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 07 sentyabr 2023-cü il tarixində 18711745 nömrəli X1 Müqaviləsi üzrə 87.80(səksən yeddi manat səksən qəpik) manat əsas, 4.39 (dörd manat, otuz doqquz qəpik) manat gecikdirilmiş dəbbə borcu, 06 oktyabr 2023-cü il tarixində ******* nömrəli X1 Müqaviləsi üzrə 152.86 (yüz əlli iki manat, səksən altı qəpik) manat əsas, 7.64 (yeddi manat, altmış dörd qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 252.69 (iki yüz əlli iki manat, altmış doqquz qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

36. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “XİOMİ REDMİ NOTE 12” və “SAMSUNG GALAXY A14” markalı telefonların nisyə alqı-satqı müqavilələrini bağlamış və iddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək, malları cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilələrin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqavilələrdə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.

37. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetimədiyindən iddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 87.80 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 152.86 manat əsas borcları tələb etməkdə haqlı olmuşdur.

38. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 8.78 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 15.29 manat tutulmasını xahiş etmişdir.

39. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, əsas borcun 5% miqdarında 4,39 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, əsas borcun 5% miqdarında 7.64 manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.

40. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.63 (iyirmi səkkiz manat, altmış üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

42. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 07 sentyabr 2023-cü il tarixli 18711745 nömrəli müqavilə üzrə 87.80 (səksən yeddi manat, səksən qəpik) manat əsas, 4.39 (dörd manat, otuz doqquz qəpik) manat gecikdirilmiş dəbbə pulu, 06 oktyabr 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 152.86 (yüz əlli iki manat, səksən altı qəpik) manat əsas, 7.64 (yeddi manat, altmış dörd qəpik) manat olmaqla ümumilikdə 252.69 (iki yüz əlli iki manat, altmış doqquz qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.63 (iyirmi səkkiz manat, altmış üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar