Məhkəmə qərarları › İş №e-2(079)-114/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-114/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-114/2024 16.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18811 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18811 saylı zaminlik müqaviləri üzrə ödənilməmiş 446.25 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 112 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 558.25 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18811 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 637 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 637 ABŞ dolları) «Aplle iphone 11 pro 64gb Grey» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. X1 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18811 saylı nisiyə alqı-satqı müqaviləsinə xx.xx.2023 tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 76 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cü il tarixdə 114.75 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcə ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcının xeyrinə faiz ödəyir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası 16 fevral 2023-cü il tarixə təyin edilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə məhkəmə bildirişi iddiaçıya elektron kabinet vasitəsilə, cavabdehə isə poçt göndərişi vasitəsilə rəsmi qaydada verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Həmçinin mülki iş üzrə işdə iştirak edən şəxslərə iddia ərizəsində qeyd olunmuş əlaqə nömrələri üzərindən sms xəbərdarlıqlar “AZEMİS” vasitəsilə göndərilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişlər, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etməmişdir. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Sözügedən qərarın 9.1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin 28 Mall filialı vasitəsi ilə 12 yanvar 2024-cü il tarixli, 9327 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin 28 Mall filialı vasitəsi ilə 12 yanvar 2024-cü il tarixli, 9327 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar