Məhkəmə qərarları › İş №e-2(079)-135/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-135/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-135/2022 16.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “18” fevral 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 16 fevral 2020ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə İMEİ Kodu **********02860 olan Samsung Galaxy A51 markalı telefon üçün 486.81 (dörd yüz səksən altı manat, səksən bir qəpik) manat ödənilməmiş hissə, 48.19 (qırx səkkiz manat, on doqquz qəpik) manat cərimə, 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilə üzrə İMEİ Kodu **********89643 olan Samsung Galaxy A10 markalı telefon üçün 10.20 (on manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 1.80 (bir manat, səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 546 (beş yüz qırx altı) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 sentyabr 2020-ci il və 16 fevral 2020-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********89643 olan Samsung Galaxy A10 markalı və İMEİ Kodu **********02860 olan Samsung Galaxy A51 markalı telefonlar almış və nəticədə onun 546 (beş yüz qırx altı) manat borcu yaranmışdır. Cavabdehin 16 fevral 2020-ci il tarixli müqaviləsi 16 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. O, müqavilələrin şərtlərini pozmuş və 14 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 360.20 (üç yüz altmış manat, iyirmi qəpik) manat (12 ay x 29.6 manat + 5 manat ilkin ödəniş) təşkil edən İMEİ Kodu **********89643 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 12 (on iki) manat olmaqla ondan, 10.20 (on manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.80 (bir manat, səksən qəpik) manat cərimə, 16 fevral 2020-ci il tarixli müqaviləyə 16 mart 2021-ci il tarixdə bağlanmış 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 523.18 (beş yüz iyirmi üç manat, on səkkiz qəpik) manat (13 ay x 37.37 manat + 37.37 manat ilkin ödəniş) təşkil edən İMEİ Kodu **********02860 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 534 (beş yüz otuz dörd) manat olmaqla ondan, 486.81 (dörd yüz səksən altı manat, səksən bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.19 (qırx səkkiz manat, on doqquz qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 387.37 (üç yüz səksən yeddi manat, otuz yeddi qəpik) manat təşkil edir. Cavabdeh ilə aramızda bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 19 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Məmmədrza Dizə kəndində rəsmi qeydiyyatda olması aydın olur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdə cavabdehin faktiki yaşayış yeri kimi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi qeyd edilmişdi. Cavabdehə iddiaçının ərizəsinin surəti məhkəmənin 21 fevral 2022-ci il tarixli, 2(079)- 135/2022 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun hər iki ünvanına rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 28 fevral 2022-ci ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş 21 fevral 2022-ci il tarixli 2(079)-135/2022 nömrəli məhkəmə bildirişində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli və 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələr üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilələrin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyaları, yəni İMEİ Kodu **********89643 olan Samsung Galaxy A10 markalı telefonu (14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilə üzrə) və İMEİ Kodu **********02860 olan Samsung Galaxy A51 markalı telefonu (16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə) Cavabdeh verir, sonuncu isə malları müqavilə göstərilən şərtlərlə qəbul edir; - müqavilələrin 2.2-ci, 2.3-cü və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; -həmçinin müqavilələrin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; -müqavilələrin qüvvədə olma müddəti isə həmin müqavilənin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, həmin maddəyə əsasən müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir (16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə). Müqavilə imzalandığı andan qüvvəyə minir və 5 (beş) il müddətinə qüvvədədir (14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilə üzrə); -bundan əlavə müqavilələrə edilmiş əlavələrdən isə aydın olur ki, həmin əlavələr tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavələrə əsasən; --16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 15 mart 2020-ci ildən başlayaraq 12 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 71 (yetmiş bir) manat; -- 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 15 oktyabr 2020-ci ildən başlayaraq 12 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 29.60 (iyirmi doqquz manat, altmış qəpik) manat ödəməyi öhdəsinə götürür. Bundan əlavə tərəflər arasında bağlanmış 16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə 16 mart 2021-ci il tarixli əlavə sazişin; - 1.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli ləğv edilir; -1.2-ci bəndi ilə müəyyən edilir ki, müştəri 01 may 2021-ci ildən başlayaraq 01 may 2022-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 37,37 (otuz yeddi manat, otuz yeddi qəpik) manat ödəməyi öhdəsinə götürür; -2.1 və 2.2-ci bəndlərin tələbinə görə əlavə saziş imzalandığı vaxtdan qüvvəyə minir və onda nəzərdə tutulan dəyişikliklərdən başqa müqavilənin digər maddə və bəndləri öz qüvvəsində qalır. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bbağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onları dəyərini hissə-hissə ödəməsi onların müqavilələrdən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 16 fevral 2020-ci il və 14 sentyabr 2020-ci tarixli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona göndərilmiş 15 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan və onun göndərilməsi barədə sifarişli poçt göndərişinin qəbzindən Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş 11 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh 16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə 37.37 (otuz yeddi manat, otuz yeddi qəpik) manat və 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilə üzrə 350 (üç yüz əlli) manat ödəniş etmiş və hazırda onun iddiaçıya həmin müqavilələr üzrə 546 (beş yüz qırx altı) manat əsas borcu var. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrə edilmiş əlavələrdən müəyyən edilir ki, həmin əlavələrin 2-ci və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 37 AZN və 16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 89 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimənin miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş 11 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh oğlunun 16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə 48.19 (qırx səkkiz manat, on doqquz qəpik) manat və 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilə üzrə 1.80 (bir manat, səksən qəpik) manat cərimə borcu var. Məhkəmə bildirir ki, cavabdehin iddiaçıya olan ümumi borcu yuxarıda qeyd edilənlərə əsasən 547 (beş yüz qırx yeddi) manat təşkil etsə də, iddiaçının tələbindən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh ümumilikdə 546 (beş yüz qırx altı) manat tələb edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı iddia tələbi əsas götürülməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə 486.81 (dörd yüz səksən altı manat, səksən bir qəpik) manat məbləğində ödənilməmiş hissə, 48.19 (qırx səkkiz manat, on doqquz qəpik) manat məbləğində cərimə, 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilə üzrə 10.20 (on manat, iyirmi qəpik) manat məbləğində ödənilməmiş hissə, 1.80 (bir manat, səksən qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 546 (beş yüz qırx altı) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 350.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 16 fevral 2020-ci il tarixli, 20108524 nömrəli müqavilə üzrə 486.81 (dörd yüz səksən altı manat, səksən bir qəpik) manat məbləğində ödənilməmiş hissə, 48.19 (qırx səkkiz manat, on doqquz qəpik) manat məbləğində cərimə, 14 sentyabr 2020-ci il tarixli, 21168073 nömrəli müqavilə üzrə 10.20 (on manat, iyirmi qəpik) manat məbləğində ödənilməmiş hissə, 1.80 (bir manat, səksən qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 546 (beş yüz qırx altı) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar