Məhkəmə qərarları › İş №e-2(079)-139/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-139/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-139/2022 22.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Babək Rayon Məhkəməsinə müraciət edərək 04.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********00234 olan X1 7 markalı telefon üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********83179 olan Xiaomi Redmi 8 markalı telefon üçün 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 11.03.2020-ci il tarixli müqaviləyə əsasən paltaryuyan üçün 294.8 (iki yüz doqquz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 29.2 (iyirmi doqquz manat iyirmi qəpik) manat cərimə miqdarında borc olmaqla ümumilikdə 785 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan iddiasının qiyməti iki min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, 11.03.2020-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında 20167182 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş müqavilədən belə məlum olur ki, müqavilənin predmeti iddiaçının özünə məxsus əşyanı – HOFFMAN WFİ-611W (ağ) paltaryuyanı müqavilədə göstərilən şərtlərlə müştəriyə - Cavabdeh verməsi, müştərinin isə malı müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul etməsidir. Belə ki, həmin müqavilənin 1.1ci bəndinə əsasən “ABC” özünə məxsus olan əşyaları müştəriyə verir, müştəri isə malı qəbul edir. İddia ərizəsinə əlavə olunmuş müştəri tərəfindən imzalanmış 11.03.2020-ci il tarixli bildirişdə əksini tapmış təhvil təslim aktında Cavabdeh 20167182 nömrəli müqaviləyə əsasən əşyaların tam qüsursuz halda təhvil verildiyi göstərilsə də, orada heç bir əşya qeyd olunmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq qərar verdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar