Məhkəmə qərarları › İş №e-2(079)-140/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-140/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-140/2024 29.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh S18K5735149 nömrəli, 02 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 222 manat əsas, 66 manat dəbbə pulu, 30 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 318 manat pulun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aramızda S18K5735149 nömrəli hissə-hissə ödənişlə alğısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 479 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A20” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşəm. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 20 manat ilkin ödəniş olmaqla, qalan 459 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 38,25 manat olmaqla, hər ayın 01dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 222 manat əsas, 66 manat dəbbə pulu olmaqla, 288 manat borcu yaranmışdır. Alıcı tərəfindən S18K5735149 nömrəli, 02 sentyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 100 manat ödəniş edilmişdir. Tərəfimizdən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Sözügedən müddət ərzində cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə Samsung Galaxy A20 markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - 02 sentyabr 2019-cu il tarixli, S18K5735149 nömrəli satınalma müqaviləsindən tərəflər arasında Samsung Galaxy A20 SM-A205 BLUE markalı mobil telefonun nisyə alqısatqısı haqqında müqavilə bağlanması; - “Satıcı”nın “Alıcı”ya 479 (dörd yüz yetmiş doqquz) manat dəyərində Samsung Galaxy A20 SM-A205 BLUE mobil telefonu satdığı, alıcının isə müqavilədə razılaşdırılmış qaydada mobil telefonun dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürmələri; - telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın dəyərinin 20 (iyirmi) manat hissəsini müqavilə bağlandığı tarixdə ilkin ödəniş kimi, qalan 459 (dörd yüz əlli doqquz) manat ödənilməmiş hissəsini isə müqavilənin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi; - müqaviləyə əlavə -1 cədvəlindən isə Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq 12 ay ərzində ilk ay 20 manat, sonrakı hər ay 39 manat, sonuncu ay 30 manat olmaqla malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixli mal satınalması müqaviləsi üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə tələb olunan formada razılığa gəlmişlər. Müqavilə ilə tərəflərin: - 1-ci maddəsinə əsasən müqavilənin predmetini “Satıcı” ümumi dəyəri 479 manat olan 1 ədəd Samsung Galaxy A20 SM-A205 BLUE markalı telefon və 1 ədəd X1 017750 “alıcıya” satmağı, “Alıcı” isə bu müqavilə ilə razılışdırılmış məbləğdə pulu hissə-hissə “Satıcı”ya ödəməyi öhdəsinə götürür; - 2.1-ci bəndinə əsasən “Alıcı” malın satış qiymətinin dəyəri 479 (dörd yüz yetmiş doqquz) manatın 20 (iyirmi) manatını ilkin ödəniş qismində “Satıcı”ya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal “Alıcı”ya təhvil verilir; - 2.2-ci bəndinə əsasən “Alıcı” malın satış qiymətindən ilkin ödəniş çıxdıqdan sonra qalan 459 (dörd yüz əlli doqquz) manatı 12 ay müddətinə 38.25 (otuz səkkiz manat iyirmi beş qəpik) manat olmaqla hər ayın 01-dək ödəməlidir; - 2.3-cü bəndinə əsasən ödəniş “Satıcı”nın razılığı əsasında nağd və ya köçürmə formasında həyata keçirilə bilər. Ödəniş Azərbaycan manatı ilə aparılır; - 2.4-cü bəndinə əsasən "Alıcı" ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i (bir faizi) həcmində "Satıcı”nın xeyrinə cərimə ödəyir. - 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Tərəflər fors-major hallarında bu müqavilə şərtlərinin icra edilməməsinə görə məsuliyyətdən azad edilirlər; - 3.2-ci bəndinə əsasən "Alıcı" tərəfindən bu müqavilənin predmetini təşkil edən malın dəyəri tam ödənilənədək "Satıcı" həmin mala mülkiyyət hüququnu özündə saxlayır; - 4.1-ci bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir; - 5.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin onu imzaladığı andan qüvvəyə minir və hər iki Tərəfin bu Müqavilə üzrə öhdəliklərini tam və lazımınca yerinə yetirməsi anınadək qüvvədədir. "Alıcı" müqavilə üzrə tam ödənişi icra etmədiyi müddətə qədər bu müqavilə icra olunmamış sayılır; - 5.2-ci bəndinə əsasən Müqavilənin birtərəfli qaydada İəğv edilməsi yolverilməzdir; - 5.3-cü bəndinə əsasən Müqavilədə hər hansı dəyişiklik olunarsa bir tərəf digər tərəfə yazılı məlumat verməlidir; - 6.1-ci bəndinə əsasən bu Müqavilə ilə xüsusi olaraq tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə tənzimlənir. - bundan əlavə müqaviləyə edilmiş ödəniş cədvəlindən isə aydın olur ki, müştəri – Cavabdeh müvafiq olaraq xx.xx.2019-cu il tarixli müqavilə üzrə 02 sentyabr 2019-cu ildən başlayaraq ilkin ödəniş olaraq 20 manat olmaqla, 12 ay ərzində hər ay 39 (otuz doqquz) manat, sonuncu ay 30 (otuz) manat məbləğində pulu satıcı – İddiaçı ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Tərəflərin arasında bağlanmış müqavilə və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış mobil telefonu cavabdehə vermişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim olunmuş xəbərdarlıqda borcun mövcudluğu və ödənilməyəcəyi barədə məhkəməyə müraciət ediləcəyi barədə razılaşma əldə olunmuşdur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaya qarşı etirazını bildirməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə arayışdan aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 222 (iki yüz iyirmi iki) manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. Bunun əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən razılığa gəlmişlər ki, "Alıcı" ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i (bir faizi) həcmində "Satıcı”nın xeyrinə cərimə ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 222 manat əsas borcuna münasibətdə iddiaçı 66 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 11.1 (on bir manat, on qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 222 (iki yüz iyirmi iki) manat məbləğində əsas borc, 11.1 (on bir manat on qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 222 (iki yüz iyirmi iki) manat məbləğində əsas borc, 11.1 (on bir manat on qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar