Məhkəmə qərarları › İş №e-2(079)-148/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-148/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-148/2022 28.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı müqavilələr üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 24 fevral 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 27 noyabr 2018-ci il tarixli, MCK02830 və 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə 1162.53 (bir min bir yüz altmış iki manat, əlli üç qəpik) manat əsas və 312.68 (üç yüz on iki manat, altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1475.21 (bir min dörd yüz yetmiş beş manat, iyirmi bir qəpik) manat məbləğində borc və ödənilmiş 34.75 (otuz dörd manat, yetmiş beş qəpik) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli, MCK02830 və 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli nisyə alqı-satqı müqavilələrinə əsasən borcluya 2536.54 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ümumi qalıq borcu 1162.53 (bir min bir yüz altmış iki manat, əlli üç qəpik) manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3126.75 manat təşkil edir. Hazırda ona güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10 faizini ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10 faizi 312.68 (üç yüz on iki manat, altmış səkkiz qəpik) manat təşkil edir. Tələbin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin iddianın qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş yazılı sübutlardır. Belə ki, həmin sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini qismən əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Naxışnərgiz kəndində rəsmi qeydiyyatda olması görünür. Həmçinin ərizə və ona əlavə edilmiş sənədlərdə cavabdehin faktiki yaşayış yeri kimi onun ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 37, ev 29 qeyd edilmişdi. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 24 fevral 2022-ci il tarixli, 2(079)-148/2022 nömrəli məktubu ilə onun hər iki ünvanına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 28 fevral 2022-ci ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 22 avqust 2018-ci il tarixli, MCK02533 və 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilə tərəfləri aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - müqavilələrin predmeti adlanan 1-ci bəndinə əsasən satıcı alıcıya siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən mal(lar)ı satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir; - müqavilələrin 1.2-ci bəndindən aydın olur ki, satıcı 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə dəyəri 1439,04 (bir min dörd yüz otuz doqquz manat, dörd qəpik) manat və 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə dəyəri 1097.5 (bir min doxsan yeddi manat, əlli qəpik) manat olan avadanlıqları alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyalara görə müvafiq olaraq 250 (22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə) və 330 (27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə) manat ilkin ödəniş edərək malı qəbul edib, müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür; - müqavilələrin 2.4 və 2.4.1-ci bəndlərinə əsasən müqavilədə müəyyən olunmuş qaydada ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında və tam ödəmək alıcının vəzifəsidir; -müqavilələrin qüvvədə olma müddəti isə 5.1-ci bənd ilə müəyyən edilir ki, o imzalandığı andan qüvvəyə minir və müqavilə tərəflərin qarşılıqlı öhdəliklərinin tam yerinə yetirilənədək qüvvədə qalır. Müqavilələrə əlavə edilmiş 1 nömrəli əlavələrə görə Cavabdeh satılmış əşyaların dəyəri üçün “ödəniş cədvəli” əsasında 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə 22 sentyabr 2018-ci ildən başlayaraq 22 avqust 2019-cu il tarixədək İddiaçınə hər ay 99 (doxsan doqquz) manat (sonuncu ay 100,04 manat), 27 noyabr 2018ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə isə 27 dekabr 2018-ci ildən başlayaraq 27 oktyabr 2019-cu il tarixədək 64 (altmış dörd) manat (sonuncu ay 63,50 manat) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onları dəyərini hissə-hissə ödəməsi tərəflərin müqavilələrdən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəyə əlavə edilmiş 22 avqust 2018-ci və 27 noyabr 2018-ci il tarixli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilələrdən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş 13 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan və sifarişli poçt göndərişinin siyahısından onun müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi borclunun öhdəliyinin icra üsulunu seçmək hüququ kreditor, yəni iddiaçıya məxsusdur. O, isə hazırda cavabdeh tərəfindən əşyanın ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə ərizəyə əlavə edilmiş 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışlarından aydın olur ki, Cavabdeh 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə 590.54 (beş yüz doxsan manat, əlli dörd qəpik) manat, 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə isə 571.99 (beş yüz yetmiş bir manat, doxsan doqquz qəpik) manat olmaqla ümumilikdə 1162.53 (bir min bir yüz altmış iki manat, əlli üç qəpik) manat ödənilməmiş öhdəliyi mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 2.4.4-cü bəndindən müəyyən edilir ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür . Qeyd edilənlərdən İddiaçı Cavabdeh qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimə borcunun miqdarına gəldikdə iddia ərizəsinə əlavə edilmiş 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə 159.27 (bir yüz əlli doqquz manat, iyirmi yeddi qəpik) manat, 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə isə 153.41 (bir yüz əlli üç manat, qırx bir qəpik) manat olmaqla ümumilikdə 312.68 (üç yüz on iki manat, altmış səkkiz qəpik) manat miqdarında cərimə borcunun olması qeyd edilmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilələr üzrə cavabdehdən 1162.53 (bir min bir yüz altmış iki manat, əlli üç qəpik) manat əsas borc, onun gecikdirilməsinə görə 312.68 (üç yüz on iki manat, altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də məlum olur ki, cərimə borcu əsas borclara münasibətdə tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə 59 (əlli doqquz) manat, 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə isə 57 (əlli yeddi) manat olmaqla, ümumilikdə 116 (bir yüz on altı) manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, iş materiallarından cavabdehin ödəniş cədvəlinə əsasən 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə sonuncu ödəməni 22 avqust 2019-cu ildə, 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə isə 27 noyabr 2019-cu ildə həyata keçirməli olması müəyyən edilir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı iki ildən artıq müddətdə hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 34,75 (otuz dörd manat, yetmiş beş qəpik) manat dövlət rüsumunun 30 (otuz) manat, 23 (iyirmi üç) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə 590.54 (beş yüz doxsan manat, əlli dörd qəpik) manat əsas, 59 (əlli doqquz) manat cərimə borcu, 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə 571.99 (beş yüz yetmiş bir manat, doxsan doqquz qəpik) manat əsas və 57 (əlli yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 1278,53 (bir min iki yüz yetmiş səkkiz manat, əlli üç qəpik) manat borc Cavabdeh alınaraq İddiaçınə verilməli; -həmçinin Cavabdeh 30 (otuz) manat, 23 (iyirmi üç) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 22 avqust 2018-ci il tarixli, MCK02533 nömrəli müqavilə üzrə 590.54 (beş yüz doxsan manat, əlli dörd qəpik) manat əsas, 59 (əlli doqquz) manat cərimə borcu, 27 noyabr 2018-ci il tarixli, MCK02830 nömrəli müqavilə üzrə 571.99 (beş yüz yetmiş bir manat, doxsan doqquz qəpik) manat əsas və 57 (əlli yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 1278,53 (bir min iki yüz yetmiş səkkiz manat, əlli üç qəpik) manat borc Cavabdeh alınaraq İddiaçınə verilsin. Həmçinin Cavabdeh 30 (otuz) manat, 23 (iyirmi üç) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar