Məhkəmə qərarları › İş №e-2(079)-149/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-149/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-149/2022 24.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürərək cavabdehdən müqavilə üzrə 1211.26 manat qalıq borc, 216.94 manat cərimə borcu olmaqla cəmi 1428.20 manat borcun və 34.28 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində (bundan sonra - MPM) nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət edilməli və ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl edilməklə tərtib edilməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı MPM-də nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in 284-3-cü maddəsində kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu öz əksini tapıb. MPM-in 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. MPM-in 284-3.2 və 284-3.2.3-ci maddələrinə əsasən ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. İddiaçı kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsində cavabdeh olaraq Cavabdeh1 və Cavabdeh2 göstərsə də, iddia tələbində “cavabdehdən” borcun tutulmasını xahiş etmiş, beləliklə ərizədə iddia tələbinin yönəldiyi şəxslər, borcun kimlərdən hansı qaydada tutulması ilə bağlı tələb dəqiq göstərilməmişdir. MPM-in 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). İddiaçıya izah olunmalıdır ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 21 dekabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 34.28 (otuz dörd manat iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 21 dekabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 34.28 (otuz dörd manat iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar