Məhkəmə qərarları › İş №e-2(079)-150/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-150/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-150/2024 06.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “26” yanvar 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 06 mart 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********37911 olan Samsung Galaxy A 03 markalı mobil telefon, İMEİ kodu **********37572 olan Samsung Galaxy A 03 markalı mobil telefonlar üçün 265.20 (iki yüz atmış beş manat, iyirmi qəpik) manat məbləğində ödənilməmiş hissə və 26.80 (iyirmi altı manat, səksən qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 mart 2022-ci il tarixli müqaviləyə əsasən o, İMEİ kodu **********37911 olan Samsung Galaxy A 03 markalı mobil telefon, İMEİ kodu **********37 572 olan Samsung Galaxy A 03 markalı mobil telefon almış və nəticədə onun 292 (iki yüz doxsan iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 876.60 (səkkiz yüz yetmiş altı manat, atmış qəpik) manat (18 ay x 44.2+ 81 manat ilkin ödəniş) təşkil edən İMEİ kodu **********37911 olan Samsung Galaxy A 03 markalı mobil telefon, İMEİ kodu **********37 572 olan Samsung Galaxy A 03 markalı telefon üçün ümumilikdə 292 (iki yüz doxsan iki) manat olmaqla, ondan 265.20 (iki yüz atmış beş manat, iyirmi qəpik) manat məbləğində ödənilməmiş hissə və 26.80 (iyirmi altı manat, səksən qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 611.40 (altı yüz on bir manat, qırx qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh ilə bağlanmış 06 mart 2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyanın təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdı. Onunla aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit edilmiş öhdəlikləri icra etməmişdi. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Sirab kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 26 yanvar 2024-cü il tarixli məktubu ilə onun qeydiyyatda olduğu ünvanına Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri onun Babək rayonu, Sirab kəndində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddia tələbinin hüquqi həlli ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 06 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilə ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 mart 2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: -müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan malı, yəni Samsung Galaxy A 03 markalı iki ədəd mobil telefonu Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir; - müqavilənin 2.2, 2.3 və 3.7-ci bəndlərindən aydın olur ki, onun predmetini təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; -həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir. Bundan başqa müqaviləyə edilmiş əlavədən aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 06 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 18 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 44.20 (qırx dörd manat, iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 06 mart 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona göndərilmiş 03 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan və onun göndərilməsi barədə sifarişli poçt göndərişinin qəbzindən Cavabdeh müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də görünür ki, öhdəliyin icrası üsulunu seçmək alıcıya məxsusdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə cavabdehə verdiyi malın dəyərinin ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh 06 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə məbləğ 611.40 (altı yüz on bir manat, qırx qəpik) manat ödəniş etmiş və hazırda onun əsas borc üzrə iddiaçıya 265.20 (iki yüz atmış beş manat, iyirmi qəpik) manat məbləğində ödənilməmiş öhdəliyi mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqaviləyə edilmiş əlavədən müəyyən edilir ki, həmin əlavənin 2-ci və 5-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 87.66 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilsə də, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilə üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 26.80 (iyirmi altı manat, səksən qəpik) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da görünür ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 15.80 (on beş manat, səksən qəpik) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28,89 (iyirmi səkkiz manat, səksən doqquz qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 06 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 265.20 (iki yüz atmış beş manat, iyirmi qəpik) manat məbləğində ödənilməmiş hissə və 15.80 (on beş manat, səksən qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 281 (iki yüz səksən bir) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 28,89 (iyirmi səkkiz manat, səksən doqquz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 06 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 265.20 (iki yüz atmış beş manat, iyirmi qəpik) manat məbləğində ödənilməmiş hissə və 15.80 (on beş manat, səksən qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 281 (iki yüz səksən bir) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh 28,89 (iyirmi səkkiz manat, səksən doqquz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar