Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-171/2022 12.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16 mart 2022-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 02 mart 2020ci il tarixli müqavilə üzrə İMEİ kodu **********94206 olan X4 8 markalı telefon üçün 352.20 (üç yüz əlli üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 107.80 (bir yüz yeddi manat, səksən qəpik) manat məbləğində dəbbə pulu, ümumilikdə isə 461 (dörd yüz altmış bir) manat borc və ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin onun xeyrinə müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh onunla bağladığı 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94206 olan X4 8 markalı telefon almış və 461 (dörd yüz altmış bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02 mart 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 613.20 (altı yüz on üç manat, iyirmi qəpik) manat (12 ay x 51.10 manat) olan **********94206 İMEİ kodlu X4 8 markalı telefon üçün ümumilikdə 461 (dörd yüz altmış bir) manat olmaqla ondan, 353.20 (üç yüz əlli üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 107.80 (bir yüz yeddi manat, səksən qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 260 (iki yüz altmış) manat təşkil etmişdir. Həmçinin müqavilənin təminatı olaraq 02 mart 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludu. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru H.İsrafilzadə 10 may 2022-ci ildə teleqramla məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia tələbini müdafiə etdiklərini, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 02 mart 2020-ci ildə 20139804 nömrəli alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********94206 olan X4 8 markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zamin arasında 02 mart 2020-ci ildə 20139804 nömrəli zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki iş materiallarına əlavə olunmuş 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli müqavilədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında həmin tarixdə alqı-satqı müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehin iddiaçıdan İMEİ kodu **********94206 olan X4 8 markalı telefon alması barədə razılığa gəlmələri; - iddia ərizəsinə əlavə olunmuş 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli zaminlik müqaviləsindən Cavabdeh 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zamin arasında həmin tarixdə zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçının Cavabdeh aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcu cavabdehlərdən tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar qismən təsdiq etdiyindən onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları qismən təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli və 08 fevral 2022-ci il tarixli arayışlarından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan Cavabdeh və Zamin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olmaları aydın olur. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə Cavabdeh faktiki yaşayış yeri kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aeroport yolu, ev 1X qeyd edilmişdi. Məhkəmə 16 mart 2022-ci il tarixli məktubla iddia ərizəsinin surəti ona əlavə edilmiş sübutlarla birlikdə cavabdehlərə göndərərək onlara Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh və Zamin tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən yuxarıda qeyd edilən məhkəmə sənədlərinin Cavabdeh 29 mart 2022-ci ildə təqdim edilməsi müəyyən edilir. İş üzrə digər cavabdehə göndərilmiş məhkəmə sənədləri isə Zamin həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında alqı-satqı və Zamin ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun tutulmasıməbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 6.2-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02 mart 2020-ci il tarixli 20139804 nömrəli alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni İMEİ kodu **********94206 olan X4 8 markalı telefonu Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir; - müqavilənin 2.2-ci, 2.3-cü və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; - müqavilənin qüvvədə olma müddəti isə həmin müqavilənin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, həmin maddəyə əsasən müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir; - bundan əlavə müqaviləyə edilmiş əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən; - 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 10 aprel 2020-ci ildən başlayaraq 12 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 51.10 (əlli bir manat, on qəpik) manat ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hisə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onları dəyərini hissə-hissə ödəməsi onların müqavilələrdən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 02 mart 2020-ci tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdehlərin isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onlara göndərilmiş 29 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubundan onların müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının borcun geri qaytarılması tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zamin qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zamin arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zaminin tələbi ilə alıcı tərəfindən öhdəliyinin icrasının tam və ya qismən yerinə yetirilməməsi ilə əlaqədar zaminə məlumat verir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin zamindən alıcının öhdəliyinin icrasının yerinə yetirilməsini və alıcının ona olan borcunu tələb etmək hüququ vardır. Zamin əsas müqavilə üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır; -həmin müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, əsas müqaviləyə əsasən yalnız bütün ödənişlər tam və vaxtında ödənildikdə zaminlik müqaviləsinə xitam verilir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən Zamin 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh ilə birgə məsuliyyət daşıması müəyyən edilsə də, məhkəmə iddiaçının Zamin qarşı olan tələbini əsaslı qəbul etmir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları qeyd olunub. 477.0 və 477.0.4-cü maddələrin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd edilən maddi hüquq normasını iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında əsas öhdəliyinin icra edilməsinin son müddəti 10 mart 2021-ci il müəyyən edilmişdi. Bu isə o deməkdir ki, iddiaçı sonuncu qeyd edilən vaxtın tamam olmasından sonra bir il müddətində, yəni 10 mart 2022-ci ilədək Zamin qarşı iddia qaldıra bilərdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə 16 mart 2022-ci ildə müraciət etmişdi. Bu isə o deməkdir ki, iddiaçının Zamin qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt qanunvericiliyin tələbinə əsasən zaminliyə xitam verilmiş hesab edilir və bu səbəbdən də ona qarşı iddia tələbi əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının yaranmış borcun ödənilməsi tələbi yalnız Cavabdeh münasibətdə əsasılıdır. Cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 02 mart 2020-ci il tarixli 20139804 nömrəli müqavilənin 3-cü bəndindən aydın olur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəməyə təqdim olunmuş 04 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən Cavabdeh 02 mart 2020-ci il tarixli 20139804 nömrəli müqavilə üzrə 260 (iki yüz altmış) manat miqdarında ödəniş etməsi və hazırda onun iddiaçıya 353,20 (üç yüz əlli üç manat, iyirmi qəpik) manat ödənilməmiş öhdəliyi mövcud olması aydın olur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli müqaviləyə edilmiş əlavələrdən müəyyən edilir ki, həmin əlavələrin 2-ci və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 mart 2020-ci il tarixli 20139804 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 62 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimənin məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş 04 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlində Cavabdeh 02 mart 2020-ci il tarixli 20139804 nömrəli müqavilə üzrə cərimə borcunun 107.80 (bir yüz yeddi manat, səksən qəpik) manat təşkil etməsi göstərilsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli müqavilə üzrə cavabdehdən 352.20 (üç yüz əlli üç manat, iyirmi qəpik) manat əsas borc, onun gecikdirilməsinə görə 107.80 (bir yüz yeddi manat, səksən qəpik) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir (əsas borcun 30 faizi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, 35 (otuz beş) manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, iş materiallarından cavabdehin ödəniş cədvəlinə əsasən sonuncu ödəməni 10 mart 2021-ci il tarixdə həyata keçirməli olması müəyyən edilir. Müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı bir il müddətdə hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli müqavilə üzrə 353.20 (üç yüz əlli üç manat, iyirmi qəpik) manat əsas və 35 (otuz beş) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 388.20 (üç yüz səksən səkkiz manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -həmçinin Cavabdeh 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. 02 mart 2020-ci il tarixli, 20139804 nömrəli müqavilə üzrə 353.20 (üç yüz əlli üç manat, iyirmi qəpik) manat əsas və 35 (otuz beş) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 388.20 (üç yüz səksən səkkiz manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin iş üzrə Cavabdeh 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-171/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-171/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver