Məhkəmə qərarları › İş №e-2(079)-172/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-172/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-172/2024 23.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxxx 1990-cı il təvəllüdlü Cavabdeh 29 yanvar 2021-ci il tarixli, ZBK5994400 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 692 (altı yüz doxsan iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 07 iyul 2021-ci il tarixli, SRFK5991827 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1785 (min yeddi yüz səksən beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 400 (dörd yüz) manat faiz borcu, 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2899 (iki min səkkiz yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 29 yanvar 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1752 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 692 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 4359 (dörd min üç yüz əlli doqquz) manat faiz borcu yaranmışdır (692 manat x 630 gün x 1% = 4359 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Bundan başqa, Cavabdehİddiaçı MMC ilə müddəti15 ay olmaqla 07 iyul 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1785 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1785 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 8568 (səkkiz min beş yüz altımış səkkiz) manat faiz borcu yaranmışdır (1785 manat x 480 gün x 1%=8568 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 400 (dörd yüz) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh29 yanvar 2021-ci il tarixli, ZBK5994400 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 692 (altı yüz doxsan iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 07 iyul 2021-ci il tarixli, SRFK5991827saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1785 (min yeddi yüz səksən beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 400 (dörd yüz) manat faiz borcu, 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2899 (iki min səkkiz yüz doxsan doqquz) manat pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuş, cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci ildə ZBK5994400 nömrəli alqı-satqı müqaviləsi imzalanması və həmin müqavilə üzrə “NB Lenova L3-15İML” model notbukun nisyə alqı-satqısı barədə razılaşmalar əldə olunması, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş: - 29 yanvar 2021-ci il tarixli satınalma razılaşmasından tərəflər arasında “NB Lenova L3-15İML” model notbukun nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - “Satıcı”nın “Alıcı”ya 1752 (bir min yeddi yüz əlli iki) manat dəyərində “NB Lenova L3-15İML” model notbukun dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürməsi; - notbukun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın “NB Lenova L3-15İML” model notbuk) dəyərinin ümumilikdə 1752 (bir min yeddi yüz əlli iki) manat olması və bu məbləği müqavilədə qeyd edildiyi üzrə ödəyəcəyi barədə öhdəlik götürməsi, malın (paltaryuyanın) dəyərinin ümumilikdə 1752 (bir min yeddi yüz əlli iki) manat olması, ilkin ödəniş olaraq 162 (bir yüz altmış iki) manat olmaqla, qalan 1590 (bir min beş yüz doxsan) manat məbləğin 15 ay müddətinə aylıq 106 (bir yüz altı) manat hər ay malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İş materiallarına əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci ildə SRFK5991827 nömrəli alqı-satqı müqaviləsinin imzalanması və həmin müqavilə üzrə “NB Acer A315-57G-52UH” model notbukun nisyə alqı-satqısı barədə razılaşmalar əldə olunması, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - 07 iyul 2021-ci il tarixli satınalma razılaşmasından tərəflər arasında “NB Acer A315-57G-52UH” model notbukun nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - “Satıcı”nın “Alıcı”ya 1752 (bir min yeddi yüz əlli iki) manat dəyərində “NB Acer A315-57G-52UH” model notbukun dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürməsi; - notbukun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın (“NB Acer A315-57G-52UH” model notbuk) dəyərinin ümumilikdə 1785 (bir min yeddi yüz səksən beş) manat olduğunu və bu məbləği müqavilədə qeyd edildiyi üzrə ödəyəcəyi barədə öhdəlik götürməsi, malın (paltaryuyanın) dəyərinin ümumilikdə 1785 (bir min yeddi yüz səksən beş) manat olduğunu, ilkin ödəniş edilmədən ümumi 1785 (bir min yeddi yüz səksən beş) manat məbləği 15 ay müddətinə aylıq 119 (bir yüz on doqquz) manat hər ay malın qiymətini hissəhissə ödəməli olması aydın olur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onların dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 692 manat ödənildiyi 1060 manat borcun qaldığı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1785 manat məbləğində borcun olması müəyyən edilir. Cavabdehin iddiaçı ilə bağlamış olduğu müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 1202.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrə edilmiş əlavədən müəyyən edilir ki, borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytaımadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Əsas borcun məbləğinə münasibətdə maliyyə arayışının ödəniş cədvəlini müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, maliyyə və ödəniş cədvəli müqavilə üzrə əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə, nəzərə alına və kifayət sayıla bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 2477 manat əsas borcuna münasibətdə iddiaçı 500 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 123.85 (bir yüz iyirmi üç manat səksən beş qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 2477 (iki min dörd yüz yetmiş yeddi) manat məbləğində əsas borc, 123.85 (bir yüz iyirmi üç manat səksən beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2600.85 (iki min altı yüz manat səksən beş qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 2477 (iki min dörd yüz yetmiş yeddi) manat məbləğində əsas borc, 123.85 (bir yüz iyirmi üç manat səksən beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2600.85 (iki min altı yüz manat səksən beş qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 49 (qırx doqquz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar