Məhkəmə qərarları › İş №e-2(079)-192/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-192/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-192/2023 27.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 22 fevral 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində əsas borcun və 31 (otuz bir) manat məbləğində məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında əldə olunmuş razılığa əsasən, o, dəyərini ödəmək şərtilə iddiaçıdan istehlak məhsullarını qəbul etmişdir. Lakin əvəzi olaraq, iddiaçıya etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdehin İddiaçı qarşısında 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində debitor borcu yaranmışdır. Cavabdeh saxlanılma müddəti və şəraiti ilə məhdud olan və qida məhsulları hesab edilən istehlak məhsullarını iddiaçıdan 1110.10 manat məbləğdə təhvil götürmüş və bu barədə cavabdehin şəxsi imzası ilə xx.xx.2021-ci il tarxixli Təhvil-Təslim Aktla təsdiq etmişdir. Daha sonra 23 iyun 2021-ci il tarixdə cavabdeh iddiaçıya cəmi 100 (bir yüz) manat ödəniş etmişdir və borcun qalan 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində olan hissəsinin ödənilməsinə iddiaçı və cavabdeh arasında Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında “23”iyun 2021-ci il tarixli 062321 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndində göstərilir ki, cavabdeh 1010.10 (bir min on manat, on qəpik) manat borc məbləğini xx.xx.2021-ci il tarixdən ödəməyə başlamaqla 10 (on) ay müddətinə bərabər hissələrlə iddiaçıya tam ödəyəcəkdir. Tərəflərin qarşılıqlı münasibətlərinin olması faktını nəzərə alınaraq iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürülmüşdür. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir. Cavabdehin rəsmi qeydiyyatda olduğu Naxçıvan MR, ünvan 1i ünvanına 125 nömrəli, 22 iyun 2022-ci il tarixli pretenziya məktubu ilə, sonuncu dəfə xəbərdarlıq edilməklə borcun tam məbləğinin iddiaçının heasabına 3(üç) iş günü ərzində könüllü şəkildə ödəməsi təklif olunmuşdur. Lakin cavabdeh lazımi qaydada xəbərdar edilsə də oun tərəfindən borc məbləği ödənilməmişdir. İddiaçı tərəfindən məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir. Bu səbəbdən də borcun və vurulmuş zərərin əvəzinin, məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı direktoru Əliyar İsayev “25” aprel 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin inzibati binasının iddiaçının olduğu yerdən çox uzaqda olmasını və bilavasitə iclaslarda iştirak etmək üçün iddiaçı tərəfindən çəkiləcək xərclərin tələb olunan iddia məbləğinə nisbətdə tələbin səmərəsiz olacağına və cavabdehin əlavə öhdəliklərlə yüklənməsinin qarşısının alınması üçün 27 aprel 2023-cü il tarixə saat 0930-a təyin olunmuş məhkəmə iclasında və digər məhkəmə iclaslarında iddiaçının bilavasitə iştirakı olmadan iş üzrə təqdim edilmiş materiallar əsasında mahiyyəti üzrə işə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanması işin mübahisəsiz halıdır. Bunun işin mübahisəsiz halı olması iddia ərizəsinə əlavə edilmiş 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli müqavilə ilə öz təsdiqini tapır. İddiaçı isə Cavabdeh həmin müqavilə əsasında yaranmış borcun qaytarılmasını tələb edir. İddiaçının tələbini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması ilə bağlı istinad etdiyi sübut iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq edilən yazılı sübut olan tərəflər arasında borca dair bağlanmış mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavilədir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında ilin olaraq alqı-satqı, sonra isə mövcud borcun etirafı haqqında mücərrəd müqavilələrdən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdu. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2021-ci ildə mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında mücərrəd müqavilə imzalanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli müqaviləyə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1-ci bəndinə görə borclu etiraf edir ki, malların alqı-satqısı üzrə tələbkar və borclu arasında əldə olunmuş razılığa əsasən, dəyərini ödəmək şərtilə tələbkardan istehlak məhsullarını qəbul etmişdir, lakin əvəzi olaraq tələbkara etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə borclunun tələbkar qarşısında hazırki tarixə 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində ödənilməmiş debitor borcu (bundan sonra “Borc” adlanacaq) yaranmışdır; -2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcək və hazırki müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir; - 3-cü bəndinin tələbinə görə borclu tələbkara olan borc məbləğini 01 iyul 2021-ci il tarixdən ödəməyə başlamaqla 10 (on) ay müddətinə bərabər hissələrlə tam ödəyəcəkdir. Borc məbləği bu müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayın sonu, lakin ayın 30(otuz) gündən gec olmamaq şərti ilə Müqavilənin qüvvədə olduğu müddətdə müntəzəm olaraq ödənilir. Müqavilənin 3.1.-3.2.-ci bəndlərində göstərilən qaydalar borclu tərəfindən pozulduğu halda tələbkar Borcun hissə-hissə ödənilməsindən birtərəfli imtina etməklə qalıq borcun dərhal ödənilməsini tələb etmək hüququna malikdir; -4-cü bəndinə əsasən müqavilənin 1-ci bəndində göstərilən həcmdə borc məbləği tam olaraq ödənilməyənədək bu müqavilə öz qüvvəsində qalır. Tərəflər bu müqavilə üzrə götürülmüş öhdəliklərin tam həcimdə icra edilməsinə məsuliyyət daşıyır. Borc məbləği yalnız tam həcmdə ödənildikdən sonra bu müqaviləyə xitam verilə bilər. Müqaviləyə xitam verilməsi tərəflər arasında müvafiq aktla rəsmiləşdirilir; -11-ci bəndə görə müqavilə üzrə götürülən öhdəliklər tərəflər üçün məcburidir. Tərəflər arasında bağlanmış müqavilənin ümumi mahiyyətindən görünür ki, Cavabdeh İddiaçınə olan 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində borcunu 01 iyul 2021-ci il tarixdən başlayaraq 10 (on) ay müddətinə ödəməsi onun müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliyin icrasını sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə iddia ərizəsinə əlavə olunmuş 22 iyun 2022-ci il tarixli, 125 nömrəli xəbərdarlıq məktubundan Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi və bununla bağlı İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndəriməsi aydın olur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş və tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavilədən cavabdehin 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində borcunun olması qeyd edilib. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 31 (otuz bir) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli müqavilə üzrə Cavabdeh 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində borc alınaraq İddiaçınə verilməli; -həmçinin 31 (otuz bir) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, 062321 nömrəli müqavilə üzrə Cavabdeh 1010.10 (bir min on manat, on qəpik) manat məbləğində borc alınaraq İddiaçınə verilsin. Həmçinin 31 (otuz bir) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar