Məhkəmə qərarları › İş №e-2(079)-200/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-200/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-200/2022 26.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 12.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********07192 olan X1 8T markalı telefon üçün 465.40 (dörd yüz altmış beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 46.60 (qırx altı manat, altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə 512 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 12.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********07192 olan X1 8T markalı telefon almış və nəticədə 512 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 603.40 (altı yüz üç manat, qırx qəpik) manat (14 ay x 43.1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********07192 olan X1 8T markalı telefon üçün ümumilikdə 512 (beş yüz on iki) manat olmaqla, ondan, 465.40 (dörd yüz altmış beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.60 (qırx altı manat, altmış qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 94 manat təşkil edir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə sənədlərinin cavabdehə çatdırılması təmin olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 12 fevral 2020-ci ildə 20096475 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - yuxarıda qeyd edilən müqavilənin müvafiq olaraq 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni 12.02.2020-ci il tarixli müqavilə ilə İMEİ Kodu **********07192 olan X1 8T markalı telefonu Cavabdeh verir və müştəri isə qeyd edilən malları müqavilədə göstərilən şərtlərlə qəbul edir; - müqavilələrin 2.2, 2.3 və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmetini təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; - müqavilənin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir; - müqavilənin 3.11-ci maddəsi ilə müəyyən edilir ki, müştəri müqavilədə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öhdəliklərini pozarsa və s hallarda bu zaman güzəştli şərtlərlə əldə etmiş olduğu malı “ABC”nin tələbi ilə saz və korlanmamış vəziyyətdə ona geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. - bundan əlavə müqaviləyə edilmiş əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış 12 fevral 2020-ci il tarixli, 20096475 nömrəli müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən “ödəniş cədvəli” üzrə müştəri müvafiq olaraq 25 mart 2020-ci ildən başlayaraq 14 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 43.10 (qırx üç manat, on qəpik) manat ödəməyi öhdəsinə götürür. - həmçinin əlavənin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətə yerinə yetirmədikdə “Malı” geri qaytarır, bu zaman mal “ABC”-nin özü tərəfindən və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən olunan məbləğ “müştəri”nin ümumi borcundan çıxılır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yuxarıda qeyd edilən müqavilələrə əlavələrə əsasən “ödəniş cədvəli” üzrə müştəri 25 mart 2020-ci ildən başlayaraq 14 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 43.1 (qırx üç manat, on qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış 12 fevral 2020-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı İMEİ Kodu **********07192 olan X1 8T markalı telefonu cavabdehə vermişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini lazıminca icra etmişdir. 31.03.2022-ci il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda cavabdehə öhdəliyin icrasını gecikdirməsi barədə xəbərdarlıq olunmuş, həmçinin müqavilənin 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə saz və korlanmamış vəziyyətdə qaytarılmasını təklif etmiş, bu zaman malın şirkət tərəfindən birtərəfli qaydada qiymətləndiriləcəyi, bu mümkün olmadıqda isə malın dəyərinin tam şəkildə qaytarılacağı barədə bildirilmiş, öhdəliyin icrası tələbi ilə bağlı çağırışa 3 gün ərzində riayət olunmadığı təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həlli ilə bağlı qaydalara əməl olunmuşdur. Cavabdeh isə iddiaçı ilə bağlamış olduğu müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqaviləyə edilmiş əlavədən müəyyən edilir ki, həmin əlavənin 2-ci və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və uyğun olaraq müqaviləyə edilmiş əlavəyə əsasən 61 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcun və cərimənin miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 04 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən Cavabdeh 12.02.2020-ci il tarixli müqavilə üzrə cəmi ödəmiş olduğu məbləğin 138 (bir yüz otuz səkkiz) manat təşkil etdiyi, iddiaçıya 465.40 (dörd yüz altmış beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 46.60 (qırx altı manat, altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 512 manat borcunun olduğu aydın olur. Əsas borcun və cərimənin məbləğinə münasibətdə maliyyə və ödəniş cədvəlini müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, maliyyə və ödəniş cədvəli müqavilə üzrə əsas borcun və cərimənin miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə, nəzərə alına və kifayət sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 12.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********07192 olan X1 8T markalı telefon üçün 465.40 (dörd yüz altmış beş manat, qırx qəpik) manat ödənilməmiş əsas borc, 46.60 (qırx altı manat, altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 512 (beş yüz on iki) manat borc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz manat) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar