Məhkəmə qərarları › İş №e-2(079)-225/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-225/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-225/2022 26.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin qəbul etməkdən imtina haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “26” aprel 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək 478 (dörd yüz yetmiş səkkiz) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı Cavabdeh qarşı olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Həmin əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamasıdır. Məhkəmə qanunvericiliyin sonuncu qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı borc tələbini sonuncu ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmasını əsaslandırsa da, iddia ərizəsinə tərəflər arasında bağlanmış 24 noyabr 2013-cü il tarixli, 06460 nömrəli borc müqaviləsini əlavə edilmişdi. Bu isə o deməkdir ki, iddiaçının tələbi alqı-satqı deyil, borc müqaviləsindən yaranan əqdə əsaslanır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd edilən maddi hüquq normasının tələbindən görünür ki, borc müqaviləsi üzrə tərəflərin müqavilədən yaranan öhdəliyi iddiaçının pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (cavabdehə) keçirmək, digər iştirakçının (cavabdehin) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində iddiaçıya qaytarmaqdır. Hazırki vəziyyətdə isə İddiaçı öz tələbinin təsdiq edən halların mövcudluğu ilə bağlı təqdim etməli olan əsas sübutlardan biri müqavilə üzrə müəyyən edilmiş əşyanı - pulu Cavabdeh təhvil verilməsi olsa da, o bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdi. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyil. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə İddiaçı izah edilsin ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yekunda məhkəmə onu da qeyd edir ki, Məsimov X2 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçı izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar