Məhkəmə qərarları › İş №e-2(079)-311/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-311/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-311/2022 18.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 31 may 2022-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 478 (dörd yüz yetmiş səkkiz) manat məbləğində borcun və iddia verilməsi ilə bağlı ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə “Era Electronics” mağazası arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli, 06460 nömrəli müqaviləyə əsasən cavabdeh mağazadan kreditlə 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində məişət avadanlığını ayda 44 (qırx dörd) manat ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən öhdəliyi 12 ay müddətə icra etməyi üzərinə götürmüşdü. Cavabdeh ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə onunla bağladığı 24 dekabr 2013-cü il tarixli, 06460 nömrəli müqavilənin tələblərini pozmuşdu. Cavabdeh bu günədək ümumilikdə 50 (əlli) manat məbləğində ödəniş etsə də, hazırda onun müqavilə üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat borcu qalmışdı. İddia ərizəsi Babək Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 30 iyun 2022-ci il tarixə Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Həmin hazırlıq iclasında tərəflər iştirak etməmiş, iddiaçı isə 01 iyun 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək 30 iyun 2022-ci il tarixdə keçiriləcək məhkəmə hazırlıq iclasında Bakı şəhərində qeydiyyatda olması və orada yaşaması səbəbindən iştirak edə bilməyəcəyini bildirmişdi. Həmin tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası cavabdeh iştirak etmədiyi, həmçinin iddiaçıya əlavə sübut təqdim edilməsi ilə bağlı verilmiş təklifə cavab vermədiyi üçün təxirə salınaraq 21 iyul 2022-ci il tarixə, saat 1600-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Sonuncu qeyd edilən vaxtda təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar iclasda iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bundan sonra mülki iş üzrə məhkəmə baxışı iclası 18 avqust 2022-ci il tarixə, saat 1500-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə 21 iyul 2022-ci il tarixli məhkəmə bildirişi, həmçinin iddiaçıya SMS bildiriş vasitəsi məlumat verilmiş və müvafiq məhkəmə bildirişi İddiaçı elektron kabinetinə 21 iyul 2022-ci ildə yerləşdirilmişdi. Tərəflər isə məhkəmə baxışı iclasında iştirak etmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin qeyd edilən faktiki halını nəzərə alan məhkəmə bildirir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxılmasına imkan vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.4cü maddələrinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Sözügedən Məcəllənin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə görə isə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki iş materiallarından aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 27 may 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 27 may 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar