Məhkəmə qərarları › İş №e-2(079)-327/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-327/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-327/2022 06.07.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “13” iyun 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli alqı-satqı müqaviləsi üzrə 808 (səkkiz yüz səkkiz) manat əsas, 242.40 (iki yüz qırx iki manat, qırx qəpik) manat dəbbə pulu (cərimə), 07 oktyabr 2019-cu il tarixli, STN07- 0153 nömrəli alqı-satqı müqaviləsi üzrə 894 (səkkiz yüz doxsan dörd) manat ödənilməmiş əsas, 268.20 (iki yüz altmış səkkiz manat, iyirmi qəpik) manat dəbbə pulu (cərimə) borcu olmaqla, ümumilikdə isə 2212.60 (iki min iki yüz on iki manat, altmış qəpik) manat borcun və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, X2 ilə Cavabdeh arasında 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh “Texnoplus” mağazasından Whirlpool SPOW 422/2 markalı kondisioner almışdı. Hədiyyə verən X2 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli, BM-011/21 nömrəli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana 07 iyul 2019-cu il tarixli, STN03-0088 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdi. Müqavilə ilkin ödənişsiz 12 aylıq ödəmə şərti ilə bağlanmışdı. Müqaviləyə əsasən borclu qalıq 1356 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə hər ay 112 manat ödəniş etməli idi. Cavabdeh 26 avqust 2019-cu və 07 oktyabr 2019-cu ildə 224 manat, 26 oktyabr 2021-ci ildə 100 manat ödəniş etməklə cəmi 548 manat ödəniş etmişdi. Onun müqavilə üzrə 808 manat qalıq borcu var. Gecikmə ilə əlaqədar 27 may 2022-ci il tarixə qədər yaranan dəbbə borcu isə 242.60 manat təşkil edir. Cavabdeh həm ödəniş etməsi, həm də bağışlama müqaviləsi üzrə xəbərdarlıq məktubu göndərilmişdi. Bundan başqa İddiaçı ilə Cavabdeh arasında 07 oktyabr 2019-cu il tarixli, STN07- 0153 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh “Texnoplus” mağazasından HP HP250G7 markalı notebook almışdı. Müqavilə ilkin ödənişsiz 18 aylıq ödəmə şərti ilə bağlanmışdı. Müqaviləyə əsasən borclu qalıq 1116 manat ümumi məbləği 18 ay ödəniş etmək şərti ilə hər ay 61 manat ödəniş etməli idi. Cavabdeh 10 noyabr 2019-cu ildə 122 manat, 26 oktyabr 2021-ci ildə 100 manat ödəniş etməklə cəmi 222 manat ödəniş etmişdi. Onun müqavilə üzrə 894 manat qalıq borcu var. Gecikmə ilə əlaqədar 27 may 2022-ci il tarixə qədər yaranan dəbbə borcu isə 268.20 manat təşkil edir. Tab” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetisə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin hüququ həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qismən əsaslı olduğundan, əsaslı sayıldığı hissədə təmin edilməlidir. Məhkəmənin iddianın qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə iddiaçının ərizənin surəti məhkəmənin 13 iyun 2022-ci il tarixli, 2(079)- 327/2022 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu yer üzrə ünvanına rəsmi qaydada göndərilmişdi. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 16 iyun 2022-ci ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə X2 arasında 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli, İddiaçı ilə 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli alqı-satqı müqavilələri, həmçinin X2 ilə İddiaçı arasında 11 yanvar 2021-ci il tarixli, BM-011/21 nömrəli tələb hüquqlarının tələbin güzəşti qaydasında ötürülməsinə dair bağışlama müqaviləsi bağlanmışdı. Qeyd edilən alqı-satqı müqavilələri üzrə müqavilə tərəfləri iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilələrin: - 1.1 və 1.3-cü bəndlərinə əsasən satıcı alıcının sifarişi əsasında malların (bundan sonra mal) nisyə satışını həyata keçirir. Müqaviləyə əsasən satıcı alıcıya Whirlpool SPOW 422/2 markalı kondisioner və HP HP250G7 markalı notebook satır. Alıcı isə həmin malı qəbul edir; - 2.1 və 2.3-cü bəndlərindən aydın olur ki, müqavilələrin 1.3-cü bəndində qeyd edilmiş mal(lar)ın qiyməti, yəni Whirlpool SPOW 422/2 markalı kondisionerin dəyəri 1356 (bir min üç yüz əlli altı), HP HP250G7 markalı notebookun dəyəri 1116 (bir min bir yüz on altı) manatdır. Alıcı tərəfindən alınmış mal(lar)ın ümumi dəyərinin qalıq məbləği müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə satıcıya ödənilir; - 3.1 və 3.2-ci bəndlərinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın dəyərinin tam ödənilməsini və ya dəyəri ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Əşyanın satıcısı alıcı tərəfindən mal(lar)ın dəyəri tam ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlayır. Əgər alıcı mal(lar)ın dəyərinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və əşyanı geri götürmək hüququ vardır; - 4.1-ci bəndlərinə əsasən müqavilələrin müddəti müvafiq olaraq 12 (07 iyul 2019cu il tarixli, STN07-0088 nömrəli müqavilə) və 18 (07 oktyabr 2019-cu il tarixli, STN07- 0153 nömrəli müqavilə) ay təşkil edir. Bundan əlavə müqavilələrə edilmiş əlavələrdən aydın olur ki; - 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 07 avqust 2019-cu ildən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 112 (bir yüz on iki) manat, sonuncu ay isə 124 (bir yüz iyirmi dörd) manat; -07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 07 noyabr 2019-cu ildən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 61 (altmış bir) manat, sonuncu ay isə 79 (yetmiş doqquz) manat ödəməyi öhdəsinə götürür. Hədiyyə verən X2 ilə hədiyyə alan İddiaçı arasında 11 yanvar 2021-ci il tarixli, BM- 011/21 nömrəli tələb hüquqlarının tələbin güzəşti qaydasında ötürülməsinə dair bağışlama müqaviləsinin 1-ci bəndindən hədiyyə verənin hədiyyə alana əvəzsiz olaraq 07 iyul 2019cu ildə 12 aylıq bağlanan STN07-0088 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını İddiaçınə verməsi aydın olur. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onları dəyərini hissə-hissə ödəməsi onların müqavilələrdən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli və 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş 27 may 2022-ci il tarixli xəbərdarlıq məktublarından və onların göndərilməsi barədə sifarişli poçt göndərişinin qəbzindən Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 27 may 2022-ci il tarixli maliyyə arayışlarından aydın olur ki, Cavabdeh 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli müqavilə üzrə 548 (beş yüz qırx səkkiz) manat və 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli müqavilə üzrə isə 222 (iki yüz iyirmi iki) manat ödəniş etmiş və hazırda onun iddiaçıya birinci müqavilə üzrə 808 (səkkiz yüz səkkiz) manat, ikinci müqavilə üzrə isə 894 (səkkiz yüz doxsan dörd) manat məbləğində əsas borcu var. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrə edilmiş əlavələrdən və müqavilələrin 5.3cü bəndlərindən müəyyən edilir ki, müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə alıcı hər gecikdirilən gün üçün aylıq ödənişinin 1 faizi həcmində əlavə cərimə ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimənin miqdarına gəldikdə, iddia ərizəsinə əlavə edilmiş 27 may 2022-ci il tarixli maliyyə arayışlarında qeyd edilir ki, Cavabdeh 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli müqavilə üzrə 242.40 (iki yüz qırx iki manat, qırx qəpik) manat və 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli müqavilə üzrə 268.20 (iki yüz altmış səkkiz manat, iyirmi qəpik) manat dəbbə (cərimə) borcu var. İddiaçının tələbindən onun 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli üzrə cavabdehdən 808 (səkkiz yüz səkkiz) , 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli müqavilə üzrə 894 (səkkiz yüz doxsan dörd) manat əsas borc, onların gecikdirilməsinə görə müvafiq olaraq 242.40 (iki yüz qırx iki manat, qırx qəpik) manat və 268.20 (iki yüz altmış səkkiz manat, iyirmi qəpik) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də məlum olur ki, cərimə borcu əsas borclara münasibətdə tənasübsüz şəkildə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli müqavilə üzrə 80 (səksən) manat, 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli müqavilə üzrə isə 89 (səksən doqquz) manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, iş materiallarından cavabdehin ödəniş cədvəlinə əsasən 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli müqavilə üzrə sonuncu ödəməni 07 iyul 2020-ci ildə, 07 oktyabr 2019-cu il tarixli, STN07- 0153 nömrəli müqavilə üzrə isə 07 aprel 2021-ci ildə həyata keçirməli olması müəyyən edilir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı 07 iyul 2019-cu il tarixli, STN07- 0088 nömrəli müqavilə üzrə iki, 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli üzrə bir ildən artıq müddətdə hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbini qismən əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat, 80 (səksən) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli müqavilə üzrə 808 (səkkiz yüz səkkiz) manat məbləğində əsas, 80 (səksən) manat məbləğində cərimə borcu, 07 oktyabr 2019-cu il tarixli, STN07-0153 nömrəli müqavilə üzrə 894 (səkkiz yüz doxsan dörd) manat məbləğində əsas, 89 (səksən doqquz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1871 (bir min səkkiz yüz yetmiş bir) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçınə verilməli; -Cavabdeh 35 (otuz beş) manat, 80 (səksən) qəpik miqdarında dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli; -iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 07 iyul 2019-cu il tarixli, STN07-0088 nömrəli müqavilə üzrə 808 (səkkiz yüz səkkiz) manat məbləğində əsas, 80 (səksən) manat məbləğində cərimə borcu, 07 oktyabr 2019cu il tarixli, STN07-0153 nömrəli müqavilə üzrə 894 (səkkiz yüz doxsan dörd) manat məbləğində əsas, 89 (səksən doqquz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1871 (bir min səkkiz yüz yetmiş bir) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçınə verilsin. Cavabdeh 35 (otuz beş) manat, 80 (səksən) qəpik miqdarında dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia digər hissədə əsassız olduğundan rədd edilməlsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar