Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-339/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnfomrasiya Sisitemi vasitəsi ilə ərizə ilə müraciət edərək, Cavabdeh Sahib oğlundan 930,00 (doqquz yüz otuz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixində saat 23:17 radələrində Bakı- Quba yolunun 8-ci kilometrliyində Cavabdeh Sahib oğlu idarə etdiyi və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 200D” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobil “X5 Prado” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilən TP4902895 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Sahib oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “X5 Prado” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 930,00 (doqquz yüz otuz) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA106518/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 930,00 (doqquz yüz otuz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan belə məlum olur ki, xx.xx.2021-ci il tarixli PXA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında Sığortaçı ilə Sığortalı istehsal ili 1994 olan, 50DS710 dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ 200D model minik nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 5000 (beş min) manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə: 1) bir şəxsin sağlamlığına dəyən zərər üzrə: 5000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği ilə, sığorta haqqının hesablanması, sığorta haqqı 75 manat, yekun sığorta haqqı 56.25 manat olmaqla, 12 ay sığorta təminat müddəti ərzində xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 100 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. PXA106518 nömrəli Sığorta Aktından ümumi məlumatlar bölməsində PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə MERCEDES BENZ 200D markalı, 50DS710 dövlət qeydiyyat nişanlı, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müddətdə, 55000.00 manat sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolu 8.km-də baş verdiyi, sığortalanmış avtomobil – MERCEDES BENZ 200D markalı, 50DS710 dövlət qeydiyyat nişanlı avtomobilin “X5 Prado” markalı 90DD844 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, dəymiş zərərin "xxxx" MMC tərəfindən təqdim olunan aktı barədə hesabata uyğun olaraq müəyyən edildiyi, maddi ziyanın ümumi məbləğinin 930.00 AZN olduğu, sığorta ödənişinin 930.00 AZN olmaqla köçürülmə üsulu ilə verildiyi, sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. "xxxx" MMC tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli, 375 nömrəli qiymətləndirmə aktından “X5 Prado” markalı, 90DD844 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 930.00 manat həcmində olması müəyyən edildiyi, qiymətləndirmə aktı üzrə tamamlanmış işlər - dəmirçi işi (arxa sağ qanadın təmiri) 50 manat, rəngsaz işi (arxa bamper) 90 manat, rəngsaz işi (arxa sağ qanad) 90 manat, rəngsaz işi (baqaj qapısı) 90 manat, armatur işi (arxa bamperin sökülüb yığılması) 40 manat, elerktrik işi (arxa radarların sökülüb yığılması) 10 manat olmaqla, yekun 370 manat, qiymətləndirmə aktı məxaric fakturası – arxa bamper (1 ədəd) 280 manat, sağ stop işığı (1 ədəd) 120 manat, arxa bamperin sağ tərəf işığı (1 ədəd) 60 manat, arxa bamperin üst kantı (1 ədəd) 100 manat olmaqla yekun 560 manat olduğu müəyyən olunur. xx.xx.2022-ci il tarixli, 2597 nömrəli ödəniş tapşırığından 930.00 manat dəymiş zərərin məbləği olan sığorta ödənişinin köçürmə yolu ilə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən X1 AZ05HAJCHCRAZN**********7058 nömrəli hesab nömrəsinə köçürüldüyü müəyyən olunur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 05/01-666 nömrəli cavabdehə ünvanlanmış pretenziya məktubundan xx.xx.2022-ci il tarixində saat 23:17 radələrində Bakı-Quba yolunun 8-ci kilometrliyində idarə etdiyi və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 2OOD” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X6 Prado” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu və nəticədə sonuncuya maddi zərər dəydiyi, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə 930 (doqquz yüz otuz) manat məbləğində sığorta ödənişinin həyata keçirildiyi, Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququnun qeyd edildiyi, həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alnımaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnun yarandığı, yuxarıda qeyd olunanları və hadisə zamanı hadisə yerindən yayındığını nəzərə alaraq 930 (doqquz yüz otuz) manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC tərəfnidən qeyd olunmuş bank hesabına və ya Milli Ön aparatlarından (Xalq Bank/Hüquqi şəxslər/Müştəri kodu: 154830/ VÖEN: **********/ Cari, hesaba mədaxil/ Təyinata ad, soyad və PXA********** yazmaqla) 7 (yeddi) iş günü ərzində könüllü ödəməsinin təklif edildiyi, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyini və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də cavabdehdən tutulacağı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi MERCEDES BENZ 200D " markalı, 50DS710 dövlət qeydiyyat nişanlı Bakı-Quba yolunun 8-ci km-də “X5 Prado” markalı, 90DD844 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən MERCEDES BENZ 200D markalı, 50DS710 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı və 327.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “X5 Prado” markalı, 99DD844 dövlət qeydiyyat nişanlı avtomobilə 930.00 manat məbləğində maddi zərər dəymişdir. PXA106518 saylı sığorta aktı əsasında xx.xx.2022-ci il tarixli, 2597 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 930.00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. PXA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı 50DS710 dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ 200D model minik nəqliyyat vasitəsinin 1 il sığorta təminat müddəti ərzində xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. “X5 Prado” minik markalı və modelli nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli, 375 nömrəli aktına görə nəqliyyat vasitəsinə vurulmuş 930.00 manat məbləğində zərər zərərçəkən X1 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və təqsirli olduğu hadisə yerindən yayınması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 930.00 (doqquz yüz otuz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 930.00 (doqquz yüz otuz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-339/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-339/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver