Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-376/2024 07.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin qəbul etməkdən imtina haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlərə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “07” may 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamasıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini 22 avqust 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi yerindən cavabdehin yayınması və nəticə ona qarşı subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdı. Məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də 25.1.8-ci maddəsinə görə həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması inzibati xəta tərkibinin yaranmasına səbəb olan hadisədir. Həmin Məcəllənin 8.1-ci maddəsi ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunvericiliyin tələbindən də görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müvafiq qanuni qüvvəyə minmiş qərarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər isə mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, iddiaçı ərizəsinə bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin X5 şöbəsinin AP seriyalı, ******* nömrəli, 25 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolu və eyni tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı təqdim etmişdi. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci və 89.3-cü maddələrinin tələbinə görə yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçı isə məhkəməyə sözü gedən inzibati xəta haqqında qərarın əslini və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini deyil, onun ksero surətini təqdim etmiş, həmçinin həmin qərarın qanuni qüvvəyə minməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdi. Həmin sənəd isə iddiaçının tələbinə birbaşa təsir edən sübutdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 10-1.3-cü maddəsində isə qeyd edilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda qeyd edilənlərdən başqa məhkəmə onu da qeyd edir ki, aşağıda qeyd edilənlər iddiaçının ərizəsinin geri qaytarılması üçün əsaslar olsa da, hazırda isə məhkəmə ərizənin qəbul olunmasından imtina olunması nəticəsinə gəldiyindən iddiaçının məhkəməyə yenidən müraciət etmə ehtimalı, həmçinin süründürməçilik hallarının qarşısının alınması nəzərə alaraq iddiaçının nəzərinə onu da çatdırır ki, mülki prosessual qanunvericilik şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 149.1, 150.1 və 150.1.3-cü maddələrinin mahiyyətindən isə aydın olur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, elektron qaydada ərizəni X3 ona Yusif Soltanov tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli etibarnamə əsasında imzalamışdı. Etibarnamədə isə sonuncu qeyd edilən şəxsin İdarə heyəti sədri olması qeyd edilsə də, onun vəzifəsini təsdiq edən, yəni hüquqi şəxsin adından belə etibarnamə vermək səlahiyyətini təsdiq edən təsis sənədi, nizamnamə, hüquqi şəxsin qeydiyyatına dair çıxarış, xidməti vəzifəsini bildirən hər hansı digər sənəd iddia ərizəsinə - "Elektron Məhkəmə" informasiya sisteminə əlavə edilməmişdi. Halbuki, yuxarıda qeyd edilən prosessual norma ilə müəyyən edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İşin qeyd edilən faktiki halı isə özlüyündə X1 olmasını müəyyən edilməsinə təsir edir. Bundan başqa ərizəyə əlavə edilmiş iş yerinə dair arayışdan X3 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinin müddətinin 01 may 2024cü ildə bitməsi aydın olur. Arayışın çap edilmə vaxtının 06 fevral 2024-cü il olmasını, ərizənin isə 07 may 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə imzalanmasını nəzərə alan məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilən ərizəni iddiaçının adından X3 imzalamağa səlahiyyətli deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-376/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-376/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver