Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-450/2025 27.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı 23 iyun 2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan 2011-ci il buraxılışlı, HONDA İNSİGHT (HİBRİD) minik markalı, 09BN780 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və digər Cavabdeh1 isə xx.xx.2022-ci il tarixli müqavilə üzrə bu günə qalan 7.000 (yeddi min) manat borcun, həmçinin ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, o, yuxarıda qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, iddia ərizəsi Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılarkən sözügedən hala istinad olunsa da iddiaçı yenidən məhkəməyə həmin nöqsanı aradan qaldırmadan iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərmədən müraciət etmişdir. MPM-in 152.1 və 152.1.1-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Bu zaman iddiaçı tərəfindən hər bir cavabdehə qarşı qaldırılmış iddianın qiymətinə müvafiq olaraq dövlət rüsumu ödənilməlidir. Belə ki, MPM 108.1 və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Belə ki, iddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə Cavabdeh1 qarşı qaldırdığı iddiaya müvafiq olaraq dövlət rüsumunu ödəməsinə baxmayaraq (məhkəmə bu zaman prosessual qənaət prinsipini nəzərə alaraq qaytarılmasına dair qərar verilmiş, lakin hələ icraya yönəldilməmiş dövlət rüsumunun ödənilməsini nəzərə alır), digər Cavabdeh2 qarşı qaldırdığı iddiaya müvafiq olan dövlət rüsumunun ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. MPM-in 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3). İddiaçı izah olunmalıdır ki, MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı məhkəməyə yenidən müraciət edərkən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmış xx.xx.2025-ci il tarixdə, ********** (GPP) nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumuna istinad etdiyindən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə əmlak və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-450/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-450/2025
27.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver