Məhkəmə qərarları › İş №e-2(079)-579/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-579/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-579/2023 23.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu tarixli, MCK03645 №-li müqavilə üzrə 164 manat qalıq borcu, 178.89 manat cərimə borcu olmaqla, cəmi 342.89 manat məbləğində iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli, MCK03645 №-li nisyə alqısatqı müqaviləsinə (“müqavilə”) əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 46 manat, sonuncu ay üçün isə 51 manat ödəmək şərti ilə, 557 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, MCK03645 saylı müqavilə üzrə qalıq borcu 164 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 596.33 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 178.89 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, MCK03645 saylı müqavilə üzrə 164 manat qalıq borcu, 178.89 manat cərimə borcu olmaqla, cəmi 342.89 manat borcu yaranmışdır. Bildiririk ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştər"xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli, MCK03645 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu il tarixli, MCK03645 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilə də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02 avqust 2019-cu ildə nisyə alqısatqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin predmeti adlanan 3-cü bölməsinə əsasən "Satıcı" “Alıcı’ya siyahısı Təhvil-Təslim aktında (Əlavə 2) göstərilən Mal(lar)ı satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcıya ödəyir; - müqavilənin 4.1-ci yarımbəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəniş həyata keçirilməsini Alıcıdan tələb edir; - müqavilənin 5.1-ci yarımbəndinə əsasən alıcı nisyə malın keyfiyyətini mağazada yoxlayıb təhvil-təslim aktını imzalamaqla qəbul edə bilər. Malların keyfiyyəti barədə irad olduqda onları qəbul etməkdən imtina edə bilər; - müqavilənin 5.5-ci yarımbəndinə əsasən alıcı öhdəliklərin pozulmasına görə Satıcının tələbi olduqda malı dərhal qaytarmalıdır; - müqavilənin 5.6-cı yarımbəndinə əsasən Borcun ödənişi gecikdirildıkdə hər gecıkdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməlidir; - müqavilənin 6-cı bəndinin müvafiq yarımbəndlərinə əsasən alıcı Müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək; Nisyə malın Satıcıya qaytarılmasını tələb etmək (qaytarılmış malın razılaşdırılmış qiyməti borcu tam ödəmədikdə qalıq borcu ümumi qaydada ödəmək şərti ilə) tələblərindən birini irəli sürməkdə haqlıdır; - müqavilənin 8.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyindən və Malların zəmanət şərtlərindən başqa qayda irəli gəlmirsə qaytarılmasına yalnız Satıcının tələbi olduqda Alıcı götürdüyü müqavilə öhdəliklərini icra etməyəcəyini açıqca bəyan etdikdə; Alıcı götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada icra etmədikdə və ya edə bilmədikdə; Alıcı müqavilə borcunu tam ödəyənə qədər malları özgəninkiləşdirdikdə və ya buna cəhd etdikdə məhdudlaşmayan hallarda yol verilir. - müqavilənin 9-cu bəndinə əsasən Borc tam ödənilənə qədər Malların üzərində mülkiyyət hüquqları Satıcıya məxsusdur. Mallar Alıcının mülkiyyətinə keçənədək üçüncü şəxslərə verilməsi müqavilənin Satıcı tərəfindən birtərəfli ləğvinə əsasdır (cehiz istisna olmaqla); - müqavilənin 10-cu bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra qüvvəyə minir və öhdəliklərin tam icrasından sonra öz qüvvəsini itirir. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında aparılmış elektron yazışmalar (sms, whatsapp və s.) etibarlı sübut hesab olunur. Qarşılıqlı razılaşma yolu ilə həll olunmayan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Bu müqavilə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib olunur, tərəflərin imza və (və ya) möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minmək şərti ilə Satıcıda iki, Alıcıda bir nüsxə saxlanılır. Müqaviləyə edilmiş 1 nömrəli əlavəyə görə Cavabdeh satılmış əşyaların dəyəri üçün “ödəniş cədvəli” əsasında 02 avqust 2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə 16 sentyabr 2019-cu ildən başlayaraq 02 avqust 2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 46 (qırx altı) manat (sonuncu ay 51 manat) ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş 02 avqust 2019-cu il tarixli alıcı Cavabdeh imzası ilə təsdiq olunmuş təhvil-təslim aktından məlum olur ki, satıcı 1 ədəd Fendaraq Philips HP8656/00 adlı, 189.00 manat məbləğli, 1 ədəd Üz qırxan Philips S1510/04 adlı, 189.00 manat məbləğli, 1 ədəd Blender BOSCH MSM87160 adlı, 179 manat məbləğli əşyaları satıcı alıcıya vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi tərəflərin müqavilədən irəli gələn əsas öhdəliyidir. Cavabdeh isə iddiaçı ilə bağlamış olduğu müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən ona göndərilmiş bildirişdən onun müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur Cavabdeh tərəfindən iddiaya qarşı heç bir etiraz irəli süülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 5.6-cı bəndi ilə razılığa gəlmişlər ki, alıcı tərəfindən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3% həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 164 manat əsas borcuna münasibətdə iddiaçı 178.89 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 8.20 (səkkiz manat iyirmi qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən irəli sürülməsinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş 01 sentyabr 2022-ci il tarixli «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış faktorinq müqaviləsi ilə razılığa gəlmişlər ki, faktor müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində qeyd edilən borclu ilə bağladığı müqavilədən irəli gələn pul tələbini faktora güzəşt edir, faktor isə tələbin güzəşti müqabilində əlavədə nəzərdə tutulan pul vəsaitini müştərinin təqdim etdiyi pul tələbinin etibarlı olmasını təsdiqləyən sənədlər əsasında ona verməyi öhdəsinə götürür. Sözügedən əlavədə Cavabdeh da adı qeyd olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 164 (bir yüz altmış dörd manat) manat məbləğində əsas borc, 8.20 (səkkiz manat iyirmi qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 172.20 (bir yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, MCK03645 nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 164 (bir yüz altmış dörd manat) manat məbləğində əsas borc, 8.20 (səkkiz manat iyirmi qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 172.20 (bir yüz yetmiş iki manat iyirmi qəpik) manat borc Cavabdeh tutularaq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar