Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-592/2025 03.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyəti “01” sentyabr 2025-ci ildə "Elektron Məhkəmə" İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 3200 (üç min iki yüz) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 3200 (üç min iki yüz) manat pulun və 52.00 (əlli iki manat) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) ilə “RİTELLO” markalı təmizlik robotunun kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 3500 (üç min beş yüz) manat məbləğində olan “RİTELLO” markalı təmizlik robotu Cavabdeh yoxlanılaraq təhvil verilmiş və bu barədə xx.xx.2024-cü il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə və məmnuniyyət anketi tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “RİTELLO” markalı təmizlik robotunu kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 300 (üç yüz) manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 20 ay müddətinə olmaqla hər ayın 25-dən gec olmayaraq, hər ay 160 (bir yüz altmış) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 3200 (üç min iki yüz) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 3200 (üç min iki yüz) manat təşkil edir. «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi məhkəmənin 02 sentyabr 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən irəli gələn müvafiq prosessual hərəkətlər edilmişdir. Cavabdeh 11 sentyabr 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsinin qiyməti nəzərə alınaraq, işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığını, məhkəməyə tərəfindən yazılı təqdim etdiyi etirazda qeyd edilən məsələlərə dair əlavə sənəd və ya sübutların fiziki qaydada məhkəməyə təqdim edilməsinin zəruriliyini nəzərə alaraq, habelə işin hallarının tam aydınlaşdırılması məqsədilə işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə imzaladığım xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Ritello” markalı çoxfunksiyalı təmizlik robotunu ilkin ödəniş 300 manat ödəməklə satın almışam. Qeyd edim ki, mal satılarkən satış nümayəndələriniz tərəfindən təmizlik robotunun texniki parametləri, o cümlədən keyfiyyəti barədə verilən məlumatlar əsasında malı satın almışam. Lakin sonradan aydın olur ki, mənə verilən məlumat yanlışdır və mal qeyd edildiyi kimi keyfiyyətli deyildir. MMC-nin satış nümayəndələrinin yalan məlumatlarına görə, habelə etibardan sui-istifadə edilməklə aldadılmışam. Satış nümayəndələri təmizlik robotunun bir dəqiqədən az müddətdə ləkə çıxarmaqla qurutma əməliyyatını yerinə yetirdiyini bildirsə də, lakin bunun belə olmadığı aydın olmuşdur. Həmçinin malı gətirərkən malın qablaşdırmasının (qutusunun) ağzı açıq olmuş və malın su püskürən borusunun şlanqa bağlanan hissəsində qırıq olduğu müəyyən edilmişdir. Bu isə malı götürərkən çəkdiyim videogörüntülərdə öz əksini tapır. İlk öncə MMC-nin əməkdaşlarına şifahi qaydada müraciət etsəm də, nəzərə almadılar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən yuxarıda qeyd edilən halda istehlakçı 14 gün müddətində aldığı malı geri qaytarmaq və ya onu digər uyğun mala dəyişdirmək hüququna malikdir. Buna müvafiq olaraq hüququmdan istifadə etmək məqsədilə xx.xx.2024-cü il tarixli ərizə ilə MMC-yə rəsmi email ünvanı vasitəsilə müraciət edərək aldığım malın geri qaytarılmasını və ya yenisi ilə dəyişdirilməsini xahiş etmişəm. Lakin müraciətim təmin edilməmişdir. Əvəzində isə MMC nümayəndəsi mala yerində baxış üçün göndərilmiş və baxış akt tərtib edib guya malda qüsur olmadığını bildirmişdir. MMC nümayəndəsinə yuxarıda sadalananları bildirsəm də, habelə baxış aktında "satış nümayəndəsi bildirdiyi kimi qısa müddətdə ləkə çıxarmır və quruma müddəti uzun çəkir” qeydini bildirsəm də, yenə də nəzərə alınmamışdır. Halbuki satış nümayəndəsi bunun əksinə satış zamanı malı tərifləmiş, dərhal ləkə çıxardığını, bir dəqiqədən də az müddətdə ləkə çıxardığını və qurutduğunu bildirmişdir. Həmçinin MMC nümayəndəsinə mal gətirərkən malın su püskürən borusunun şlanqa bağlanan hissəsində qırıq olduğu bildirilsə də, heç bir tədbir görülməmişdir. Bu da malın qutusunun ağzı açıq şəkildə gətirməyin əsasında malın əvvəlcədən işlənilmiş olmasını deməyə əsas verir. Qeyd edim ki, MMC ilə imzalanmış müavilənin 3.3.2, 3.3.3 və 3,3.4-cü yarəmbəndlərinə əsasən çatışmayan miqdarda malı tələb etmək, təqdim edilən malı hazırkı malı müqavilədə nəzərdə tutulan çeşiddəki mala dəyişdirilməsini tələb etmək, həmin çeşidə uyğun gəlməyən maldan imtina etmək hüququmdur. Müqavilənin 4.7-ci bəndinə əsasən MMC malı geri təhvil ala biləcəyi təqdirdə malını geri götürməmişdir. Eyni zamanda müqavilənin 6-cı hissəsində qeyd edilən müddəaları da görməzdən gəlmişdir. Bütün sadalananları şifahi və yazılı şəkildə MMC-yə bidirsəm də, dəfələrlə müraciət etsəm də müraciətlərim nəticəsiz qalmışdır. Həmçinin bildirim ki, müqaviləyə də diqqət etdikdə müqavilənin daha çox cavabdehin xeyrinə tərtib olunduğu nəzərə çarpır. Hüquqi biliklərim zəif olduğundan müqavilə təqdim edilən zaman da bunu bilməmişəm. Malı yalnız şifahi qaydada verilən məlumat əsasında aldıqdan sonra sadəcə mənzilimdə bir dəfə çox qısa müddətə istifadə etmişəm, məqsəd isə malı praktiki olaraq yoxlamaq olub. Bu zaman müqavilədə qeyd edilən şəkildə keyfiyyətli olmadığının, şlanq hissəsinin qırıq olduğunun fərqinə varmışam. Daha sonra isə mənə hansı qaydada verilibsə, həmin formada evdə saxlayıram. Gəlib malı təhvil götürmələri üçün müraciət etsəm də, habelə MMC-nin Naxçıvanda yerləşən ofisinə aparsam da, MMC nümayəndələri qəbul etməmişdir. MMC-nin xx.xx.2025-ci il tarixli 217/2025 nömrəli pretenziya məktubuna cavab olaraq xx.xx.2025-ci il tarixli cavab vermişəm. Lakin MMC müraciətimi yenidən nəzərə almamışdır. Bununla yanaşı, MMC barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə xx.xx.2025-ci il tarixli şikayət ünvanlamışam. Agentlik də mənimlə əlaqə saxlamış, əlavə məlumatlar istənilmiş və tərəfimdən təqdim edilmişdir. Hazırda Agentlikdə məsələ barədə araşdırma davam etdirilir. Eyni zamanda müqavilə üzrə ilkin ödəniş 300 manat məndən hər hansı nəzarət-kassa aparatları olmadan və ya ciddi hesabat blankları təqdim edilmədən alınıb. MMC ilə əlaqə saxlayaraq ödənişi təsdiq edən hər hansı sənəd (çek, qəbz və s.) tələb etsəm də, mənə təqdim edilmir. Həmçinin aylıq ödəniş zamanı isə şirkət əməkdaşları yaxınlaşaraq ödənişi əlbəəl, yaxud şirkət əməkdaşlarından birinin bank kartına “card to card” olaraq nağdsız qaydada ödənilməsini tələb edir, ödənişimi təsdiq edəcək hər hansı sənəd verilməsini tələb etdikdə isə sadəcə şirkətin daxili qaydalarına uyğun olaraq uçot-hesab kitabında bunun qeyd ediləcəyini, narahat olmaq üçün əsas olmadığını bildirirlər. Maliyyə əməliyyatları zamanı Vergi Məcəlləsinin tələblərinin, o cümlədən Məcəllənin 58.7-ci maddənin tələbinin pozulması ilə əlaqədar MMC barədə tədbirlər görülməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2025-ci il tarixli şikayət ünvanlamışam. X3 Xidməti tərəfindən məsələyə baxılmaqdadır. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-592/2025 nömrəli qərardadı ilə «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirlimişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 24 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Ritello”markalı təmizləyici robotun 20 aylıq kreditlə Cavabdeh təhvil verildiyi, müqavilənin şərtlərinə əsasən Cavabdeh 300 manat ilkin ödəniş etməklə 20 ay müddətinə hər ayın 25-dən gec olmayaraq hər ay 160 manat ödəniş etməli olduğunu, lakin cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini və ilkin ödənişdən əlavə olaraq bu günədək heç bir ödəniş etmədiyini, həmin tarixdə robotun şəxsə təqdim edildiyini, şəxsin ilkin ödəniş olaraq 300 manat ödədiyini, onlara heç bir məktub təqdim edilmədiyini, vətəndaşın sadəcə telefonla məlumat verdiyini, vətəndaşın baxış aktına qol çəkib və orada qurğunun istifadəyə yararlı olmasının qeyd edildiyini, müqavilənin qeyd hissəsində müqavilənin şərtlərini diqqətlə oxumaqla hüquqşünasla məsləhətləşmə və razı deyilsə imzalamaqdan imtina edilməsinin bildirildiyini, məhsulun pasportunda malın ləkəni hansı müddətdə çıxarması ilə bağlı hər hansı bir müddətin olmadığını, ləkəni çıxartdığını, amma bəzən gec çıxartdığını, nümayəndənin iştirakı ilə ləkənin çıxarıldığını, sadəcə cavabdehin qısa müddətdə olmasını istədiyini, vətəndaşın ləkənin qısa müddətdə çıxarmadığına görə qaytarmaq istədiyini, lakin hər bir ləkənin çıxarılmasının zaman aldığını, qısa müddətdə ləkəni çıxarmasıyla bağlı məhsulun pasportunda heç bir qeydin olmadığını, nasazlıq olsaydı məhsulun dəyişdiriləcəyini, qarşı tərəfin müxtəlif bəhanələr gətirərək müxtəlif vaxtlarda dövlət orqanlarına müarciət etdiyini, qurğuda hər hansı bir problemin olduğunu dediyini, lakin qurğuya baxış aktında “Qısa müddətdə ləkə çıxarmır, qurutma müddəti uzun çəkir” bildirdiyini, başqa hər hansı bir qüsurla bağlı cavabdeh tərəfindən qeydin aparılmadığını, nümayəndə tərəfindən baxış keçirildiyini və nəticədə qurğunun istifadəyə yararlı olduğunu, heç bir nasazlığının olmadığının aşkar edildiyini, cavabdehin də bununla bağlı etirazının olmadığını, cavabdehin məmnuniyyət anketində fəaliyyətin qiymətlənidirilməsinə “əla”, “razı qaldım, təşəkkür edirəm” qeydlərini apardığını və imzaladığını, müqavilənin əlavəsinin 4-cü bəndində təhvil verilməzdən əvvəl malın alıcı tərəfindən yoxlanıldığı qeydinin olduğunu və alıcının buna imza etdiyini, cavabdehə göndərilən pretenziya məktubunda malın dəyişdirilməsi ilə bağlı bəndlərin olduğunu, cavabdehin 04 noyabr 2024-cü il tarixdə məktubu aldığını, malda hər hansı qüsur varsa onu aradan qaldırmağa razı olduğuqlarını bildirdiklərini, amma sadəcə bununla razılaşmadığını, nümayəndə tərəfindən baxış keçirilərkən malda qüsur olmasıyla bağlı cavabdeh tərəfindən heç bir etirazın bildirilmədiyini, baxış aktında ehtiyat hissələri qrafasının boş qaldığını, heç bir qeydin aparılmadığını, əgər məhsulun qırığı vardırsa bunu baxış aktında qeyd etməli olduğunu, müqavilədə ləkənin hansı müddətdə çıxarılması barədə qeydin olmadığını, qəbzin surətinin şəxsə təqdim edildiyini, hazırda Məhərrəm adlı işçinin şirkətdə işləyib-işləmədiyini bilmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında “Ritello” markalı təmizləyici robotu ilkin ödəniş olaraq 300 manat ödəməklə aldığını, həmin gün gecə vaxtı olduğundan təqdimatçıya ziyanına olacaq hər hansı bir şərtin olub-olmamasını bilmək üçün müqavilənin şərtlərini oxumağını təklif etsə də təqdimatçının ona “Narahat olmayın, əgər bəyənməsəniz, məhsulu geri götürə və dəyişdirə bilərsiniz” dediyini, lakin təqdimat sırasında robotun işləmə qabiliyyəti ilə bağlı əyani şəkildə heç nə göstərilmədiyini, o da səhərsi gün yəni aprel ayının 25-də robotu texniki baxışdan keçirən zaman məhsulun deyildiyi kimi keyfiyyətli olmadığını aşkar etdiyini, məhsul alınan zaman ona ən çətin gedən ləkələri belə ən asanlıqla çıxarıldığının deyildiyini, şirkətlə əlaqə saxlayıb ləkəni çıxara bilmədiyini dedikdə oradan nümayəndə gəldiyini və onlara “Yəqinki işlədə bilməmisiniz” dediklərini, lakin özlərinin də 20 dəqiqə vaxt sərf edib qol gücü ilə ləkəni çıxarmağa çalışsalar da yenə də alınmadığını, onlara “Qabaqcadan belə olacağını desəydilər məhsulu almayacağını” bildirdiyini, iddiaçı tərəfin də ona müqaviləyə qol çəkdiyini və başqa yol olmadığını dediklərini, o da onlara həmin robotu həyat yoldaşının işlədəcəyini, hər bir halda bir ləkə üçün bir qadının bu qədər güc sərf edə bilməyəcəyini bildirdiyini, daha sonra vatsap vasitəsilə aralarında danışıqlar və yazışmaların olduğunu, Bakıdan əlaqə saxladıqlarını, onun də iddiaçı tərəfə aldadıldığını bildirdiyini, daha sonra pretenziya məktubu göndərdiyini, baxış sırasında qurğunun şlanqa bərkidilən hissəsində qırıq olmasının aşkar edildiyini, bunu bildirdikdə ona qırdığını dediklərini, halbuki malın qırıq gəldiyini, amma gecə olduğundan buna fikir vermədiyini və səhər məhsula baxarkən gördüyünü, mal gətirilərkən qutusunun ağzının açıq olduğunu şirkətə bildirdiyini, malın şirkətdə yoxlanılıb gətirildiyini və heç bir problemin olmadığını, malın ağzının açıldığını və qaytarılmasının mümkünsüz olduğunu bildirdiklərini, əgər məhsul dedikləri qədər keyfiyyətli olsaydı ödənişdə problemin olmayacağını, evdə azyaşlı uşaqlar olduğuna görə tez-tez ləkələnmə yarandığını, evin təmizliyi üçün robotu aldıqlarını, robotu alarkən təqdimatçının dediklərinə güvənib aldıqlarını, robotun 24 aprel 2024-cü il müqaviləyə qol çəkilən tarixdə ona təqdim edildiyini, müqaviləyə qol çəkəndə oxumadığını, müqavilədə malın 14 gün müddətində dəyişdirilmə və qaytarılma hüququnun olmasının qeyd edildiyini, əşyanın necə paketlənibsə eləcə də evdə saxladığını, istifadə edilmədiyini, qırıq hissənin dəyişdirilməsi ilə bağlı təklif və robotun ləkəni gec çıxardığı, bəzən isə çıxarmadığı barədə məlumat versə də ona heç bir köməklik edilmədiyini, pretenziya məktubunu iddiaçının email adresinə göndərdiyini və Naxçıvanda olan ünvanına aparıb təqdim etdiyini, ən birinci pretenziya məktubunu 01 noyabr 2024-cü ildə verdiyini və qol çəkilərək surətinin qəbul edildiyini, baxış aktında təqdimatçının bildiriyi kimi qısa müddətdə ləkə çıxarmadığını və quruma müddətinin uzun çəkməsi barədə qeyd yazıldığını, aparatın işləməsində bir problemin olmadığını, sadəcə keyfiyyətinin yaxşı olmadığını, təqdimat zamanı şifahi bildiriş əsasında malın qısa müddətdə ləkəni çıxardığının bildirildiyini, hər hansı bir problem olarsa bunun həllinin necə olacağını soruşduqda təqdimatçının lazım olsa dəyişdirilə və qaytarıla biləcəyininin dediyini, səhər isə ləkəni çıxarmaq istəyəndə çıxara bilmədiklərini, özlərinə bu barədə bildirəndə gəlib 15 dəqiqəyə qol gücü ilə zorla ləkəni çıxarmağa çalışdıqlarını, məhsulun evdə ona təqdim edildiyini, məhsulun ləkəni qısa müddətdə çıxarmasıyla bağlı ona şifahi məlumat verildiyini, qutusunun açıq olmasını da bildirsədə onların şirkətdə yoxlayıb gətirdiklərini dediklərini, təqdimatçının başlıqların çıxarılıb malın necə istifadə olunmasını göstərdiyini, amma əyani olaraq ləkə çıxarmasını göstərmədiyini, istehlakçı olaraq şifahi məlumatlar əsasında məhsulu aldığını, 09 noyabrda baxış aktı tərtib edildiyini və Sahil İsrafilov adlı şəxs tərəfindən qurğuya baxış keçirildiyini, qurğunun işlək vəziyyətdə olduğunun bildirildiyini, bununla bağlı etirazının olmadığını, sadəcə məhsulda qırığın olduğunu və müqavilədə qeyd edildiyi kimi tez ləkə çıxarmadığını bildirdiyini, aktda qurğunun işləyibişləməməsi barədə və qısa müddətdə quruma və ləkə çıxarmadığını qeyd edib imzaladığını, 24 oktyabr 2024-cü il tarixdə məhsulu aldığını, 25 oktyabrda isə məhsulda nasazlıq olduğunu vatsap vasitəsilə bildirdiyini, lakin şirkət tərəfindən hər hansı addım atılmadığını görüb 01 noyabr tarixində pretenziya məktubu göndərdiyini, Naxçıvanda baş ofisə məktubu şəxsən təqdim etdiyini, email ünvanlarına göndərdiyini, poçt vasitəsilə Bakıdakı ünvana göndərdiyini, daha sonra “ünvanda yoxdur” qeydi yazılaraq məktubun geri qaytarıldığını, lakin bununla bağlı qəbzi itirdiyini, vatsapda olan şəkli isə çıxartmadığını, yalan məlumatlar əsasında müqaviləni imzaladığını, malın keyfiyyətsiz olmasını bildirsə də heç bir tədbir görülmədiyini, “İstehlakçı hüquqlarının müdafiəsi” haqqında qanunun 15-ci maddəsinə “istehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir” əsaslanıb bunu şirkətdən tələb etsə də heç bir tədbir görülmədiyini, daha qısa müddətdə nasazlıq barədə məlumat verdiyini, akta baxış keçirilən zaman məhsulun ehtiyat hissələrinin qırıq olmasını niyə qeyd edilmədiyini nümayəndədən soruşduqda ona akta sadəcə qurğunun baxış zamanı işləyib-işləməməsi haqqında qeyd yazıldığını və bunu satıcıdan tələb etməli olduğunun ona bildirildiyini, vatsapla satıcıya malda qüsur olmasını bildirdiyini, lakin heç bir tədbir görülmədiyinə görə ödəniş etmədiyini, malı təhvil alarkən sadəcə işləməyini yoxladıqlarını, qırığı görmədiyini, malda qüur olmasını sonradan gördüyünü, pretenziya məktubunu Sahil İsrafilovun ona 09 noyabr 2024-cü il tarixdə baxışa gələrkən əlində gətirdiyini, həmin məktubu imza etmədiyini, ona məhsulun dəyişdirilməsinin təklif edilmədiyini, baxış aktına sadəcə məhsulun işləyib-işləməmsi barədə qeyd yazılmalı olduğu bildirildiyinə görə oraya ehtiyat hissədəki qırıq barədə nəsə yazmadığını, həmin gün satıcıya bu barədə yazdığını, “İstehlakçı hüquqlarının müdafiəsi” haqqında qanununa əsasən məhsul haqqında natamam və yalnış məlumat verilərsə istehlakçının hüquqlarının pozulduğunu, ona ləkənin tez çıxarılması barədə yalan məlumat verildiyini bildirmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər. - yuxarıda qeyd edilən müqavilənin müvafiq olaraq 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya “ “Ritello” markalı su təmizləmə sistemini (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir; - müqavilənin 2.1-ci bəndindən aydın olur ki,“Mal”ın qiyməti, ödəniş şərtləri və miqdarı “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə” ilə müəyyənləşdirilir; - müqavilənin 2.5-ci bəndində əsasən “Mal”ın qiyməti sabitdir və hər hansı dəyişikliyə məruz qala bilməz; - müqavilənin 4.1-ci bəndində əsasən “Alıcı”nın sifariş etdiyi “Mal”ın dəyərinin tam və ya hissə-hissə ödəmək hüququ vardır; - müqavilənin 4.6-cı bəndində əsasən “Alıcı” ödənişi müqavilə üzrə həyata keçirir, əks təqdirdə “Alıcı” “Satıcı”ya hər gecikdirilmiş gün üçün “Mal”ın qalıq məbləğinin 1%-i miqdarında cərimə ödəməyi öz üzərinə götürür; - müqavilənin 4.9-cu bəndində əsasən “Alıcı” və “Satıcı” razılığa gəldilər ki, “Alıcı” tərəfindən müqavilədəki öhdəliklər icra edilməzsə və ya lazımınca icra edilməzsə, (əsaslı və obyektiv səbəb olmadan “Mal”ın geri qaytarılması) “Alıcı” “Satıcı”ya 500 AZN cərimə ödənilməsini və bununla bağlı gələcəkdə mübahisə qaldırmamağını tam olaraq öz üzərinə götürür; - müqavilənin 4.10-cu bəndində əsasən “Alıcı” üzərinə düşən öhdəliyi icra və ya lazımınca icra etməsə, müqavilədəki öhdəliklərini pozduğu təqdirdə “Satıcı”ya dəymiş zərərin tam olaraq ödənilməsini öz öhdəsinə götürür; - müqavilənin 5.1-ci bəndində əsasən “Alıcı” yalnız istismar qaydalarına riayət etdiyi halda “Satıcı” 3 (üç) təqvim ili ərzində “Ritello” markalı çox funksiyalı təmizlik robotuna pulsuz zəmanət xidmətini (Şampun, ətirlər və vakum paket istisna olmaqla) təmin edir; - müqavilənin 8.2-ci bəndində əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və “Tərəf’lərin qarşılıqlı öhdəliklərini tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. - bundan əlavə müqaviləyə edilmiş 1 saylı əlavədən satıcı “Ritello” markalı çox funksiyalı təmizlik robotunu alıcıya 20 aylıq kreditlə, ilkin ödəniş məbləği 300 AZN olmaqla, aylıq isə 160 manat ödəmək şərtilə verdiyi aydın olur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, MM-in 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. MM-in 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onun müqavilədən irəli gələn əsas öhdəliyidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məmnuniyyət anketindən “Ritello” markalı çox funksiyalı təmizlik robotunun cavabdehə verildiyi aydın olur. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini lazımınca icra etmişdir. xx.xx.2025-ci il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda cavabdehə öhdəliyin icrasını gecikdirməsi barədə xəbərdarlıq olunmuş, 7 gün müddətində müqavilədə qeyd edilən 3500 AZN əsas borcdan qalıq borc olaraq 3200 AZN ödəməsi tələb edilmiş, əks halda tərəflər arasında bağlanmış müqaviləyə əsasən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh isə xx.xx.2025-ci il tarixli məhkəmə ünvanladığı ərizəsində iddiaçı tərəfindən təqdim olunan malın ona verilən şifahi təqdimata uyğun işləmədiyini, ləkəni gec çıxardığını qeyd etmiş və bununla bağlı video sübutu məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin iddianı təkzib edən tələbləri ilə bağlı eyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsində “Ritello” markalı çox funksiyalı təmizlik robotunun ləkəni hansı müddətə çıxarması və qurutması ilə bağlı heç bir bənd daxil edilməyib. Həmçinin məhkəmə qeyd edir ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli baxış aktından “Ritello” markalı çox funksiyalı təmizlik robotuna baxış keçirən zaman cavabdeh satış nümayəndəsinin bildirdiyi kimi aparatın qısa müddətdə ləkə çıxarmadığını və qurutma müddətinin uzun çəkdiyini bildirsə də, bununla bərabər aparatın istifadəyə yararlı olduğunu, heç bir nöqsanın aşkar edilmədiyini də öz imzası ilə təsdiq etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçıya xx.xx.2025-ci il tarixə qədər olan borcu 3200 manat əsas, 0 manat cərimə borcu olmaqla, cəmi 3200 manat borcunun olduğu aydın olur. Əsas borcun məbləğinə münasibətdə maliyyə arayışını müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, maliyyə arayışı müqavilə üzrə əsas borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə, nəzərə alına və kifayət sayıla bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3200 (üç min iki yüz) manat məbləğində əsas borc olmaqla, ümumilikdə 3200 (üç min iki yüz) manat məbləğində borc Cavabdeh alınaraq «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 52.00 (əlli iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3200 (üç min iki yüz) manat məbləğində əsas borc olmaqla, ümumilikdə 3200 (üç min iki yüz) manat məbləğində borc Cavabdeh alınaraq «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 52.00 (əlli iki) manat miqdarında dövlət rüsumu alınaraq «DİNAMİK OCEAN” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-592/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-592/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver