Məhkəmə qərarları › İş №e-2(079)-596/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-596/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-596/2023 22.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 oktyabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 700 (yeddi yüz) manat məbləğində vurulmuş zərərin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini əsaslandıraraq qeyd etmişdi ki, “Mercedes Benz 200” markalı, **- CA-*** dövlət nömrə nişanlı avtomobil 11 iyun 2019-cu ildən 11 iyun 2020-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 11 iyun 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il avqustun 27-də Cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı, **- CA-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Saray – Novxanı yolunda “X5 Prado” markalı, 99–MX–390 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Abşeron RPİ-in 30 avqust 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Avtomobilllərin Texniki Xidmət Mərkəzi tərəfindən 06 sentyabr 2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X5 Prado” markalı, 99–MX–390 dövlət nömrə nişanlı avtomobillə 1000 manat məbləğində ziyan dəymişdir. İddiaçı 18 sentyabr 2019-cu il tarixində 1000 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 sentyabr 2019-cu il tarixli 01/01-895 nömrəli könüllü sürətdə borcun ödənilməsinə dair Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Bundan “ "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 06 dekabr 2019-cu il tarixində borcun etirafı və onun ödənilməsi haqqında razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh etiraf etmişdir ki, 1000 manat məbləğində zərər vurmuş və ilkin olaraq 100 manat ödəniş etməklə, qalan borcu ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ümumilikdə 300 manat məbləğində ödəniş etmiş, qalan 700 manat məbləğ ödənilməmişdir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli arayışından, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Kərimbəyli kəndində rəsmi qeydiyyatda olması aydın olur. Bundan əlavə iş materiallarında onun faktiki yaşayış yeri kimi ünvanı Abşeron rayonu, Novxanı kəndi, Rəsulzadə küçəsi göstərilmişdi. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 20 oktyabr 2023-cü il tarixli məktubu ilə onun hər iki ünvanına göndərilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdu. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun preambulası ilə müəyyən olunur ki, həmin Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Bundan əlavə həmin Qanunun 4.1-ci maddəsindən aydın olur ki icbari sığortanın məqsədi, həmin Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etməkdir. Bu məqsədin həyata keçirilməsi üçün isə həmin qanunla icbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyi qeyd edilir. İcbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyini icbari sığortanın prinsiplərindən biri kimi qeyd olunmuş həmin Qanunun 3.1.1ci maddəsində öz əksini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə isə icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Mülki iş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan aydın olur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 iyun 2019cu il tarixdə 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanaraq, dövlət qeydiyyat nişanı **-CA-***, buraxılış ili 1995-ci il, ban nömrəsi WCB2020201F326986, mühərrikin nömrəsi **********6234 olan Mercedes Benz 200” markalı nəqliyyat vasitəsi sığorta etdirilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin 06 sentyabr 2019-cu il tarixli, 128-60269-1219 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan məlum olur ki, Cavabdeh Mercedes Benz 200” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdi. Dövlət qeydiyyat nişanı **-CA-***, buraxılış ili 1995-ci il, ban nömrəsi WCB2020201F326986, mühərrikin nömrəsi **********6234 olan Mercedes Benz 200” markalı avtomobil üzrə icbari sığorta müqaviləsinin bağlanması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, icbari sığorta müqaviləsinin bağlanması ilə onlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn hüquq və vəzifələr əldə etmişlər. Qanun ümumi mahiyyətindən aydın olur ki, icbari sığorta müqaviləsini bağlamaq sığortalının əsas vəzifələrindən biridir. Sığortaçının isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn vəzifələrindən biri sığorta hadisəsinin baş verməsi halında həmin Qanunda nəzərdə tutulmuş hallarda və müddətdə sığorta məbləğinin sığortalıya və ya sığorta olunana verməkdir. Sığorta hadisəsi dedikdə isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1 və 13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üçün sığorta hadisəsi sayıla biləcək hallar qeyd edilən Qanunun 52-ci maddəsində öz əksini tapmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1 və 52.2-ci maddələrinin mahiyyətinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2019-cu il avqust ayının 27-də Cavabdeh idarə etdiyi Mercedes Benz 200” markalı, **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Saray-Novxanı yolunda “X5 Prado” markalı, 99–MX–390 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sığorta hadisəsinin baş verməsi faktı iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin 06 sentyabr 2019-cu il tarixli, 128-60269-1219 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ı, həmçinin həmin İdarənin 30 avqust 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə təsdiq olunur. Sığorta hadisəsinin nəticəsi olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən “X5 Prado” markalı, 99–MX–390 dövlət nömrə nişanlı avtomobilə 1000 (bir min) manat məbləğində zərər dəymiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 sentyabr 2019cu ildə X3 ödəmişdir. İddiaçı tələbinin qeyd edilən əsasları ilə bağlı məhkəməyə Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2019-cu il tarixli qüsur aktı, 16 sentyabr 2019-cu il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslimi aktı və hesabdan çıxarışı təqdim etmişdir. Qeyd edilən sənədlərdən aydın olur ki, həqiqətən də “X5 Prado” markalı, 99–MX– 390 dövlət nömrə nişanlı avtomobilə 1000 (bir min) manat məbləğində zərər vurulmuş və iddiaçı qeyd edilən məbləği 18 sentyabr 2019-cu ildə X3 ödəmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh inzibati xətanı törətdikdən sonra yol nəqliyyat hadisəsi yerini tərk etdiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilən halla əlaqədar məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də 25.1.8-ci maddəsinə görə həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması inzibati xəta tərkibinin yaranmasına səbəb olan hadisədir. Həmin Məcəllənin 8.1-ci maddəsi ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunvericiliyin tələbindən də görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müvafiq qərarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi iş materiallarına əlavə edilmiş 30 avqust 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.5-ci maddəsinin tələbinə görə həmin Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərər vuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İddiaçı isə tələbində cavabdeh ilə aralarında 06 dekabr 2019-cu il tarixində borcun etirafı və onun ödənilməsi haqqında razılaşma bağlanmasını, həmin razılaşmaya əsasən Cavabdeh 1000 manat məbləğində zərər vurmasını etiraf etməsini, ilkin olaraq 100 manat ödəniş etməklə, qalan borcu ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürməsini, onun tərəfindən ümumilikdə 300 manat məbləğində ödəniş edildiyini göstərmişdi. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 06 dekabr 2019-cu ildə borcun etirafı haqqında mücərrəd müqavilə imzalanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 06 dekabr 2019-cu il müqavilə ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli müqavilə üzrə tərəflərin Abşeron rayonu, Saray-Novxanı yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 iyun 2019-cu il tarixindən 11 iyun 2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mercedes Benz 200” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X5 Prado” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasına görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilmiş sığorta ödənişinin subroqasiya qaydasında ona ödənilməsi üzrə tərəflər arasındakı münasibətlərin məhkəmədən kənar qaydada tənzimlənməsi barədə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlməsi müəyyən edilir. Müqavilənin: - 1-ci və 2-ci bəndlərinə görə borclu etiraf edir ki, onun günahı üzündən baş vermiş sığorta hadisəsi nəticəsində, yuxarıda göstərilən avtomobilə 1000 (bir min) manat məbləğində zərər dəymişdir və həmin zərər tələbkar tərəfindən zərər çəkmiş şəxsə tam olaraq ödənilmişdir. Borclunun 1000 (bir min) manat məbləğində vəsaiti 06 dekabr 2019-cu il tarixində 100 (bir yüz) manat ilkin ödəniş etməklə, növbəti ilin hər ayın 10-dan gec olmayaraq, aylıq 100 (bir yüz) manat məbləğində ödənilməsi müəyyən edilir; - 3-cü bəndinə əsasən borclu üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi və ya lazımınca əməl elmədiyi təqdirdə, tələbkarın, borcluya etdiyi yazılı xəbərdarlıqdan 7 gün sonra, bu razılaşmaya birtərəfli qaydada xitam vermək, razılaşmanın 1 bəndində göstərilmiş zərərin bütün məbləğinin məhkəmə qaydasında borcludan tələb etmək hüququ yaranır. Bu halda borcludan zərərin tam məbləğilə yanaşı, ödənilmiş dövlət rüsumu, vəkil xərci və borcun məcburi qaydada tutulması ilə əlaqədar çəkilmiş digər xərclər də, tələb ediləcək; - 4-cü bəndində göstərilir ki, razılaşma hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və borclu tərəfindən ödənilməli olan məbləğ tələbkara tam olaraq ödənilənədək və ya razılaşmaya Tələbkar tərəfindən birtərəfli qaydada xitam verilənədək qüvvədə qalır. Müqavilədən də aydın olur ki, Cavabdeh baş vermiş sığorta hadisəsi nəticəsində “X5 Prado” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 1000 (bir min) manat məbləğində zərəri "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdü. Öhdəliyin icrasını sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə iddia tələbini qəbul etdiyini bildirmişdi. Əksinə iddia ərizəsinə əlavə edilmiş və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş 30 avqust 2023-cü il tarixli, 05-1451 nömrəli pretenziya məktubundan Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş və tərəflər arasında bağlanmış yazılı razılaşmada cavabdehin 1000 (bir min) manat məbləğində borcunun olması qeyd edilsə də, iddiaçı cavabdehin həmin borcdan 300 (üç yüz) manat ödədiyini bildirmişdi. Bu səbəbdən də iş üzrə Cavabdeh 700 (yeddi yüz) manat məbləğdə pul alınaraq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli; - iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar