Məhkəmə qərarları › İş №e-2(079)-597/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-597/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-597/2024 17.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “05” sentyabr 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iki müqavilə üzrə 1716 (bir min yeddi yüz on altı) manat məbləğində əsas, iki müqavilə üzrə hesablanmış dəbbə pulunun bir qismi olan 300 (üç yüz) manat məbləğində pulun, ümumilikdə isə 2016 (iki min on altı) manat məbləğində borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, onunla Cavabdeh arasında bağlanılmış 27 fevral 2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona 1134 (bir min bir yüz otuz dörd) manat dəyərində “Toshiba 50C350KE” markalı bir ədəd televizor satılmış və tərəfindən ilkin ödəniş olaraq 90 (doxsan) manat məbləğ ödənilmiş və bundan sonra 12 aylıq qrafik təşkil edilərək aylıq ödənişi 87 (səksən yeddi) manat müəyyənləşdirilmişdir. Cavabdeh həmin tarixdən hazırki vaxta qədər heç bir ödəniş etməmiş, bu günədək tərəf öz öhdəliyini icra etməmişdir. Bununla cavabdehin ümumi ödəmədiyi əsas məbləğ 1044 (bir min qırx dörd) manat təşkil etmişdir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 14 mart 2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona hər biri 379 (üç yüz yetmiş doqquz) manat dəyərində “Samsung Galaxy A04E 64GB, Blak (SM-A042) və Samsung Galaxy A04E 64GB, Blue (SM-A042)” markalı iki ədəd mobil telefon satılmış və iki ədəd mobil telefonun ümumi məbləği 758 (yeddi yüz əlli səkkiz) manat təşkil etmiş, tərəfindən ilkin ödəniş olaraq 86 (səksən altı) manat məbləğ ödənilmiş və bundan sonra 12 aylıq qrafik təşkil edilərək aylıq ödənişi 56 (əlli altı) manat müəyyənləşdirilmişdir. Cavabdeh həmin tarixdən hazırki vaxta qədər heç bir ödəniş etməmiş, bu günədək tərəf öz öhdəliyini icra etməmişdir. Bununla cavabdehin ümumi ödəmədiyi əsas məbləğ 672 (altı yüz yetmiş iki) manat təşkil etmişdir. Müqavilələrin 5.2.5-ci bəndində göstərilmişdir ki, alıcı malın dəyərini ona təqdim edilmiş ödəniş cədvəlində göstərilən qaydada ödənilməsini 45 gündən artıq müddətə həyata keçirmədikdə satıcı ödənişi tələb etmək, eyni zamanda malın geri götürülməsi hüququna malikdir. Həmçinin müqavilələrin 7.1-ci bəndində alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş hər gün üçün 1.5 faiz cərimə ödəməsi qeyd edilmişdir. Bundan başqa həmin müqavilələrin 7.2-ci bəndində qeyd edilmişdi ki, alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş müddət 45 gündən artıq olduqda satıcı öz mülahizəsinə əsasən malın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya malın qaytarılmasını alıcıdan tələb edə bilər. Müqavilələrin 7.1-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 1,5 faiz məbləğində olmaqla, 27 fevral 2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 6013,44 (altı min on üç manat, qırx dörd qəpik) manat, 14 mart 2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 3699,36 (üç min altı yüz doxsan doqquz manat otuz altı qəpik) manat dəbbə pulu hesablanmışdır. Hesablanmış dəbbə pulunun hər bir müqavilə üzrə 150 (bir yüz əlli) manat olan hissəsi, yəni cəmi 300 (üç yüz) manat cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin ödəməli olduğu hər iki müqavilə üzrə əsas borc və dəbbə pulu ümumilikdə 2016 (iki min on altı) manat təşkil edir. Şirkət tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə telefon vasitəsilə şifahi formada, o cümlədən yazılı bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş, qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 (on) gün ərzində şirkətə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Həmçinin iddiaçının ərizəsinə əlavə edilmiş sənədlərdə cavabdehin faktiki yaşayış yeri kimi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana, Şuşa qəsəbəsi qeyd edilmişdi. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 05 sentyabr 2024-cü il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Babək rayonu, Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdehnun ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, ******* nömrəli və 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilələrlə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, ******* nömrəli və 14 mart 2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqavilələri üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilələrin: - 1.1-ci bəndlərinə əsasən müqavilənin predmetini Toshiba 50C350KE markalı televizor (27 fevral, 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə) və Samsung Galaxy A04E 64 GBV (SM-A042) Black, Samsung Galaxy A04E 64 GBV (SM-A042) Blue (14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə) markalı mobil telefonlar təşkil edir; - 1.2-ci bəndlərinə görə satıcı müqavilənin 1.1-ci bəndində göstərilən malı alıcıya verməyi, alıcı isə malı qəbul edib əvəzinə müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür; - 2.1 və 2.2-ci bəndlərinin tələbindən görünür ki, müqavilə tərəflərin razılığına əsasən imzalandığı gündən qüvvəyə minir və tərəflər üçün icrası məcburidir. Müqavilə imzalandıqdan dərhal sonra satıcı Müqavilənin 1.1-ci bəndində göstərilən malı alıcının ünvanına çatdırır; - 3.1- 3.4-cü bəndlərinə əsasən satılan malların qiyməti 27 fevral 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1134 (bir min bir yüz otuz dörd) manat və 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 758 (yeddi yüz əlli səkkiz) manat təşkil edir. Sifarişin ödənişi Azərbaycan Respublikasının manatı ilə aparılır. Satılan əşyanın qiyməti nağd pulla ödəmə əməliyyatlarının aparılması üçün quraşdırılmış terminallar vasitəsi ilə ödənilir. Terminalların dislokasiyası və onlar vasitəsi ilə pulun ödənilməsi qaydasına dair təlimat bu müqavilə ilə birlikdə satıcı tərəfindən alıcıya təqdim olunur. Alıcı satılan malın ilkin ödənişini malı təhvil alandan sonra satıcının səlahiyyətli nümayəndəsinə nağd və ya kart hesabı vasitəsi ilə satıcının hesabına onlayn ödəyir. Satıcının səlahiyyətli nümayəndəsi ödənişi təsdiq edən kassa qəbzini alıcıya təqdim edir. Əgər alıcı ilkin ödənişi MilliÖn ödəniş sistemi vasitəsi ilə onlayn ödənişdirsə, malı təhvil verən satıcının nümayəndəsindən kassa qəbzini tələb edə bilməz. Satılan əşyanın qiyməti alıcı tərəfindən satıcıya hər iki müqavilə üzrə üzrə hissə-hissə 12 (on iki) ay müddətində ödənilir. Ödənişlərin vaxtı və məbləğləri bu müqaviləyə əlavə edilən Ödəniş Cədvələ uyğun tənzimlənir. Əşyanın qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb ola bilməz; - 5.1, 5.1.2, 5.1.3, 5.2 və 5.2.1-ci bəndlərindən aydın olur ki, satilan əşyanın keyfiyyətini yoxlamaq və əşyanın qüsurları barədə qabaqcadan alıcıya məlumat vermək; müqavilənin predmeti olan əşyanı müqavilə imzalandıqdan dərhal sonra əşyaya aid olan ləvazimatı ilə birlikdə alıcıyaya vermək; müqavilə imzalandıqdan dərhal sonra müqavilənin nüsxəsini, əşyanın qiymətinin ödəniş müddətləri və məbləğləri əks olunan Ödəniş Cədvəli, əşyanın qiyməti ödəniləcək terminalların dislokasiyasını və onlar vasitəsi ilə pulun ödənilməsi qaydasına dair təlimatı alıcıya vermək satıcının vəzifəsi, müqavilə ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada satılan əşyanın qiymətinin ödənilməsini alıcıdan tələb etmək isə hüququdur; - 5.2.5-ci və 5.2.6-cı bəndlərinə əsasən alıcı malın dəyərini ona təqdim edilmiş Ödəniş Cədvəlində göstərilən qaydada ödənilməsini 45 gündən artıq müddətə həyata keçirmədikdə satıcı ödənişi tələb etmək, eyni zamanda borcun Ödəniş Cədvəlində göstərilən qaydada ödənilməmiş müddəti 45 günə çatarsa alıcıdan malı geri götürülməsi hüququna malikdir və bu istiqamətdə qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüləcək. Malın dəyərinin məbləği tam ödənilənədək mal satıcının mülkiyyətində qalır, alıcı malı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz; - 6.1, 6.1.3, 6.1.4, 6.2 və 6.2.1-ci bəndlərinin mahiyyətindən görünür ki, müqavilə və Ödəniş Cədvəl ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada satılan malın ilkin ödənişindən sonra qalan məbləğini satıcıya ödəmək; ödənişin vaxtında həyata keçirilməməsi təqdirində satıcıya vaxtı keçmiş məbləğdən hər gün üçün 1,5 faizi olmaqla cərimə ödəməsi xəbərdarlığını qəbul etməsi alıcının vəzifəsi, müqavilənin predmeti olan malı müqavilə imzalandıqdan dərhal sonra mala aid olan ləvazimatı ilə birlikdə verilməsini satıcıdan tələb etmək alıcının hüququdur; - 8.1 və 8.2-ci bəndlərinin tələbinə görə müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıq yolu ilə həll edilir. Mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll olunur. Bundan əlavə müqavilələrə edilmiş əlavələrdən aydın olur ki; -27 fevral, 2023-cü il tarixli, ******* nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə alıcı İddiaçınə 27 mart 2023-cü ildən başlayaraq 12 ay ərzində hər ay 87 (səksən yeddi) manat; - 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə alıcı İddiaçınə 14 aprel 2023-cü ildən başlayaraq 12 ay ərzində hər ay 56 (əlli altı) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış razılaşmalardan o da aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının ərizəsinə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli və 14 mart 2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş 28 mart 2024-cü il tarixli xəbərdarlıq məktublarından onun müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 18 aprel 2024-cü il tarixli maliyyə arayışlarından aydın olur ki, Cavabdeh 27 fevral 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 90 (doxsan) manat, 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə isə 86 (səksən altı) manat ilkin ödəniş etmişdi. Hazırda onun 27 fevral 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1044 (bir min qırx dörd) manat (1134-90=1044), 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə isə 672 (altı yüz yetmiş iki) manat (758-86=672) əsas borcu mövcuddur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 27 fevral 2023-cü il tarixli, ******* nömrəli və 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilələrin 7-ci bölməsindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin: - 6.1.4-cü bəndlərinə əsasən ödənişin vaxtında həyata keçirilməməsi təqdirində alıcı sayıcıya vaxtı keçmiş məbləğdən hər gün üçün 1,5 faiz olmaqla cərimə ödəməsi xəbərdarlığını qəbul edir; - 7.1-ci bəndlərinə görə cərimənin ödənilməsi alıcını öhdəliklərdən azad etmir. Alıcı satılan malın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1,5 faiz cərimə ödəyir; - 7.2-ci bəndlərinin tələbinə əsasən alıcı satılan malın qiymətinin müqavilə də nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş müddət 45 gündən artıq olduqda satıcının öz mülahizəsinə əsasən malın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya malın qaytarılmasını alıcıdan tələb edə bilər. Bu tələb alıcı tərəfindən 3 (üç) gün müddətində yerinə yetirilməlidir. Tələb yerinə yetirilmədikdə, alıcı hər gecikdirilmiş gün üçün malın qiymətinin 1.5 faizi cərimə ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilsə də, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun Cavabdeh 27 fevral 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1044 (bir min qırx dörd) manat əsas, 150 (bir yüz əlli) manat məbləğində cərimə və 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 672 (altı yüz yetmiş iki) manat əsas, 150 (bir yüz əlli) manat məbləğində cərimə tələb edir. Tələbdən o da görünür ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 27 fevral 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 53 (əlli üç) manat, 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə isə 34 (otuz dörd) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini ümumiyyətlə icra etməməsinə baxmayaraq iddiaçı 05 sentyabr 2024-cü il tarixədək hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun 36.67 (otuz altı manat, atmış yeddi qəpik) manat miqdarı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1044 (bir min qırx dörd) manat əsas, 53 (əlli üç) manat cərimə borcu, 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 672 (altı yüz yetmiş iki) manat əsas, 34 (otuz dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 1803 (bir min səkkiz yüz üç) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçınə verilməli; -həmçinin Cavabdeh 36.67 (otuz altı manat, atmış yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1044 (bir min qırx dörd) manat əsas, 53 (əlli üç) manat cərimə borcu, 14 mart 2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 672 (altı yüz yetmiş iki) manat əsas, 34 (otuz dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 1803 (bir min səkkiz yüz üç) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçınə verilsin. Həmçinin Cavabdeh 36.67 (otuz altı manat, atmış yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar