Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-62/2024 17.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu «L-Fin” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: «L-Fin” Məhdud Məsuliyyətli Cəmiyyəti 18 dekabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 638 (altı yüz otuz səkkiz) manat əsas və 64 (altmış dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 702 (yeddi yüz iki) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə 838 (səkkiz yüz otuz səkkiz) manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh əşyaya görə 200 (iki yüz) manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 638 (altı yüz otuz səkkiz) manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin o, borc ödənilməmişdi. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 30 sentyabr 2023-cü il tarixə 64 (altmış dörd) manat məbləğində cərimə hesablanmışdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli arayışından və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 18 dekabr 2023-cü il tarixli məktubu ilə onun yaşadığı ünvanına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli müqavilə ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə «L-Fin” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli alqı-satqı müqaviləsindən tərəflərin aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 18 ay müddətinə 838 (səkkiz yüz otuz səkkiz) manat dəyərində olan əmtəəni (əşyanı) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əşyaya gorə 200 (iki yüz) manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 638 (altı yüz otuz səkkiz) manat məbləğində pulu müqaviləyə əlavə edilən Ödəniş cədvəlinə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür; - 1.2 və 1.3-cü bəndlərindən aydın olur ki, əmtəə (əşya) müqavilə bağlandıqdan sonra 1 (bir) gün ərzində satıcı tərəfindən alıcının istifadəsinə və faktiki sahibliyinə verilir. Əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gun üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər; - 2.3-cü bəndinin tələbinə görə alıcı müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, satıcı verilmiş əmtəənin (malın) müvafiq səlahiyyətli dövlət orqanları vasitəsi ilə istifadəsini məhdudlaşdırmaq (bloklaşdırmaq), verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır; - 5.2-ci bəndində qeyd edilir ki, alıcı alınmış əmtəə malının borcunu vaxtında ödəməlidir; - 8.1 və 8.3-cü bəndlərindən aydın olur ki, müqavilənin qüvvədə olduğu müddətdə hüquqi ünvanını dəyişən tərəf 10 (on) gün müddətində bu barədə qarşı tərəfi xəbərdar etməlidir. Bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa müqaviləyə əlavə edilmiş cədvəldən aydın olur ki, 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli müqavilə üzrə müştəri 03 aprel 2022-ci ildən başlayaraq 18 ay ərzində «L-Fin” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 36 (otuz altı) manat, sonuncu ay isə 26 (iyirmi altı) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 03 mart 2022-ci il tarixli malların təhvil-təslim aktından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona göndərilmiş 16 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan və onun göndərilməsi barədə sifarişli poçt göndərişinin siyahısından Cavabdeh müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də görünür ki, öhdəliyin icrası üsulunu seçmək alıcıya məxsusdur. «L-Fin” Məhdud Məsuliyyətli Cəmiyyəti isə cavabdehə verdiyi malın dəyərinin ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 30 sentyabr 2023-cü il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli müqavilə üzrə ödəniş etməmiş və hazırda onun iddiaçıya 638 (altı yüz otuz səkkiz) manat ödənilməmiş öhdəliyi mövcuddur. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndi ilə müəyyən edilir ki, əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimə borcunun miqdarına gəldikdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli müqavilə üzrə cavabdehdən 638 (altı yüz otuz səkkiz) manat əsas, 64 (altmış dörd) manat cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də görünür ki, sözü gedən müqavilə üzrə, iddiaçının cavabdehdən tələb etdiyi cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, Cavabdeh 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli müqavilə üzrə 38 (otuz səkkiz) manat miqdarında cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini 2023-cü ilin sentyabr ayının 03dək icra etməli olmasına baxmayaraq, Cavabdeh ümumiyyətlə bununla bağlı ödəniş etməmiş, iddiaçı keçən müddətdə hüquqi addım atmamaqla müqavilə şərtləri üzrə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə tərəfindən iddiaçının tələbinin əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 28,90 (iyirmi səkkiz manat, doxsan qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli müqavilə üzrə 638 (altı yüz otuz səkkiz) manat əsas və 38 (otuz səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 676 (altı yüz yetmiş altı) manat məbləğində borc Cavabdeh alınaraq «L-Fin” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 28,90 (iyirmi səkkiz manat, doxsan qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 03 mart 2022-ci il tarixli, R0033390 nömrəli müqavilə üzrə 638 (altı yüz otuz səkkiz) manat əsas və 38 (otuz səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 676 (altı yüz yetmiş altı) manat məbləğində borc Cavabdeh alınaraq «L-Fin” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh 28,90 (iyirmi səkkiz manat, doxsan qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-62/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-62/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver