Məhkəmə qərarları › İş №e-2(079)-78/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-78/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-78/2023 13.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Fazil Əli oğlunun Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “11” yanvar 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilə üzrə yaranmış 305.49 (üç yüz beş manat, qırx doqquz qəpik) manat əsas və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 335.49 (üç yüz otuz beş manat, qırx doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdi ki, cavabdehlərlə İddiaçı-“ERA Electronics” mağazası arasında bağlanmış 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqaviləyə əsasən borclu ondan 333.49 (üç yüz otuz üç manat, qırx doqquz qəpik) manat dəyərində məişət avadanlığını aylar üzrə 28 (iyirmi səkkiz) manat məbləğ ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdi. Borcluya ona olan borcunun ödənilməsi barədə dəfələrlə şifahi və bir dəfə də rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq 3 aydan çox müddətdir ki, borcunu ödəməmişdi. Müqavilənin 9.1-ci bəndinə əsasən alıcı müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu müqavilə ilə hissəhissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, satıcının hüququ olacaqdır ki, dərhal müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə 08 sentyabr 2022-ci il tarixdə 28 (iyirmi səkkiz) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdi. Hazırda borclunun yuxarıdakı müqavilə üzrə 305.49 (üç yüz beş manat, qırx doqquz qəpik) manat əsas və 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 335.49 (üç yüz otuz beş manat, qırx doqquz qəpik) manat borcu var. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan Cavabdeh2 Babək rayonu, Məzrə kəndində, Cavabdeh1 isə ünvan 1 ünvanında rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh2 və Cavabdeh1 iddiaçının ərizəsinin surəti məhkəmənin 11 yanvar 2023-cü il tarixli, 2(079)-78/2023 nömrəli məktubu ilə onların ünvanına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən məhkəmə sənədlərinin Cavabdeh2 “13” yanvar 2023-cü ildə, Cavabdeh1 isə “17” yanvar 2023-cü ildə təqdim edilməsi sübuta yetirilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh2 və Cavabdeh1 onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş, İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı, Cavabdeh1 ilə arasında zaminlik müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh2 və Cavabdeh1 ilə onun arasında bağlanmış 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilə ilə (qarışıq müqavilə, həm alqı-satqı, həm də zaminlik) əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin; -1.1-ci bəndi ilə müəyyən edilir ki, müqavilənin şərtlərinə əsasən satıcı, müqavilənin müvafiq əlavəsində göstərilmiş (məişət əşyalarını, texniki avadanlıqları və sairə) malları, (bundan sonra - mallar) əvvəlcədən razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda və hissə-hissə ödənilmək şərti ilə alıcıya satmağı, alıcı isə həmin malları təhvil aldıqdan sonra mal(lar)ın dəyərini bu müqavilənin müvafiq əlavəsində qeyd olunmuş ödəniş qrafıkinə əsasən hissə-hissə Satıcıya ödəməyi öhdəsinə götürür. Malların təhvil verilməsi alıcının müəyyən etdiyi yerdə və ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun; - 2.1-2.6-cı bəndlərə görə satıcı malları müqavilə imzalandığı tarixdən etibarən 3 (üç) iş günü ərazində alıcıya qüsursuz təhvil verməlidir. Zəmanət şərtləri malların istehsalçılarının rəsmi nümayəndəliklərinin servis xidmətləri tərəfindən müəyyən olunur. Malların satıcı tərəfindən alıcıya faktiki təhvil verilməsi anınadək malların təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riskini satıcı özü daşıyır. Mallar müvafiq standart və tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılmalıdır. Qablaşdırma malların təyin olunan yerə zədələnmədən və korlanmadan çatdırılmasım təmin etməlidir; -3.1-3.3-cü bəndlərə əsasən bu müqavilə üzrə ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək. Müqaviləyə əsasən bütün ödənişlər malın alındığı mağazada (“ERA Electronics”) və ya həmin mağazanın digər şöbələrində həyata keçirilməlidir. Alıcı tərəfindən ödəniş edilərkən alıcı və kassir tərəfindən imzalanmış 2 nüsxədə hazırlanmış ödəniş qəbzinin biri alıcıya təqdim olunur, digəri kassada saxlanılır. Alıcı Malı aldıqdan sonra ödənişləri müqaviləyə əsasən hissə-hissə ödənilməsi nəzərdə tutulmuş aylıq ödəniş cədvəlində qeyd olunan tarixdən gec olmayaraq ödəməlidir; -4.1, 4.1.1, 4.2, 4.2.1-ci bəndlərin mahiyyətinə görə alıcıya keyfiyyətli və istismara yararlı malları satmaq və həmin mallar haqqında alıcını zəruri və düzgün məlumatlarla təmin etmək satıcının vəzifəsi, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək isə onun hüququdur; - 4.3, 4.3.1 və 4.3.3-cü bəndlərə əsasən müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə satıcıya ödəmək, müqaviləyə əsasən təchiz olunan malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin satıcı tərəfindən pozulması halları barədə satıcını ağlabatan müddət ərzində məlumatlandırmaq alıcının vəzifəsidir; - 8.1-ci bəndində göstərilir ki, müqavilənin icrası ilə əlaqədar yaranmış mübahisələr və ya hər hansı fikir ayrılıqları tərəflərin razılığı ilə danışıqlar yolu ilə həll edilir; -9.1 və 9.2-ci bəndlərin tələbinə görə alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 (bir) aydan çox gecikdirdikdə, satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Müqavilə şərtlərinin ciddi pozulmasına yol verilərsə, alici və ya satici qarşı tərəfə yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər; -10.1 və 10.2-ci bəndlərdə tərəflər razılaşır ki, müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s) yazılı formada aparılır və sifarişli post vasitəsi ilə göndərildiyi təqdirdə qüvvədə olacaq. Alıcı və ya zamin yaşadığı və ya qeydiyyatda olduğu ünvanı dəyişdirdikdə üç gün ərzində satıcıya bu barədə yazılı məlumat verməlidir; -11.1-ci bəndə əsasən müqavilə tərəflərin özləri və ya səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam icra edənədək qüvvədə qalır. Bundan başqa müqaviləyə edilmiş əlavədən aydın olur ki, həmin əlavəyə əsasən müştəri 05 sentyabr 2022-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçı hər ay 28 (iyirmi səkkiz) manat, sonuncu ay isə 25,49 (iyirmi beş manat qırx doqquz qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 02 avqust 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur. Belə ki, həmin sənəddən iddiaçının müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı, yəni Samsung Galaxy A035 markalı mobil telefonu cavabdehə verməsi öz təsdiqini tapır. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş 10 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də görünür ki, öhdəliyin icrası üsulunu seçmək alıcıya məxsusdur. İddiaçı isə cavabdehə verdiyi malın dəyərinin ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Cavabdeh1 qarşı da iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilədən müəyyən edilir ki, onlar iş üçün əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: -5.1-ci bəndinə görə zamin alıcı tərəfindən satıcıya ödənilməli məbləğin gecikdirilməsi barədə alıcını xəbərdar etməyə və alıcıya qarşı iddia irəli sürüldükdə alıcını məlikəmə prosesində iştiraka cəlb etməyə borcludur. Alıcı zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, hissə-hissə ödənilməsi nəzərdə tutulmuş ödənişlərini gecikdirdikdə zamin satıcı qarşısında bu öhdəlikləri satıcının ilk tələbində dərhal icra edəcəyini öz öhdəsinə götürür; -5.2-ci bəndinin tələbinə əsasən müqavilə ilə alıcının öhdəlikləri barədə zamin olmuş şəxs alıcının öhdəliklərinə görə alıcı ilə bərabər məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətinə görə Cavabdeh1 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilədən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və müqaviləyə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə İddiaçı zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilənin 6-cı bölməsindən aydın olur ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun miqdarına gəldikdə isə ərizəyə əlavə edilmiş 27 dekabr 2022-ci il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh2 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilə üzrə 28 (iyirmi səkkiz) manat ödəniş etmiş və hazırda onun əsas borc üzrə iddiaçıya 305.49 (üç yüz beş manat, qırx doqquz qəpik) manat borcu mövcuddur. İddiaçı cavabdehlərə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndindən müəyyən edilir ki, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən alıcıdan hər gün üçün 1 faiz dəyərində əlavə cərimə tələb oluna bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehlərə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə 27 dekabr 2022-ci il tarixli maliyyə arayışında 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilə üzrə cərimə borcunun 30 (otuz) manat təşkil etməsi qeyd edilir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı saydığından Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilə üzrə 305.49 (üç yüz beş manat, qırx doqquz qəpik) manat əsas və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 335.49 (üç yüz otuz beş manat, qırx doqquz qəpik) manat məbləğində borc Cavabdeh2 və Cavabdeh1 müştərək qayada alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh2 və Cavabdeh1 müştərək qayada 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 02 avqust 2022-ci il tarixli, 35680 nömrəli müqavilə üzrə 305.49 (üç yüz beş manat, qırx doqquz qəpik) manat əsas və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 335.49 (üç yüz otuz beş manat, qırx doqquz qəpik) manat məbləğində borc Cavabdeh2 və Cavabdeh1 müştərək qayada alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh2 və Cavabdeh1 müştərək qayada 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar