Məhkəmə qərarları › İş №e-2(080)-34/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-34/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-34/2025 05.02.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən iddiaçının xeyrinə 2076 (iki min yetmiş altı) manat vurulmuş zərərin və 40,80 (qırx manat, səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MV-P 00037-23 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Kia K5” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Kia K5” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 2176,00 (iki min bir yüz yetmiş altı) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Suraxanı DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Yusifli X1 Xətalar Məcəlləsinin 327.1-ci, 469.3-cü maddələri ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən 2176,00 (iki min bir yüz yetmiş altı) manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0933/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Bildirişdən sonra cavabdeh tərəfindən cəmi 100 (bir yüz) manat ödəniş həyata keçirmiş və daha sonra heç bir ödəniş həyata keçirilməmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixli, G-M-0705-2024 nömrəli məktubla Cavabdeh qarşı yerdə qalan 2076 (iki min yetmiş altı) manat ilə bağlı yenidən subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmamışdır. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2076 (iki min yetmiş altı) məbləğində vəsaitin, 40,80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsi üzrə tələb olunan məbləğ beş min manatdan az olduğundan hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını məhkəmə mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh bildiriş göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Bakı şəhəri Suraxanı Rayon DYPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ** FY *** dövlət qeydiyyat nişanlı «X2» markalı dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, qanunla mülki məsuliyyətli icbarı qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbarı sığorta müqaviləsi bağlamamış, Azərbaycan Respublikası İXM-nin 327.1.-ci və 469.3.-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, 50 manat məbləğində cərimə edilmişdir. 25 yanvar 2023-cü il tarixli, MV-P 00037-23 nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, ** DD *** dövlət nömrə nişanlı, “«Kia K5» markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, müqavilənin qüvvəyə minməsi tarixli xx.xx.2023-cü il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2024-cü il olmuşdur. MVP0015/23 SAYLİ, xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən olunur ki, ** DD *** dövlət qeydiyyat nişanlı « Kia K5» markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2176 manatdır. MVP0015/23 SAYLİ, xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığortalı/fayda götürən şəxs qeyd olunan hadisə və zərər ilə bağlı "xxxx" ASC tərəfindən heç bir borc və öhdəliyin qalmadığını öz şəxsi imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ** FY *** dövlət qeydiyyat nişanlı «X2» markalı avtomobili idarə edərkən iddiaçı şirkət "xxxx" ASCdə sığortalı olan ** DD *** dövlət qeydiyyat nişanlı «Kia K5» markalı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı** DD *** dövlət qeydiyyat nişanlı «Kia K5» markalı avtomobilə avtomobilə 2176 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, hadisə nəticəsində ** DD *** dövlət qeydiyyat nişanlı «Kia K5» markalı avtomobilə dəyən ziyanın əvəzi olan 2176 manat məbləğində pul vəsaitini ödədiyindən, iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, 2176 manat vəsaitin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkənə maddi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Zərərçəkənə dəymiş maddi ziyan sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyinə görə, iddiaçının ödədiyi 2176 manat məbləğində pul reqres qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyndən, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək zərər məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 40,80 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284.5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2076 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 40,80 manat, ümumilikdə 2116.80 manat məbləğində pul alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar