Məhkəmə qərarları › İş №e-2(080)-98/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-98/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-98/2023 03.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 40003742 saylı müqavilə üzrə 339 AZN əsas, 0 AZN cərimə və 30.40 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X2” oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40003742 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 389 manat dəyərində nisyə aldığı malın 50 AZN ilkin ödəniş olaraq ödəmiş, qalıq 339 AZN isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə, 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə fiziki şəxs “X2” oğlu arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən, satıcının Cavabdeh qarşı olan 339 manat tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək “QSC”-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqısatqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, cavabdehin bu günə 339 AZN borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İş icraata qəbul edilərək cavabdehə bildiriş göndərilmiş və iddiaya etirazının 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə daxil olmuşdur. Həmin ərizəyə iddiaçıya borcunun olmamasını təsdiq edən xx.xx.2023-cü il tarixli maliyyə arayışı əlavə edilmişdir. İş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşə məhkəmədə baxılarkən "xxxx" MMC (bundan sonra – üçüncü şəxs) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmişdir. Qeyd edilən müqavilə üzrə üçüncü şəxs tərəfindən ona “VESTA MASA METALİK” masanı təhvil verilmişdir. Bu halları "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışı təsdiq edir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini etiraz ərizəsində məhkəmədən xahiş etmişdir. Tələblər üçüncü şəxs tərəfindən iddiaçıya güzəşt edilərkən cavabdehə qarşı tələb də ümumi siyahıda göstərilib. Lakin, həmin öhdəlik üçüncü şəxsin üzərindədir. Cavabdehdə olmayan məhsula görə o ödəniş etməli deyil. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsində xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1997-ci ildə, Ordubad şəhərində anadan olmuş, Ordubad Rayonu Şəhriyar Qəsəbəsində qeydiyyatdadır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40003742 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 389 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən cavabdeh 6 ay müddətində hər ay 57 manat, sonuncu ay isə 54 manat ödəniş etməli idi. İşdə olan faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən "xxxx" MMC tələbetmə hüquqlarını iddiaçıya güzəşt etmişdir. xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin əsas borc üzrə 339 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli 40003742 müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan Çıxarışda hesabata salınmışdır. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərinin həcmi: 0 azn təşkil edir. Üçüncü şəxsin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə sifariş etdiyi “VESTA MASA METALİK” masadan imtina etmiş, nəticədə borc məbləği azalmışdır. Hazırda cavabdehin üçüncü şəxsə olan borcu 0 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Göründüyü kimi cavabdehlə üçüncü şəxs arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür (194.1.). Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (194.2.). Mülki Məcəllləyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. (655.1). "xxxx" MMC cavabdehlə bağlanmış müqavilə üzrə tələbetmə hüququnu iddiaçıya güzəşt etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Eyni zamanda üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş arayış və üçüncü şəxsin nümayəndəsinin ərizəsi ilə müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsində göstərilən məhsulu (VESTA MASA METALİK) təhvil almamışdır. Yəni, üçüncü şəxs əslində cavabdehin mövcud olmayan borcunu iddiaçıya güzəşt etmişdir. Üçüncü şəxsin nümayəndəsi həmin öhdəliyin onlara aid olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh 40003742 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı- satqı müqaviləsi üzrə 339 manat borcun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddia rədd edildiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar