Məhkəmə qərarları › İş №e-2(088)-139/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-139/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-139/2025 15.09.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı QSC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə Sədərək rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 40004268 saylı Nisyə Alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli 40004268-z saylı zaminlik müqaviləsi üzrə 384.99 manat əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40004268 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 847.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürdüyünü, eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Optimal Elektronika MMC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürdüyünü, İddiaçı MMC ilə Optimal Elektronika MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı olan 847.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçdiyini, eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edildiyini, Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrildiyini bildirmiş, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil - təslim aktında qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Bundan başqa tərəflər arasında bağlanmış 40004268-Z saylı xx.xx.2022 tarixli zaminlik müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən tələbkarın zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin,hesablanmış cərimələrin və satıcının çəkmiş olduğu hər hansı digər xərc və zərərlərin ödənilməsini zamindən tələb etmək hüququ vardır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, cavabdehlərin bu günə 384.99 manat əsas borcu yaranmış, yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərədindən cavabdehlərə bildiriş göndərilmiş, lakin borclular tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2022-ci il tarixli 40004268 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 384.99 manat əsas borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olan pulla birlikdə ümumilikdə 415.39 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından müəyyən olunur ki, İddiaçı QSC borcu tələb etmək hüququ vardır. Məhkəmə 06 avqust 2025-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 15 avqust 2025-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Optimal Elektronika MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40004268 saylı alqı-satqı müqaviləsinə əsasən 847.99 manat dəyərində olan malı 12 ay müddətinə aylıq 71 manat pul ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 40004268 saylı nisiyə alqı-satqı müqaviləsinin 3-cü bəndinə əsasən satıcı alıcıya siyahısı təhvil - təslim aktında (əlavə 2) göstərilən malı satır və alıcı isə həmin malı qəbul edir və bu müqavilə üzrə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 40004268 nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə müqaviləyə əsasən satıcı alıcıya siyahısı təhvil - təslim aktında (Əlavə 2) göstərilən malı satır və alıcı isə həmin malı qəbul edir bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 5.6-cı maddəsinə əsasən aborcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % miqdarında cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisiyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. İş materiallarında olan xx.xx.2022 tarixli 40004268-Z saylı zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasənbu müqaviləyə görə zamin 1.2-ci bənddə göstərilən müqavilə üzrə Cavabdeh2 (bundan sonra “Alıcı” adlandırılacaq) satıcı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə alıcı ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci maddəsinə əsasən satıcı zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin, hesablanmış cərimələrin və satıcının çəkmiş olduğu hər hansı digər xərc və zərərlərin bütünlüklə ödənilməsini zamindən tələb etmək hüququ vardır. Optimal Elektronika MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh2 qarşı olan 847.99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh2 iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2022-ci il tarixli 40004268 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə 384.99 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 40004268 nisiyə alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə olan ödəniş cədvəli, xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan saziş, xx.xx.2022 tarixli 40004268-Z saylı zaminlik müqaviləsi, xx.xx.2025-ci il tarixli hesabdan çıxarış və xx.xx.2025-ci il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh Əliyev X1 Nova 9 SE Black markalı telefonu qəbul etmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli Cavabdeh2 göndərilmiş bildiriş, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 və Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360, 222 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 40004268 saylı nisiyə alqı-satqı müqaviləyə əsasən 384.99 manat pul, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ilə ümumilikdə 415.39 (dörd yüz on beş manat, otuz doqquz qəpik) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC -nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar