Məhkəmə qərarları › İş №e-2(089)-234/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-234/2024

23.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-234/2024 23.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, ərizəçi İddiaçı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 09 dekabr 2005-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X7 onun oğludur. Oğlu Asiman 09 dekabr 2005-ci ildə anadan olmuşdur. Oğlu Asiman anadangəlmə psixi qüsurlu olduğuna görə öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq idarə edə bilmir. Asiman psixi qüsurlu olduğuna, öz hərəkətlərini idarə edə bilmədiyinə görə daim xüsusi qayğı və nəzarət altında yaşayır. Oğlu Asimana psixi qüsurlu xəstəliyi ilə əlaqədar Culfa rayon ƏƏSM tərəfindən əlillik dərəcəsi verilmişdir. Ona dövlət tərəfindən sosial müavinət təyin edilmişdir ki, həmin müavinət plastik kart vasitəsilə ödənilir. Oğlu Asimanın adına olan müvafiq kartın bankdan alınmasını, eləcə də onun adından qanunvericiliklə müəyyən edilmiş digər hərəkətləri onun üzərində qanunvericiklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumu həyata keçirə bilər. Bu səbəbdən də oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə və ərizəçinin nümayəndəsinəvəkilinə məlumat verilmiş, ərizəçi və ərizəçinin nümayəndəsi-vəkili məhkəmə iclasında iştirak etməmiş, ərizəçinin nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət etmiş, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iş üzrə təqdim edilmiş mövcud sübutlar əsasında işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə ərizəçinin və ərizəçinin iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 rəyini, yəni 09 dekabr 2005-ci il tarixdə doğulmuş X5 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmamasını nərərə alır və A.Qafarovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin A.Qafarovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 18 aprel 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 09 dekabr 2005-ci il tarixdə doğulmuş, atası X9, anası İddiaçıdır. 31 may 2024-cü il tarixli, 191 və 192 nömrəli arayışlardan görünür ki, X7 və İddiaçı Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla, orada yaşayırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, A.Qafarovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 09 dekabr 2005-ci ildə Rusiya Federasiyasında anadan olmuş X6 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(089)-234/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X2 10 sentyabr 2024-cü il tarixli, 351 saylı rəyində qeyd edilmişdir ki, X6 “Ağır dərəcəli əqli gerilik, davranış pozuntusu” psixi xəstəliyi vardır. Həmin şəxs öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından ərizəçi İddiaçı X5 anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 09 dekabr 2005-ci ildə Rusiya Federasiyasında doğulmuş X7 ərizəçi İddiaçı oğludur. X6 “Ağır dərəcəli əqli gerilik, davranış pozuntusu” psixi xəstəliyi vardır. X7 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 09 dekabr 2005-ci ildə Rusiya Federasiyasında doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 dekabr 2005-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar