Məhkəmə qərarları › İş №e-2(089)-260/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-260/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-260/2024 06.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, 04 iyul 2023-cü il tarixli, LEO000321 saylı müqavilə üzrə 155 manat borc, 23.25 manat cərimə borcu olmaqla, ümumilikdə 178.25 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, 0.40 manat xidmət haqqının Cavabdeh alınaraq, "Ferrum Kapital” QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "Ferrum Kapital” QSC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli, LEO000321 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 155 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 3 ay müddətinə ödəməyi öhdəsinə götürüb. "Ferrum Kapital” QSC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 155 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisiyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisiyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisiyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 155 manat əsas borcu, 23.25 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, X2 ilə Cavabdeh arasında 04 iyul 2023-cü il tarixli, LEO000321 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh 155 manat dəyərində nisyə mal satılmışdır. 04 iyul 2023-cü il tarixli, LEO000321 saylı Nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə olan ödəniş cədvəlindən görünür ki, 04 iyul 2023-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 155 manat olan mal, ödəniş müddəti 3 ay, aylıq ödəniş 52 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan ödəniş etməmiş, ödənilməmiş əsas borc 155 manat, cərimə pulu 23.25 manat təşkil edir. Həmçinin "Ferrum Kapital” QSC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 155 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Cavabdeh İddiaçı ASC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 25 iyul 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir İş materiallarına əlavə olunmuş 30 iyul 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "Ferrum Kapital” QSC-i və Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumilikdə 178.25 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 04 iyul 2023-cü il tarixli müqavilə üzrə 155 manat borc, 23.25 manat cərimə olmaqla, ümumilikdə 178.25 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, 0.40 manat xidmət haqqının əvəzi alınaraq "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar