Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-290/2025 29.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 27 noyabr 2024-cü il tarixi, AZL-5278 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 aprel 2025-ci il tarixə ödənilməmiş 226.21 manat gecikdirilmiş əsas, 302.82 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344.88 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 405 manat, ümumilikdə 1278.91 manat borc və ödənilmiş 32.79 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2024-cü il tarixli, AZL-5278 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 aprel 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 405 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-5278 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 aprel 2025-ci il tarixə ümumilikdə 873.91 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Zaur Zeynalova məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbini müdafiə etdiklərini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsini hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024- cü il tarixli AZL-5278 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı «Chevrolet Cobalt LTZ” minik markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9SA000208 ban nömrəli, ağ rəngli avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Lizinq müqaviləsinin əsas məbləğini 25850 manat təşkil edir. Lizinq Alan, müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 4500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 19 % həcmində mükafat məbləği hesablanır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cobalt” minik markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Chevrolet Cobalt” minik markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün 405 manat pul vəsaiti tələb edilir. xx.xx.2024-cü il tarixli AZL-5278 saylı “Daxili lizinq müqaviləsi”nin 3 saylı Əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 25.850 manat krediti hər ayın 27-dən gec olmayaraq 553.83 (sonuncu ay 553.49) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh xx.xx.2024-cü il tarixli AZL-5278 saylı “Daxili lizinq” müqaviləsinə əsasən borcunun olması barədə xəbərdar edilmiş, gecikmə borcunun ödənilməsi xahiş edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 27 noyabr 2024cü il tarixli AZL-5278 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 07 aprel 2025-ci il tarixə 226.21 manat gecikdirilmiş əsas, 302.82 manat gecikdirilmiş mükafat, 344.88 manat dəbbə pulu, ümumilikdə 873.91 manat borcu vardır. - BB seriyalı 669704 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt” minik markalı, ** YH *** dövlət qeydiyyat nişanlı, XWBJA69V9SA000208 ban nömrəli, ağ rəngli avtomobilin sahibi "xxxx" MMC-dir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 32.79 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 27 noyabr 2024-cü il tarixli AZL-5278 saylı “Daxili lizinq müqaviləsi” bağlanaraq "xxxx" MMC lizinq alanın sifariş etdiyi və həmin “Lizinq” Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni ”Chevrolet Cobalt” minik markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9SA000208 ban nömrəli, ağ rəngli avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh ödəniş cədvəlinə əsasən 60 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 25.850 manat krediti hər ayın 27-dən gec olmayaraq 553.83 (sonuncu ay 553.49) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əmlakı cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və müqavilədə nəzərdə tutulan məbləği ödəməmişdir. Belə ki, cavabdehin 226.21 manat gecikdirilmiş əsas, 302.82 manat gecikdirilmiş mükafat və 344.88 manat dəbbə pulu, 405 manat təmir xərci olmaqla ümumilikdə 1278.91 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbi əsaslıdır. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daxili lizinq” müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, müqavilə üzrə 344.88 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 344.88 manat məbləğində dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27 noyabr 2024cü il tarixli, AZL-5278 saylı “daxili lizinq” müqaviləsinə əsasən, 226.21 manat əsas borc, 302.82 manat gecikdirilmiş mükafat, 20 manat cərimə, avtomobilin təmir-bərpası üçün tələb edilən 405 manat, ümumilikdə 954.03 manat borc alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 32.79 manat məbləğində dövlət rüsumunun 24.46 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalı, 8.33 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220- ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27 noyabr 2024-cü il tarixli, AZL-5278 saylı daxili lizinq müqaviləsinə əsasən 226.21 manat əsas borc, 302.82 manat gecikdirilmiş mükafat, 20 manat cərimə, avtomobilin təmir-bərpası üçün tələb edilən 405 manat olmaqla, ümumilikdə 954.03 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 32.79 manat məbləğində dövlət rüsumunun 24.46 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, 8.33 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-290/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-290/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver