Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-441/2025 26.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mirasın qəbulu faktının və mirasdan payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 09 mart 2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin-mirasın onun tərəfindən faktiki sahiblik və idarə etməklə qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın bütün hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum atası X5 09 mart 2021-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Hazırda həmin mənzildə özləri yaşamır, kirayə vermişlər. Mənzilin bütün kommunal ödənişlərini-işıq, qaz, su, vergi və s. özü ödəyir. Miras əmlakın qəbul edilməsi ilə bağlı Notariat Ofisinə müraciət etmiş, lakin, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşi ilə bağlı miras əmlakı qanunla nəzərdə tutulan müddət ərzində qəbul edə bilməmişdir. Mərhum atası X4 vərəsələri o və anası Cavabdehdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, iddiaçı mərhum atası X3 qalan miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Culfa rayon Notariat Ofisinə müraciət etmiş, lakin Notariat Ofisinin müvafiq qərarı ilə qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən vərəsəliyin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna görə də iddiaçı mərhum atasından qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın bütün hissəsinə payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraicət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, mərhum həyat yoldaşı X5 09 mart 2021-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil o və oğlu İddiaçı miras qalmışdır. Hazırda həmin mənzildə yaşamırlar, mənzil kirayə verilmişdir. Mirasa oğlu sahiblik edir. Öz payından imtina edir, oğlunun həmin əmlakda payının tam müəyyən edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 801030 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 09 mart 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 mart 2021-ci il tarixdə 66 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 29.56 kv.m mənzil (daşınmaz əmlakın reyestr nömrəsi-**********39-05101-093036, qeydiyyat nömrəsi- **********) X4 adına daşınmaz əmlakın dövlət reyestrində 14/5 nömrəli reyestr kitabının 966 nömrəli vərəqində 27 oktyabr 2025-ci il tarixdə qeydiyyata alınmışdır. Culfa şəhər MİS-dən verilmiş 1457 nömrəli arayışdan görünür ki, həqiqətən X2 şəhəri, M.Əsgərov küçəsi, ev 15, mənzil 11-də yaşamış və 09 mart 2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri arvadı Cavabdeh və oğlu İddiaçıdur. “X7 Xidməti” PHŞ X8 Sistemlərinin İstismarı İdarəsi X11 Sistemlərinin istismarı şöbəsi tərəfindən verilmiş 504 nömrəli arayışdan görünür ki, mərhum X5 09 mart 2021-ci il tarixdə vəfat etdikdən sonar ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin su sərfiyyatına dair ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. Culfa şəhər MİS-dən verilmiş 1430 nömrəli arayışdan görünür ki, mərhum X5 09 mart 2021-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kommunal xidmətlərinə dair ödənişləri oğlu İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" ASC X9 tərəfindən verilmiş 142 nömrəli arayışdan görünür ki, mərhum X5 09 mart 2021-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin elektrik enerjisindən istifadəsinə dair ödənişlər oğlu İddiaçı tərəfindən ödənilmişdir. Culfa Rayon Qaz İstismar İdarəsi tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanı üçün 06198593 zavod nömrəli mexaniki sayğacın qaz alqısatqı müqaviləsi X4 adına bağlanmış və qaz ödənişləri X4 adına ödənilir. Culfa rayon Notariat Ofisinin “Notariat hərəkətinin aparılmasından imtina edilməsi” haqqında 03 dekabr 2025-ci il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən 09 mart 2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəliyin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 09 mart 2021-ci il tarixdə ölmüş, ölümündən sonra ünvan 1 ünvanında yerləşən mənzil oğlu İddiaçı və arvadı Cavabdeh miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Araşdırma zamanı müəyyən edilmişdir ki, X5 öldükdən sonra İddiaçı sözügedən miras əmlakı kirayə vermiş, mirası idarə etmiş, mirasdan imtina etməmişdir. Onun miras əmlaka sahiblik etməsi məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı miras açıldıqdan sonra miras əmlakdan istifadə etmiş, mirası idarə etmişdir ki, bu hallar da iddiaçının, cavabdehin izahatları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatın 99-cu bəndində qeyd edilmişdir ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: Vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası MM-in 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 09 mart 2021-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum Ə.Tahirov 09 mart 2021-ci il tarixdə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum Ə.Tahirovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhumun oğlu İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Qəbul edilmiş miras əmlak qüvvədə olan Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə miras əmlakdan iddiaçının payının müəyyən edilməsi ilə bağlı tələbə münasibətdə bildirir ki, iddiaçı mirası tamamilə qəbul etdiyindən, onun miras əmlakda payı tam hissədə müəyyən edilməlidir Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, atası Ə.Tahirovdan qalmış mirası faktiki olaraq qəbul etmiş, digər vərəsə- Cavabdeh mirası qəbul etməmiş, məhkəmə iclasında iştirak etmiş Cavabdeh həmçinin vərəsə olaraq payından imtina etdiyini, mirasa oğlunun sahiblik etdiyini, oğlunun həmin əmlakda payının tam müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı atası X5 2021-ci ildə öldükdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməmiş, lakin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 09 mart 2021-ci il tarixdə ölmüş X3 qalmış miras əmlakı, ünvan 1 ünvanında yerləşən mənzili qəbul etdiyindən İddiaçı miras əmlakda payı tam hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-441/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-441/2025
26.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver