Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-97/2025 07.03.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 470 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 500 manat pulun "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunan zaman 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X3 111 CDİ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə icbari sığrotalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və “X3 111 CDİ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan üzrə 470 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Baş vermiş sığorta hadisəsində dəymiş zərər zərərçəkən “X3 111 CDİ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortacısı "xxxx" ASC tərəfindən ödənilmiş, daha sonra həmin məbləğ qarşılıqlı hesablaşmaların tənzimlənməsi üçün nəzərdə tutulmuş “loto” sistemi vasitəsilə "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısına ödənilərək nəticədə 470 manatlıq sığorta ödənişinin "xxxx" ASC tərəfindən həyata keçirilməsi prosesi yekunlaşmışdır. Qeyd olunanlara əsasən, "xxxx" ASC tərəfindən 06 aprel 2024-cü il tarixli, 0483/24 nömrəli məktubla Cavabdeh qarşı 470 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan: Nizami rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:50-də “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törədilmiş əmələ görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 332.3-cü və 332.4-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Məmmədov X2 Xətalar Məcəlləsinin 327.2-ci, 332.3-cü və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş CCL-Z-0665/2023 saylı sığorta aktına əsasən “X3 111 CDİ” markalı avtomobilə 470 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın surətinə əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən “Chevrolet Cruze” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək əmlaka dəyən zərər üzrə 5.000 manat, sağlamlığa vurulan zərərə görə ,bir şəxs üçün 5000 manat və bir hadisə üzrə 50.000 manat dəyərində sığorta olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 174257 saylı zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “X3 111 CDİ” markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 470 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən həyata keçirilən 470 manat sığorta ödənişinin 7 iş günü ərzində iddiaçıya qaytarılması tələb edilmiş, əks təqdirdə 7 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institutunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 dispozitiv şərt mövcuddur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, “X3 111 CDİ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş hadisə nəticəsində "xxxx" ASC tərəfindən “X3 111 CDİ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan üzrə 470 manat sığorta ödənişi həyata keçirilmişdir. Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 332.3-cü və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh 470 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş, lakin cavabdeh tələbi təmin etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə, baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC-nin subroqasiya qaydasında ödədiyi 470 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 470 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh 470 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumu, cəmi 500 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X1 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov