Məhkəmə qərarları › İş №e-2(090)-110/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-110/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-110/2024 06.06.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 470 (dörd yüz yetmiş) manat əsas borcun və gecikdirilmiş peniya pulu olan 50 (əlli) manatın, nəticə etibarı ilə ümumilikdə 520 (beş yüz iyirmi) manat pulun və iddia qaldırmaq üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 aprel 2021-ci il tarixdə 150 nömrəli kredit-satış müqaviləsi bağlamışlar. 20 aprel 2021-ci il tarixli, 150 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Samsung” J6 markalı telefonu 6 aylıq kreditlə 600 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 130 manat ödənilmiş, lakin hazırda qalan 470 manat borcunu ödəməkdən imtina edir. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. İddiaçının nümayəndəsi Nümayəndə telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı iddiaçının nümayəndəsi Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə onlar tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Buna görə də iddiaçının nümayəndəsi ciddi maddi itkilərlə qarşılaşmışdır. Əlavə olaraq nümayəndə iddia tələbində Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Cavabdehin yuxarıda qeyd olunan 20 aprel 2021-ci il tarixli, 150 nömrəli müqavilədən yaranan 470 manat əsas borcu vardır. Müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 50 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçınə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə “23” may 2024-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək hazırda işi ilə əlaqədar xaricdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia ərizəsində və ona qoşma sənədlərdə işin faktiki halları ilə bağlı bütün fikirlərini qeyd etdiyini, iddia tələbi ilə əlaqədar heç bir əlavələrinin və sübutlarının olmayacağını, məhkəmənin hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş 20 aprel 2021-ci il tarixli, 150 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Samsung” J6 markalı telefon olan əşyanın alğısatqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-1.4-cü bəndlərinə əsasən mal müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”-də qeyd olunmuş malları müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, sayı, çeşidi Əlavə 1-də göstərilən əmtəədir. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Malın təhvil verilməsi əgər təklifdə fərqli qeyd-şərt yoxdursa, malın satıcının ünvanında alıcıya tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş “Təhvil-təslim aktı” və digər sənədlər əsasında alıcıya təhvil verilir. “Təhvil-təslim aktı” sifarişlərin yerinə yetirilməsini təsdiqləyən sənədlərdir. Təklif müqavilənin bağlanması anınadək malın növü, çeşidi, çəkisi, qiyməti, çatdırılma şərtləri və müddəti, digər əlamətləri və xarakterik xüsusiyyətlərini özündə əks etdirən sənəddir və tərəflər arasında elektron poçt və s İnformasiya Kommunikasiya Texnologiyaları vasitələri ilə iki tərəfli olaraq razılaşdırılan oferta və aksept barədə sənəddir. Təklif müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən malları verməyi (satmağı), alıcı isə müvafiq olaraq həmin malı qəbul etdikdən sonra müqavilədə göstərilən malın ümumi məbləğini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə-2-ödəniş cədvəlində göstərilən qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə malların qiyməti, malların ümumi dəyəri 850 manat təşkil edir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə-2 ödəniş cədvəlində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə, alıcı müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi satıcıya ödəməlidir. Müqavilənin yekun müddəalar adlanan 7-ci maddəsinə əsasən müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalandığı andan qüvvəyə minir və alqı-satqı prosesi başa çatdıqdan sonra və müqavilə üzrə ödənişlər alıcı tərəfindən tam həyata keçirildikdən sonra qüvvədən düşmüş hesab olunur. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli, 150 nömrəli müqavilə üzrə malın və məlumatın təsdiq edilməsi protokoluna Əlavə №1-dən görünür ki, Cavabdeh “Samsung” J6 markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Müqaviləyə əlavə edilmiş protokoldan görünür ki, alıcı İddiaçı MMC-dən dəyəri 600 manat olan markası (“Samsung” J6) mobil telefonunu razılaşaraq 6 ay müddətinə kreditlə alır. Alınan malın 50 manat nağd qaydada, qalan borcun 550 manatını isə ödəniş cədvəli üzrə cavabdeh 20 may 2021-ci il tarixdən başlayaraq 20 oktyabr 2021-ci il tarixədək hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh 13 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə qalıq borcu İddiaçınə ödəməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyanın pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək məbləği gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Cavabdeh kredit-satış müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də onun kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. İddiaçı cavabdehə qarşı iddia tələbində 20 aprel 2021-ci il tarixli, 150 nömrəli müqavilə üzrə 470 (dörd yüz yetmiş) manat əsas və 50 (əlli) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 520 (beş yüz iyirmi) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddia tələbinin 20 aprel 2021-ci il tarixli, 150 nömrəli müqavilə üzrə 50 (əlli) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 20 aprel 2021-ci il tarixli, 150 nömrəli müqavilə üzrə 50 (əlli) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 23,5 (iyirmi üç manat, əlli qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 aprel 2021-ci il tarixli, 150 nömrəli nömrəli müqavilə üzrə 470 (dörd yüz yetmiş) manat əsas və 23,5 (iyirmi üç manat, əlli qəpik) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 493,5 (dörd yüz doxsan üç manat, əlli qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28,5 (iyirmi səkkiz manat, əlli qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 aprel 2021-ci il tarixli, 150 nömrəli müqavilə üzrə 470 (dörd yüz yetmiş) manat əsas və 23,5 (iyirmi üç manat, əlli qəpik) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 493,5 (dörd yüz doxsan üç manat, əlli qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28,5 (iyirmi səkkiz manat, əlli qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar