Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-147/2025 14.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 100 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 10 manatın, nəticə etibarı ilə ümumilikdə 110 (yüz on) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 avqust 2023-cü il tarixdə 77 nömrəli kredit-satış müqaviləsi bağlamışlar. 10 avqust 2023-cü il tarixdə 77 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Nokia” markalı telefonu 2 aylıq kreditlə 150 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 50 manat ödənilmiş, lakin hazırda qalan 100 manat borcunu ödəməkdən imtina edir. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə onlar tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Buna görə də ciddi maddi itkilərlə qarşılaşmışdır. Əlavə olaraq Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır, geniş müştəri dairəsi var, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Cavabdehin yuxarıda qeyd olunan 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilədən yaranan 100 manat əsas borcu vardır. Müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 10 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən “Nokia” markalı telefon almış, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Nokia” markalı telefon olan əşyanın alğısatqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-1.4-cü bəndlərinə əsasən mal müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”-də qeyd olunmuş malları müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, sayı, çeşidi Əlavə 1-də göstərilən əmtəədir. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Malın təhvil verilməsi əgər təklifdə fərqli qeyd-şərt yoxdursa, malın satıcının ünvanında alıcıya tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş “Təhvil-təslim aktı” və digər sənədlər əsasında alıcıya təhvil verilir. “Təhvil-təslim aktı” sifarişlərin yerinə yetirilməsini təsdiqləyən sənədlərdir. Təklif müqavilənin bağlanması anınadək malın növü, çeşidi, çəkisi, qiyməti, çatdırılma şərtləri və müddəti, digər əlamətləri və xarakterik xüsusiyyətlərini özündə əks etdirən sənəddir və tərəflər arasında elektron poçt və s İnformasiya Kommunikasiya Texnologiyaları vasitələri ilə iki tərəfli olaraq razılaşdırılan oferta və aksept barədə sənəddir. Təklif müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən malları verməyi (satmağı), alıcı isə müvafiq olaraq həmin malı qəbul etdikdən sonra müqavilədə göstərilən malın ümumi məbləğini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə-2-ödəniş cədvəlində göstərilən qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə malların qiyməti, malların ümumi dəyəri 150 manat təşkil edir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə-2 ödəniş cədvəlində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə, alıcı müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi satıcıya ödəməlidir. Müqavilənin yekun müddəalar adlanan 7-ci maddəsinə əsasən müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalandığı andan qüvvəyə minir və alqı-satqı prosesi başa çatdıqdan sonra və müqavilə üzrə ödənişlər alıcı tərəfindən tam həyata keçirildikdən sonra qüvvədən düşmüş hesab olunur. İş materiallarında olan 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilə üzrə malın və məlumatın təsdiq edilməsi protokoluna Əlavə №2-dən görünür ki, Cavabdeh “Nokia” markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Müqaviləyə əlavə edilmiş protokoldan görünür ki, alıcı İddiaçı MMC-dən dəyəri 150 manat olan markası (“Nokia”) mobil telefonunu razılaşaraq 2 ay müddətinə kreditlə alır. Alınan malın 50 manat nağd qaydada, qalan borcun 100 manatını isə ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh 17 iyul 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə qalıq borcu İddiaçınə ödəməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilə üzrə 100 (yüz) manat əsas və 10 (on) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 110 (yüz on) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilə üzrə 10 (on) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilə üzrə 10 (on) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 5 (beş) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilə üzrə 100 (yüz) manat əsas və 5 (beş) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 105 (bir yüz beş) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28,63 (iyirmi səkkiz manat, altmış üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 avqust 2023-cü il tarixdə 77 nömrəli müqavilə üzrə 100 (yüz) manat əsas və 5 (beş) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 105 (bir yüz beş) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28,63 (iyirmi səkkiz manat, altmış üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim əvəzi: Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(090)-147/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-147/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver