Məhkəmə qərarları › İş №e-2(090)-207/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-207/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-207/2024 09.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixinə yaranmış 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 219.2 (iki yüz on doqquz manat, iyirmi qəpik) manat əsas, 32.8 (otuz iki manat, səksən qəpik) manat cərimə ümumilikdə 252 (iki yüz əlli iki) manat məbləğində borcun, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə aylıq ödəniş məbləği 64 manat olmaqla “Samsung” markalı telefon və akumluyator verilmişdir. Cavabdehnın müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İRŞAD-ELECTRONİCS” MMC qarşısında 820.90 manat ödənilməmiş əsas borcu, 328 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********76659 olan “Samsung” A525 LİGHT Violet markalı telefon və akumluyatoru almış, müqavilənin şərtlərinə görə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında İMEİ kodu **********76659 olan “Samsung” A525 LİGHT Violet markalı telefon və akumluyator olan əşyaların nisyə alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə görə satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetidir. Müqavilənin 3.1, 3.1.2, 3.2 və 3.2.4-cü bəndlərinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməyi, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul etməyi öz öhdəsinə götürür; Müqavilənin 3.3.1-ci maddəsinə görə satıcının alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd edilən müqavilənin 4.3 və 4.4-cü bəndləri ilə müəyyən edilir ki, həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Alıcı borc məbləğinin geri qaytarılması ilə əlaqədar yarana biləcək bütün məhkəmə və digər xərcləri ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə isə bu müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İddia ərizəsinə əlavə edilmiş 06 may 2021-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə qeyd edilən əşyaları cavabdehə vermişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Həmçinin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 06 iyun 2021-ci il tarixdən başlamaqla iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 06 may 2022-ci il tarixədək hər ay 64 (altmış dörd) manat və sonuncu ay isə, yəni 2022-ci ilin may ayının 6-dək 54 (əlli dörd) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 19 avqust 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdehnın həmin tarixə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 219.2 manat əsas və 328 manat cərimə borcu olmaqla, cəmi 547.20 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Şada kəndində qeydiyyatdadır. İddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi əşyalar üzrə borcun qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, alqı-satqı müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu alqı-satqı müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehin alqı-satqı müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. İddiaçı cavabdehə qarşı iddia tələbində 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 219.2 (iki yüz on doqquz manat, iyirmi qəpik) manat əsas və 32.8 (otuz iki manat, səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 252 (iki yüz əlli iki) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 32.8 (otuz iki manat, səksən qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 32.8 (otuz iki manat, səksən qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 10.96 (on manat doxsan altı qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 219.2 (iki yüz on doqquz manat, iyirmi qəpik) manat əsas və 10.96 (on manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 230.16 (iki yüz otuz manat, on altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 27,4 (iyirmi yeddi manat, qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 219.2 (iki yüz on doqquz manat, iyirmi qəpik) manat əsas və 10.96 (on manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 230.16 (iki yüz otuz manat, on altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 27,4 (iyirmi yeddi manat, qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar