Məhkəmə qərarları › İş №e-2(090)-260/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-260/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-260/2025 29.12.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət Cavabdeh ilə imzalanmış 01 iyun 2020-ci və 11 sentyabr 2020-ci il tarixli müqavilənin ləğv olunmasını, “Sampo Roserlew SR-2065” markalı kombaynın və OROS 3 4R markalı xeyderin Cavabdeh alınaraq "xxxx" ASC-ə qaytarılmasını, texnikanın istifadəsi üçün müqaviləyə əsasən kombayna ödənilməli olan 7500 (min səkkiz yüz beş) manat, xeyderə ödənilməli olan 4007 (dörd min yeddi) manat lizinq haqqı və müqavilənin 4.1.2-ci maddəsinə əsasən 265 (iki yüz altmış beş) manat komisyon haqqı daxil olmaqla, ümumilikdə 11771 (on bir min yeddi yüz yetmiş bir) manatın Cavabdeh tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında açılmış bank hesabına ödənilməsini və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.3-ci maddəsinə əsasən tərəfimizdən ödənilən 126.86 (yüz iyirmi altı manat səksən altı qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" ASC-ə tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbində göstərmişdir ki, Cavabdeh ilə öz əsasnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC (cari adı "xxxx" ASC) Baş direktoru X2 və öz əsasnaməsi əsasında fəaliyyət göstərən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı Naxçıvan filialının müdiri X3 arasında müqavilə azadlığı prinsipinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən 01 iyun 2020-ci, 11 sentyabr 2020-ci il tarixlərində Naxçıvan şəhərində "xxxx" ASC-nin hesabına alınan “Kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə” müqavilə imzalanıb. Müqaviləyə əsasən ümumi dəyəri 158.000 (bir yüz əlli səkkiz min) manat olan “Sampo Rosenlew SR-2065” markalı kombayn və dəyəri 35000 (otuz beş min ) manat olan OROS 3 4R markalı qarğıdalı biçən xeyder (dörd cərgəli) Cavabdeh icarəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2014-cü il tarixli 77 saylı qərarı ilə "xxxx" ASC tərəfindən lizinq yolu ilə satılan texnikaya güzəştin tətbiq olunması qaydalarına uyğun olaraq, hər iki texnikanın ilkin dəyərlərinə , yəni kombayna müəyyən edilmiş dəyəri 158000 ( bir yüz əlli səkkiz min) manatdan avans olaraq 31000 (otuz bir min) manat, xeyderə müəyyən edilmiş dəyəri 35000 (otuz beşmin) manatdan avans olaraq 7000 (yeddi min) manat Cavabdeh tərəfindən ödənilmişdir. Dövlət tərəfindən kombayna tətbiq olunmuş 40% 63200 (altmış üç min iki yüz mant) manat, xeyderə tətbiq edilmiş 40% 14000 (on dörd min) manat güzəşt ödənilmişdir. Güzəştdən sonra kombayna ödəniləcək 63200 (altmış üç min iki yüz manat) manat 2021-2025-ci illər daxil olmaqla 7500 (yeddi min beş yüz) manat, 2024-2029-cu illərə qədər isə hşr il 6640 (altı min altı yüz qırx) manat , xeyderə ödəniləcək 14000 (on dörd min) manat 2021-2025-ci illər daxil olmaqla 1700 (bir min yeddi yüz) manat, 2026- 2029-cu illərə qədər isə hər il 1375 (bir min üç yüz yetmiş beş) manat ödənilməsi şərtilə lizinq yolu ilə icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.1 -ci maddəsinə əsasən lizinq alan, yəni Cavabdeh texnikaları icarəyə götürdüyü ildən 10 (on) il müddətinə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı Naxçıvan filialında bu məqsəd üçün açılmış xüsusi bank hesabına nəğd və köçürmə yolu ilə ödəniş qrafikində göstərilən məbləğdə və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.2-ci maddəsinə əsasən lizinqə götürüləcək texnikaların dəyəri ödənilərkən agent bank xidmətinə görə “Aqrarkredit” Səhmdar Kredit təşkilatının Naxçıvan filialına əlavə olaraq Nazirlər Kabinetinin 22 aprel 2003-cü il tarixli 53 nömrəli qərarına uyğun olaraq hər bir ödənişə görə 2.3 % komisyon haqqı ödəməlidir. Cavabdeh tərəfindən müqavilə qüvvəyə mindiyi 01 iyun 2020-ci il tarixindən bugünədək kombayna 60256 (altmiş min iki yüz əlli altı) manat ödəniş edilmişdir və ödəniş qrafikinə əsasən 34544 (otuz dörd min beş yüz qırx dörd) manat, xeyder üçün isə 11 sentyabr 2020-ci il tarixdən bugünədək 11493 (on bir min dörd doxsan üç) manat ödəniş edilmiş və 9507 (doqquz min beş yüz yeddi) manat qalıq borcu yaranıbdır. Ödəniş qəbzlərindən də göründüyü kimi cavabdeh ) Cavabdeh müqavilənin şərtlərini pozmuş və müqavilədən irəli gələn öhdəliklərin icrasından qərəzli olaraq yayınmışdır. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən lizinq verən “lizinq alan” tərəfindən müqavilənin şərtləri pozulduqda, o cümlədən qrafik üzrə icarə haqqı ödənilmədikdə, ona yazılı surətdə xəbərdarlıq etməklə müqavilənin ləğv edilməsi, texnikanın lizinq alandan geri alınması, lizinq alan tərəfindən texnikadan istifadə edilən müddət üçün ödənilməli olan lizinq haqqının və texnikaya dəyən zərərin ödənilməsi tələbi ilə müvafiq məhkəmə orqanarına müraciət edə bilər. Müqavilənin 2.2.8-ci maddəsinə əsasən texnikanın icarə haqqı ödəniş qrafikinə uyğun ödənilmədikdə, istifadə etdiyi müddət üçün icarə haqqı üzrə borclar ödənilədək texnikanın istismarını lizinqə verənin tələbi ilə müvəqqəti dayandırır. Müqavilənin 7.2-ci maddəsinə əsasən mübahisələr qarşılıqlı razılaşma ilə həll olunmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Cavabdehlə mübahisənin razılaşma əsasında həllinə nail olunmamışdır və tərəfimizdən ona bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədənkənar həllinə nail olunmamışdır. Eyni zamanda cavabdehin ünvanına müqavilədən gələn öhdəliklərin icrası tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdehlə əlaqə saxladıqda isə hazırda texnikalara ödəniş qabiliyyətinin olmadığını bildirmişdir. "xxxx" ASC-nin hesabına alınan Kənd Təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 01 iyun 2020-ci və 11 sentyabr 202-ci il tarixlərində, Naxçıvan şəhərində bağlanmış müqavilənin 2.1.8-ci maddəsinə əsasən müqavilənin ləğv olunmasını, texnikanın Cavabdeh geri alınmasını və texnikadan istifadə edilən müddət kombayn üçün ödənilməli olan 7500 (yeddi min beş yüz) manat, xeyder üçün ödəniməli olan4007 (dörd min yeddi mant) lizinq haqqı və müqavilənin 4.1.2-ci maddəsinə əsasən 265 (iki yüz altmış beş) manat komisyon haqqı daxil olmaqla, ümumilikdə 11771 (on bir min yeddi yüz yetmiş bir) manatın Cavabdeh tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan Filialında bu məqsəd üçün açılmış xüsusi bank hesabına ödənilməsini tələb edirəm. İddia tələbinin əsaslığını təsdiq edən sənədlər siyahısına tərəflər arasında 01 iyun 2020-ci və 11 sentyabr 202-ci il tarixlərində Naxçıvan şəhərində bağlanmış lizinq müqaviləsinin surəti, texnikanın təhvil aktının surəti, qeydiyyat şəhadətnaməsinin surəti,ödəniş qəbzlərinin surəti və Cavabdeh göndərilən xəbərdarlıq məktubunun surəti aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 -ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır və həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki qanunvericiliyin 747.1-ci maddəsinə əsasən lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq verənin lizinq alandan öhdəliklərin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə vurulmuş zərərin əvəzinin məhkəmə qaydasında tələb etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektlərindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmirsə lizinq verənin lizinq obyektlərini geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli şəkildə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iclaslasında iştirak edən iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etirazında mübahisənin kommersiya məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iddiaya qarrşı etirazını nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, tərəflər arasında 01 iyun 2020-ci tarixli və 11 sentyabr 2020-ci il tarixli müqavilə ilə “Sampo Roserlew SR-2065” markalı kombaynın və OROS 3 4R markalı xeyderin lizinq müqaviləsi imzalanmışdır. Eyni zamanda tərəflərin elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlarına əsasən, iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxsin (**********) “VÖEN” hesabı var və aktivdir, həmçinin Cavabdeh (Cavabdeh) “VÖEN” hesabı var və fəaliyyətini müvəqqəti dayandırmış statusundadır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis“ Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridirlər. Belə ki, Belə ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis“ ASC kommersiya hüquqi şəxsi, cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata və Cavabdeh iddia ərizəsinə etirazına əsasən müəyyən edilir ki, o, lizinq predmeti olan “Sampo Roserlew SR-2065” markalı kombaynın və OROS 3 4R markalı xeyderin sahibkarlıq fəaliyyətində istifadə edilməsi məqsədilə iddiaçı ilə müqavilə bağlayaraq ondan kombayn və xeyder lizin qaydasında almışdır. Məhkəmə hesab edir ki, iddiaçı kommersiya hüquqi şəxsi olmaqla, onun sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması, eyni zamanda, cavabdehin fərdi sahibkar olması və mübahisə predmeti olan “Sampo Roserlew SR-2065” markalı kombaynın və OROS 3 4R markalı xeyderin fərdi sitehlak üçün istifadəsi istisna olunduğundan məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar alması, yəni hər iki tərəfin niyyətinin gəlir əldə etmək olması müəyyən edildiyindən, hazırkı işə Şahbuz Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 1.1.-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin qeyd hissəsinə görə Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.-cı maddəyə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40- 2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1.-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4 və 32.7.-ci maddələrinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 31,32, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar